
İnquş əsilli rusiyalı neft maqnatı Mixail Qutseriyev Azərbaycandakı aktivlərini İsveçrənin “Glencore” treyder şirkətinə satır.
Virtualaz.org saytı Rusiyanın biznes mediasına istinadən xəbər verir ki, “Glencore” şirkəti Mixail Qutseriyevə məxsus “Russneft” və “Neftis” şirkətlərinin birləşməsindən ibarət şirkətin səhmlərinin 6 faizinə sahib olacaq. Bununla da “Russneft” “Glencore” şirkəti qarşısındakı 1 milyard dollarlıq borcunu qapada biləcək.
“Neftis” şirkəti Qutseriyevin Azərbaycan, Qazaxıstan və Rusiyadakı aktivlərinə nəzarət edir.
“Glencore” şirkəti İsveçrədə fəaliyyət göstərir və dünyanın ən iri xammal treyderi şirkətidir. Onun illik dövriyyəsi 120 milyard dolları keçir. “Glencore” dünyanın ən qaranlıq şirkəti hesab olunur. Onun fəaliyyətinin miqyası və sahiblərinin kimliyi böyük ölçüdə qaranlıqdır.
Ekspertlərin qənaətinə görə, bu variant hər iki tərəfə faydalıdır və perspektivdə Qutseriyev birləşmiş şirkətinin hamısını “Glencore” şirkətinə sata bilər.
Mixail Qutseriyev sövdələşməni təsdiq edərək deyib ki, hazırda danışıqlar aparılır. Lakin o, səhmlərin neçə faizinin “Glencore” şirkətinə satılacağını dəqiqləşdirməyib.
“Neftis” şirkətini də “Russneft” kimi Mixail Qutseriyev təsis edib. Bu şirkət 2008-ci ildə yaradılıb. Həmin vaxt biznesmen Rusiyadan qaçmışdı və Londonda idi. 2007-ci ildə ona qarşı vergidən yayınma ittihamı ilə cinayət işi qaldırılmışdı. Deyilənlərə görə, səbəb Qutseriyevin İnquşetiyada Kremlin siyasətinə müxalif fəaliyyəti idi.
Qutseriyevin Azərbaycanda da güclü əlaqələri var. O, Rusiyadan qaçandan az sonra oğlu Moskvada müəmmalı qəzada həlak oldu. Qutseriyevin oğlunun cənazəsi Azərbaycan hakimiyyətinin ən yüksək səviyyəli dəstəyi ilə Moskvadan Bakıya gətirildi və biznesmen oğlu ilə Bakıda vidalaşmalı oldu. Daha sonra o, bir müddət Bakıda gizlənmişdi və Rusiya mətbuatının yazdığına görə, prezidentin mühafizə xidmətinin rəhbəri, general Bəylər Əyyubovun himayəsində idi.
Qutseriyev Rusiyadan qaçanda “Russneft”i tələm-tələsik satmışdı. O, Londonda beynəlxalq axtarışda ola-ola yeni şirkət təsis etdi və Qazaxıstan, Azərbaycan və Mavritaniyada yeni neft aktivləri aldı. Bundan əvvəl isə “Russneft”in Azərbaycanda iki neft yatağına dair müqaviləsi mövcud idi. Şirkət 2006-cı ilin dekabrında Bakıda ARDNŞ-lə “Hövsan-Zığ” və “Zığ” yataqlarının istismarına dair hasilatın pay bölgüsü prinsipi əsasında müqavilə bağlayıb.
2008-ci ildə Qutseriyevin offşor şirkəti “Global İnvestment Energu” (sonradan bu şirkət “Naftis”in tərkibinə daxil edilib) Azərbaycanın 4 neft yatağında qazma işləri aparmaqla bağlı lisenziyaya malik iki şirkətin səhmlərini alıb. Söhbət “Mişovdağ” və “Kəlaməddin” yataqlarının operatoru “Karasu Operating Companu”nin 85, “Padar” və “Harami” yataqlarının operatoru “Kura Valley Operating Companu”nin 80 faizlik aksiyalarından gedir. Səhmlərin qalanı ARDNŞ-in olub.
O vaxt ARDNŞ-dən bu sövdələşmələri təsdiqləsələr də “Global İnvestment Energu”nin Qutseriyevə məxsus olduğunu bilmədiklərini demişdilər.

Bununla belə ARDNŞ rəhbərliyi 2008-ci il, fevralın 3-də M.Qutseriyevin başqasının adına şərti olaraq yaratdığı, öz strukturlarında “Abşeron Operating Companu Limited” (“Zığ” və “Hövsan” yataqlarını işləyir), “Karasu Operating Companu” (“Kəlamətdin” və “Mişovdağ”), “Kura Valey Operating Companu” (“Padar-Hərəmi”), “Neftçala İnvestments Limited” (“Neftçala”, “Xıllı”, “Durovdağ-Bazanan”), “Binagadi Oil Companu” (“Binəqədi”, “Qırmakı”, “Çaxnaqlar”, “Sulutəpə”, “Masazır”, “Fatmayı”, “Şabandağ” və “Sianşor”) şirkətlərini birləşdirən “Qlobal Enerji Azərbaycan Ltd.” ilə hasilatın pay bölgüsü (HPB) tipli 16 yatağın işlənməsi üzrə 2 neft kontraktı imzalayıb.
Sazişin imzalanması ictimaiyyətdən may ayına qədər gizli saxlanılıb. Belə bir müqavilənin olması ancaq kontraktların parlament tərəfindən ratifikasiyası zamanı ortaya çıxıb. Azərbaycan tərəfindən sazişə Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev imza atıb. Xarici şirkət tərəfindən isə hər iki müqaviləni eyni şəxs - Rusiya Federasiyasının (RF) vətəndaşı İqor İvanoviç Kirdoda imzalayıb. Müqavilələrdə ARDNŞ-in payı 20, xarici şirkətin payı isə 80 faiz təşkil edib.
İqor Kirdoda 2008-ci ilin aprel ayında Vergilər Nazirliyində qeydiyyatdan keçən “Şirvan İnvestments Limited” şirkətinin (Virgin adalarının Britaniyaya aid hissəsində qeydə alınıb) Bakı filialının rəhbəri kimi təqdim olunur. Bu arada “Kürovdağ” yatağının işlənməsi çərçivəsində 2008-ci ilin aprel ayında Virgin adalarının Britaniyaya aid hissəsində “Şirvan Operating Compani” adlı şirkət də qeydə alınıb. Sözügedən şirkətin rəhbəri də Rusiya vətəndaşı Nail Qaripovdur.
İstər İqor Kirdoda, istərsə də Nail Qaripov M.Qutseriyev tərəfindən şərti irəli sürülən şəxslərdir. O vaxt Azərbaycan hökuməti Kremldən çəkindiyini üçün M.Qutseriyevlə vacib yataqların işlənməsi yönündə sazişlər imzalaya bilmədiyindən Vergilər Nazirliyində bu şəxslərin adına şirkətlərin qeydiyyata alınmasını təşkil edib.
Yeri gəlmişkən, məlum sazişin imzalanmasının üstü açılan ərəfədə 80 faizlik payla iştirak edən şirkətlərin kifayət qədər tanınmış olmaması, ofşor zonalarda qeydiyyatdan keçmələri şübhələr doğurmuşdu. “Qlobal Enerji Azerbaycand LDT” şirkətinin və onun tərkibində olan qurumların adları sorğu kitabçalarında belə yox idi.
Sonradan Qutseriyev beynəlxalq axtarışda olduğu və Londonda gizləndiyi vaxtlarda Azərbaycanda neft biznesini necə genişləndirdiyi haqda müsahibəsində bunları demişdi: “Mən mümkün olmayan işi bacardım. İnternet və telefon vasitəsilə biznesimi davam etdirdim. Məlum oldu ki, Londonda oturub başqa ölkələrdə telefonla şirkətlər qurmaq olar. Əsas odur ki, dəstəyin o tərəfindəkilər düzgün adamlar olsun. Mən Londonda yaşadığım müddətdə axtarışda olsam da Azərbaycanda neft yataqlarının istismarına 1 milyard dollar yatırdım, Mavritaniyaya isə 160 milyon dollar pul qoydum. Qalan ölkələrə isə daha 1 milyard investisiya yatırdım”.
Qeyd edək ki, Binəqədidə Qutseriyevin və onun Azərbaycandakı ortaqlarının sahibi olduğu neft yataqlarının ərazisində qanunsuz tikililər var və onların sökülməsi cəhdləri hər dəfə qalmaqalla müşaiyət olunur.








