Ermənistanın Baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bağlı yeni açıqlama verib. Paşinyan qeyd edib ki, “Ermənistan Respublikasının KTMT-də üzvlüyü dondurulub və fəaliyyətin bərpası üçün heç bir addım atılmayacaq”.
Maraqlıdır, Ermənistanın KTMT ilə bağlı məlum mövqeyi digər dövlətlərin də bu qurumdan çıxması üçün zəmin formalaşdıra bilərmi?
Moderator.az-a açıqlama verən politoloq Qabil Hüseynli KTMT-nin bir təşklilat kimi faktiki olaraq tənəzzülə uğradığını vurğulayıb:
“KTMT-nin dağılması prosesi çoxdan başlayıb.
Təşkilatın son yığıncağı Astanada oldu. Həmin yığıncaqda KTMT-nin nizamnaməsi yenidən imzalanmalı idi. Qazaxıstanın prezidenti Tokayev Putinin özünün də iştirak etdiyi yığıncaqda KTMT-ni sərt tənqid etdi.
Bildirdi ki, biz kiminsə əlaltısı olmaq niyyətində deyilik və bu sənədə qol çəkməyəcəyik. Putinin ona doğru uzatdığı sənədi əli ilə geri itələdi və bildirdi ki, bu kağız-kuğuz bizim üçün heç bir məna kəsb etmir. Yəni KTMT-nn “fatihəsi” faktiki olaraq Astanada oxundu.
Bu gün KTMT-nin mövcudluğu formal xarakter daşıyır və bu təşkilat tarix səhnəsindən silinməkdədir”.








