"Məlumdur ki bu cür cərimələrin tətbiqi çox çətin olacaq. Hamı evinin, darvazasının qarşısında avtomobilini saxlayır. Başqa cür mümkün deyil".
Bu sözləri "Sherg.az"a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirib.
Qeyd edək ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən, dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən özbaşına istifadə, yəni sənədsiz zəbt və ya icazəsiz istifadə inzibati məsuliyyət yaradır. Fiziki şəxslər üçün cərimə adətən 300 manatdan 600 manatadək, vəzifəli şəxslər üçün 600 manatdan 1 000 manatadək, hüquqi şəxslər üçün isə daha yüksək məbləğlərdə nəzərdə tutulur. Bundan əlavə, qanunsuz istifadə olunan sahənin boşaldılması da tələb oluna bilər. İddia olunur ki, bu cərimələri aidiyyəti qurumlar tətbiq edir. Etiraf edək ki, sakinlər tərəfindən yaşadıqları evin və ya binanın qarşısında hasar çəkmək, ağac, gül əkmək və ərazini çəpərləmək ənənəsi var. Eləcə də sakinlər avtomobillərini darvaza önündə, küçədə saxlayır. İndi belə çıxır ki, kimsə maşınını küçədə, qapı önündə saxlasa cərimə ediləcək. Vətəndaş darvazasının önündə maşın saxlamaq üçün ya icra hakimiyətindən, ya da yerli bələdiyyədən icazə almalıdır.
Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov isə qeyd etdi ki, bu cərimələrin tətbiqi çətin olacaq:
- Sosial şəbəkələrdə bu haqda xəbərlər yayılır. Hamı bilir ki, bu belə deyil də. Hər kəs öz həyətində də, evinin qarşısında da maşın saxlaya bilir, bununla bağlı hər hansı məhdudiyyət mövcud deyil. Cərimələrin tətbiqi ərazilərin qanunsuz zəbt edilməsi, digər hərəkət iştirakçılarına maneə yaradan hallar olduqda baş verə bilər.









