"Sabah"ın litvalı baş məşqçisi Valdas Dambrauskas Azərbaycanda "qızıl dubl" müəllifi olan ilk legioner mütəxəssis olub.
"Report" Peşəkar Futbol Liqasına istinadaən xəbər verir ki, Misli Premyer Liqasının qalibi adını mövsüm başa çatmadan təmin edən Bakı təmsilçisi Azərbaycan Kubokunun finalında "Zirə"yə qalib gəlib – 2:1.
İlk dəfə "qızıl dubl"a imza atan "Sabah" eyni mövsümdə Azərbaycan çempionatı və kubokunun qalibi adını qazanan 5-ci komanda kimi tarixə düşüb.
Əvvəlki mövsümlərdə 4 klub ümumilikdə 11 dəfə "qızıl dubl" gerçəkləşdirib. "Qarabağ" hamıdan çox – 6 dəfə (1993, 2014/2015, 2015/2016, 2016/2017, 2021/2022, 2023/2024) bunu bacarıb. "Neftçi"nn hesabında 3 (1995/1996, 2003/2004, 2012/2013) "qızıl dubl" var. "Sabah" kimi hərəyə bir dəfə belə uğura sevinən "Kəpəz" 1997/1998, "Xəzər Lənkəran" 2006/2007 mövsümündə hər iki titulu qazanıb.
Əvvəlki 11 belə uğura yerli baş məşqçilər imza atıb. Qurban Qurbanov 5 (2014/2015, 2015/2016, 2016/2017, 2021/2022, 2023/2024), Kazbek Tuayev (1995/1996, 2003/2004) və Ağasəlim Mircavadov (1993, 2006/2007) hərəyə iki, Mehman Allahverdiyev (1997/1998) və Böyükağa Hacıyev (2012/2013) bir dəfə rəhbərlik etdiyi komanda ilə buna nail olub.








