Əsas Səhifə > Ana xəbər / Güney Press > Təhsilin fəlsəfəsi dəyişməlidir
Təhsilin fəlsəfəsi dəyişməlidirBu gün, 10:10 |
|
KİV-lər yazır: ” ETN “OpenAI” ilə regionda ilk adaptiv öyrənmə platformasının hazırlanmasına başlayır. ETN və “OpenAI” arasında adaptiv öyrənmə platforması hazırlanması üzrə əməkdaşlıq edir. Platformanın “Rəqəmsal məktəb” layihəsi çərçivəsində hazırlanaraq tətbiq edilməsi nəzərdə tutulur. Anlaşma Memorandumu 500 mindən çox şagird üçün süni intellekt əsaslı adaptiv öyrənmə imkanlarının yaradılmasını nəzərdə tutur. Platforma mövcud milli təhsil proqramına inteqrasiya olunaraq süni intellekt əsaslı əlavə funksional alət kimi fəaliyyət göstərəcək. Hazırlanacaq həll şagirdlərin fərdi şəkildə bilik və bacarıqlarının diaqnostikasını aparmağa, dərs prosesində fərdiləşdirilmiş tapşırıqlar təqdim etməyə, hər bir şagirdin öyrənmə ehtiyaclarına uyğun süni intellekt əsaslı fərdi öyrənmə dəstəyi göstərməyə imkan verəcək.” KİV-lərin bu məlumatını və ETN ənənəvi PR aludəçiliyini nəzərə alsaq, bəzi suallar yaranır. Bu işləri OPEN Aİ edəcək, ETN də iş görüntüsü üçün adını ora yazacaq, necə ki, MS Teamsi adını dəyişib “Rəqəmsal məktəb” edib öz adına çıxmışdı? Yoxsa … 25 il distant təhsili qadağan edən bir qurumun adaptiv təhsil nəyinə lazımdır? Təhsilimiz hələ də rəqəmsal yetkin deyil, ölkədə distant təhsil sistemi hələ də yoxdur, bu halda adaptiv təhsili keyfiyyətli qurmaq olarmı? Adaptiv təhsil nəticədir, səbəb isə təhsil sisteminin rəqəmsallaşması, onun yetkinliyi, normal distant təhsil sisteminin mövcudluğudur. Belə yarımçıq işlərlə alınan nəticələr də zəif olacaqdır, həmişə olduğu kimi. Platforma xarici, tətbiq xarici, reklam və PR yerli? ETN ilə “Open Aİ” arasında adaptiv öyrənmə platformasının hazırlanmasına dair əməkdaşlıq xəbəri ilk baxışda müasir və perspektivli görünür. Rəsmi açıqlamalarda 500 min şagird üçün süni intellekt əsaslı fərdi öyrənmə, real vaxt monitorinqi, müəllim dəstəyi, fərdiləşdirilmiş tapşırıqlar, milli kurikuluma inteqrasiya kimi ambisiyalı hədəflər göstərilir. Lakin bu tip layihələrə yalnız texnoloji optimizm prizmasından baxmaq kifayət deyil. Burada həm texnoloji, həm pedaqoji, həm siyasi, həm də institusional aspektlər ciddi şəkildə analiz edilməlidir. Bəs bu layihə həqiqi təhsil transformasiyasıdır, yoxsa texnoloji imic və ETN-nin PR layihəsidir? Adaptiv təhsil nədir və niyə vacibdir?Əslində adaptiv öyrənmə modeli müasir təhsilin ən vacib istiqamətlərindən biridir. Bu modeldə sistem şagirdin səviyyəsini analiz edir, zəif və güclü tərəflərini müəyyən edir, fərdi tapşırıqlar verir, öyrənmə tempini uyğunlaşdırır, hər şagird üçün fərqli təhsil trayektoriyası qurur. Yəni “hamıya eyni dərs” modeli dəyişir. Bu, klassik sinif modelinin əsas problemini həll etməyə çalışır, yəni, eyni sinifdə fərqli səviyyəli uşaqlara eyni tempdə tədris. Əgər bu düzgün qurularsa, texnologiya zəif şagirdi dəstəkləyər, güclü şagirdi inkişaf etdirər, müəllimin iş yükünü azaldar, təhsili daha fərdi edər. Yəni, ideyanın özü strateji baxımdan doğrudur. Problem texnologiya deyil, təhsil sistemidir. Təhsil sistemi yalnız platforma deyil. Təhsil sistemi pedaqogika, müəllim hazırlığı, kurikulum, idarəetmə mədəniyyəti, akademik azadlıq, məktəb fəlsəfəsi, düşüncə modeli deməkdir. Əgər təhsil sistemi özü formal, bürokratik, imitasiya xarakterli, statistika yönümlüdürsə, əzbərçiliyə əsaslanırsa, ən güclü texnologiya belə belə təhsil sistemini xilas edə bilməz. Hələ kurikuluun zəifliyini, dərsliklərin keyfiyyətsizliyini, məktədbə rəsmi təhsilin kölgə təhsilə uduzmasını demirik. Təhsil sistemində illərlə yığılan çox ciddi problemlər həll edilməsə, menecerlərin peşəkarlığı artmasa, süni intellekt köhnə təfəkkürü avtomatik olaraq müasir etmir. 25 il distant təhsili bloklayan sistem, adaptiv təhsili necə dəstəkləyəcək? Azərbaycan təhsil sistemi uzun illər distant təhsilə skeptik yanaşıb, rəqəmsal tədrisi ikinci dərəcəli sayıb, müəllimlərin texnoloji hazırlığını sistemli şəkildə qurmayıb, universitetlərdə onlayn təhsil mədəniyyəti formalaşdırmayıb. Pandemiya dövründə də bu problemlər açıq göründü. Belə ki, platforma çatışmazlığı, metodoloji zəiflik, müəllim hazırlığının aşağı səviyyəsi, formal iştirak, qiymətləndirmə problemləri. İndi isə birdən-birə “Sİ əsaslı adaptiv təhsil” konsepsiyasına keçid müəyyən suallar doğurur. Çünki adaptiv təhsil sadəcə texnologiya deyil, yüksək səviyyəli rəqəmsal pedaqogika tələb edir. Əgər fundamental pedaqoji model dəyişmirsə, platforma yalnız rəqəmsal vitrinə çevrilə bilər. Təhsildə də texnoloji suverenlik mühümdür. Platforma xarici, texnologiya xarici, intellektual mülkiyyət xarici, PR isə yerli? Bu durum təbii olaraq narahatlıq yaradır. XXI əsrdə məlumat, alqoritm, təhsil datası, istifadəçi davranışı, öyrənmə analitikası strateji resursa çevrilib. Əgər platforma xarici şirkətə məxsusdursa, əsas Sİ modeli xaricdədirsə, infrastruktur asılıdırsa, lokal mühəndislik məktəbi formalaşmırsa, onda ölkə texnologiya istifadəçisi olur, istehsalçısı yox. Bu durum “rəqəmsal modernləşmə” deyil, “rəqəmsal asılılıq” riski yaradır. PR problemi niyə yaranır? Postsovet məkanında, xüsusən də ölkəmizdə çox vaxt texnologiya layihələri institusional transformasiya üçün yox, imic formalaşdırmaq üçün istifadə olunur. Bu modeldə beynəlxalq tərəfdaşlıq elan edilir, aktual terminlər işlədilir, forumlar keçirilir, pilot layihələr başlanır, amma sistem dəyişmir, müəllim hazırlığı zəif qalır, məktəbdə düşüncə modeli yenilənmir, nəticələr ölçülmür. Bu səbəbdən cəmiyyətdə “texnoloji PR” təəssüratı yaranır. Əgər qərarlar mərkəzləşmiş qalırsa, məktəblər sərbəst deyilsə, müəllim yaradıcı tərəf yox, icraçı kimi qalırsa, onda Sİ sadəcə yeni nəzarət və monitorinq alətinə çevrilə bilər. Bu sanki, “Məktəblinin dostu”nun rəqəmsal versiyasıdır. Adaptiv təhsil nəzarət sisteminə də çevrilə bilər ETN-nin açıqlamasında xüsusi diqqət çəkən hissələrdən biri də “real vaxt rejimində fəaliyyət göstəricilərinin təqdim olunmasıdır.” Bu texniki baxımdan faydalı olsa da, müəyyən risk də yaradır. Əgər təhsil sistemi yalnız monitorinq, statistika, hesabat, performans təzyiqi məntiqi ilə işləyərsə, müəllim və şagird yaradıcı subyekt yox, rəqəmsal indikator obyektinə çevrilə bilər. Təhsildə ən təhlükəli hallardan biri “ölçülə bilən hər şeyin əsas sayılmasıdır.” Halbuki yaradıcılıq, xarakter, tənqidi düşünmə, mənəvi inkişaf tam ölçülə bilmir, amma daha mühümdürlər. Əsl transformasiya nə tələb edir? Əgər Azərbaycan doğrudan da Sİ əsaslı təhsil transformasiyası etmək istəyirsə, yalnız platforma kifayət deyil. Bu halda bir sıra ciddi layihələr reallaşmalıdır.
Ən real ssenari bəs nədir? Çox güman ki, əsas texnologiya xaricdən gələcək, əsas platforma infrastrukturu OpenAI API-lərinə əsaslanacaq, yerli tərəfin rolu daha çox inteqrasiya, koordinasiya və idarəetmə olacaq. Bu, dünyada normal praktikadır. Məsələ budur ki, ölkə bu əməkdaşlıqdan istifadə edib öz texnoloji və pedaqoji potensialını inkişaf etdirəcək, yoxsa yalnız hazır məhsul istifadəçisi olaraq qalacaq? Əgər yerli mütəxəssis hazırlığı, milli Sİ təhsil strategiyası, açıq elmi ekosistem, real pedaqoji innovasiya yaranmasa, layihə uzunmüddətli transformasiya yox, qısaömürlü texnoloji PR kimi yadda qala bilər. “OpenAI ilə adaptiv təhsil platforması” ideyası özlüyündə müasir və strateji baxımdan düzgün istiqamətdir. Dünya təhsili məhz bu istiqamətə gedir. Lakin əsas məsələ platforma deyil. Əsas məsələ bu texnologiyanın hansı təhsil fəlsəfəsinə xidmət etməsidir. Əgər məqsəd insan mərkəzli, yaradıcı, tənqidi düşünən, fərdi təhsil sistemi qurmaqdırsa, bu əməkdaşlıq tarixi fürsət ola bilər. Yox, əgər məqsəd rəqəmsal vitrin, texnoloji PR, hesabat və monitorinq görüntüsü, hay-küy yaratmaqdırsa, onda ən müasir süni intellekt belə köhnə təhsil sistemini dəyişə bilməyəcək. Çünki təhsili texnologiya yox, düşüncə modeli dəyişir. Bəs niyə ETN adaptiv təhsil modelini yalnız məktəblər üçün yaratmaq və tətbiq etmək istəyir, amma universitetlər üçün yox? Axı universitetlərin buna daha çox təlabatı var, nəinki məktəblərin. Digər tərəfdən universitetlərin müstəqil olaraq adativ təhsil sistemi yaratmaq potensialları və resursları çox azdır. ETN son 25 ildə rəqəmsallaşma sahəsində məktəblər üçün az da olsa, nələrsə edib, amma universitetlər üçün heç vaxt, heç nə etməyib. Hələ də universitretlərimizin 90 % rəqəmsal yetkin deyil. Belə təhsil siyasəti olarmı? Bəli olar, çünki, “təhsilimiz sanki, tərsinə qurulub” (E.Əmrullayev). Dosent İlham Əhmədov Tribuna.az Geri qayıt |