
Sabirabad şəhər sakini, üç uşaq atası Cəbrayıl Sərəstan oğlu Həsənov banka olan borcunu ödəyə bilmədiyi üçün özünü Surra kəndində, Kür çayının üstündəki körpüdən asıb. Mərhum intihar etmədən əvvəl yazdığı məktubda maddi imkansızlıqdan atasına layiqli övlad ola bilmədiyi üçün əzab çəkdiyini, banklara olan borcunu ödəyə bilmədiyi üçün çıxış yolunu intihar etməkdə gördüyünü yazıb.
Hadisəyə münasibət bildirən Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov SalamNews-a açıqlamasında deyib ki, "ilk növbədə, bu şəxsin bankdan kredit götürməyinin səbəbini araşdırmaq lazımdır": “Bu gün rayon və kəndlərdə vətəndaşların çoxu banklara aludə olub. Onlar, hətta adi bir texnikaya görə kredit götürürlər.
Məsələ burasındadır ki, bu gün insanların dünyagörüşlərində problem var. Bu istiqamətdə maarifləndirmə işi aparılmalıdır. Xüsusilə də banklar bu məqama diqqət yetirməlidir. İnsanlar rahat həyata çox həris olublar, onlar yalnız bu gün üçün yaşayırlar; kredit götürərkən sonradan bunu ödəməkdə çətinlik çəkəçəklərini düşünmürlər."
Bu intihar hadisəsi ilə bağlı məsuliyyətin hansı tərəfin – intihar edən şəxsin yoxsa bankın üzərinə düşməyi məsələsinə toxunan psixoloq deyib6 "Bu məsələdə bankın üzərinə heç bir məsuliyyət düşmür. Əsas məsuliyyət intihar edən şəxsin üzərinə düşür.
Artıq ölkədə sözügedən mövzu ilə bağlı mənfi tendensiya yaranıb.
Düşünrəm ki, vətəndaş yalnız zəruri ehtiyacları üçün kredit götürməlidir.
E.Rüstəmovun hadisə ilə bağlı mövqeyi belə oldu: "Zərurətdən banklara müraciət edənlərin sayı getdikcə artır. Bu da problemin əsas köküdür. Bəziləri isə rahat yaşayışları üçün bu metoda əl atırlar. Kəndlərdə və rayonlarda araşdırma aparsaq, görərik ki, bir çox yerlərdə vətəndaşlar bu günədək Rusiyadan gələn gəlirlər hesabına yaşayıblar və bu səbəbdən də işləməməyi özlərinə həyat tərzi seçiblər. İndi də deyirlər ki, iş yoxdur. Əslində isə iş var, işləmək istəyən yoxdur. Bu insanların bir çoxu kənd və rayon mərkəzlərindəki çayxanalarda oturaraq, qlobal siyasi məsələləri "həll etməklə" məşğul olurlar. Əslində isə onlar əkin əkməklə, heyvandarlıqla məşğul olmaqla ailələrinə daha çox xeyir verə, götürdükləri kreditləri sərfəli işlərə sərf edə bilərlər."
Müsahibimizin fikrincə, intihar hallarının artmağı millətin genofonduna vurulan ən ağır zərbədir: “İntihar hallarının sayını azaltmaq üçün bu məsələləri tənzimləmək lazımdır."








