Rusiyada 33 il əvvəl iki nəfəri öldürən azərbaycanlı saxlanılıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, 56 yaşlı Elmar D. 1993-cü ildə iki həmvətəni ilə birlikdə ağac materialı almaq üçün Perm diyarına gəlib. Onların üzərində 20 milyon rubl nağd pul olub.
İstintaqın versiyasına görə, Elmar pulu mənimsəmək qərarına gəlib və tanışlarını öldürmək üçün Rusiyada yaşayan qohumlarının köməyindən istifadə edərək onları bıçaqlayıb.
Həmin dövrdə cinayətin üstü açıla bilməyib. Şübhəli daha sonra Azərbaycana gedib, oğurlanmış pulları biznesə yatıraraq uğurlu sahibkara çevrilib. Sonradan isə sənədləri saxtalaşdırmaq ehtimalı ilə yenidən Rusiyaya qayıdaraq vətəndaşlıq alıb və ölkənin cənubunda biznes fəaliyyəti ilə məşğul olub. Onun oğlu da uğurlu sahibkar kimi tanınır.
İstintaq Komtəsinin Perm diyarı üzrə müstəntiqləri şübhəlini saxlayıblar. Hüquqşünas Yekaterina Krasnovanın sözlərinə görə, 33 il keçməsinə baxmayaraq, bu cür cinayətlər üzrə məsuliyyətdən yayınmaq mümkün deyil. İki nəfərin qətlə yetirilməsi xüsusilə ağır cinayət sayılır və belə hallarda ya çox uzun müddətli, ya da ümumiyyətlə tətbiq olunmayan müddət məhdudiyyətləri mövcuddur. Təcrübədə 1990-cı illərə aid işlər üzrə 20–30 ildən sonra da şəxslərin məsuliyyətə cəlb edilməsi halları olub.
Hazırda müstəntiqlər müasir kriminalistika üsullarından, genetik analizlərdən və süni intellekt texnologiyalarından geniş istifadə edirlər. Süni intellekt sistemləri insanı illər keçsə belə, sima və digər xüsusiyyətlərinə görə tanıya bilir.









