3 il əvvəl fəaliyyəti dayandırılmış Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevin Avropa Məhkəməsinə şikayəti üzrə kommunikasiya başlayıb.
Gununsesi.info xəbər verir ki, Avropa Məhkəməsi keçmiş partiya sədrinin Cinayət Məcəlləsinin 127.2.3-cü (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsilə 3 il 6 ay azadlıqdan məhrum edilməsilə əlaqədar şikayətinə görə Azərbaycana sorğu göndərib.
Bu cinayət işi 2022-ci ilin avqustunda Əli Əliyev Bakı İstintaq Təcridxanasında saxlandığı vaxt ona qarşı başlanmışdı. O, təcridxanada kamera yoldaşını döyməkdə, onun başına banka vurub xəsarət yetirməkdə ittiham olunurdu.
2022-ci ilin yanvarında böhtan ittihamı ilə həbs olunan partiya sədri bu cinayət işindən sonra CM-in 127.2.3 maddəsi ilə məhkəmə qarşısına çıxarıldı. Sabunçu Rayon Məhkəməsində əvvəlki hökmdən qalan cəza da birləşdirilməklə, Əli Əliyevin 3 il 6 ay azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıldı. Apellyasiya məhkəməsi və Ali Məhkəmə də bu hökmü qüvvədə saxladı.
Lakin Əli Əliyev ittihamları qəbul etmir, özünü təqsirli bilmədiyini deyirdi. O, kamera yoldaşına xəsarət yetirməsilə bağlı hadisəni də həbs müddətini uzatmaq üçün təxribat hesab edirdi.
Keçmiş partiya sədri Avropa Məhkəməsinə ərizəsində İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsinə dair Konvensiyanın 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) və 18-ci (Konvensiyadan kənar məqsədlərlə hüquq və azadlıqların məhdudlaşdırılması) maddələrinin pozuntusundan şikayətlənib.
Avropa Məhkəməsi də Azərbaycan hökumətinə tərəflərin bərabərliyi prinsipi və əsaslandırılmış məhkəmə qərarı hüququna riayət edilib-edilməməsi və s. məsələlər barədə suallar göndərib.
Əli Əliyev 2023-cü il mayın 8-də Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılıb. Bundan az sonra 25 iyun 2023-cü ildə onun rəhbərlik etdiyi Vətəndaş və İnkişaf Partiyası fəaliyyətini dayandırdığını bəyan edib.









