Əsas Səhifə > Ana xəbər / Güney Press > Ermənistanda seçki öncəsi gərginlik: Paşinyan nədən narahatdır?

Ermənistanda seçki öncəsi gərginlik: Paşinyan nədən narahatdır?


Bu gün, 07:49

Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında Rusiya Prezidenti və Baş naziri ilə etibarlı münasibətlər saxladığını deyib.

“Aydınlıq gətirilməli olan sualların ortaya çıxması birinci dəfə deyil. Kreml aydınlaşdırmalı olan məsələlərə rəsmi münasibət bildirib. Bəli, bu məsələlərə aydınlıq gətiriləcək”, - deyə Paşinyan qeyd edib.

Baş nazir son vaxtlar Ermənistan-Rusiya münasibətlərində yaranmış gərginliyə də münasibət bildirib:

“Mən əvvəllər də demişdim ki, Ermənistan-Rusiya münasibətləri transformasiya mərhələsindədir və mən bu transformasiyanı müsbət hesab edirəm”.

O, Ermənistanın münasibətlərini şaxələndirəcəyini bildirib. “Biz Rusiyanın Ermənistandakı maraqlarına xələl gətirməyəcəyik”, - deyə Baş nazir əlavə edib.

Nikol Paşinyanın bu açıqlaması onun Rusiyanı narahat edən və son vaxtlar Moskvadan Ermənistanın ünvanına hədələrin səslənməsi ilə müşahidə olunan məsələləri danışıqlar yolu ilə müzakirə etmək niyyətində olduğunu göstərir.

Yəni Paşinyan Rusiyanın ünvanına sərt ritorikadan yayınmaqla qarşıdurmada maraqlı olmadığını və ikitərəfli münasibətlərdə yaranmış gərginliyin diplomatik qaydada həllinə üstünlük verdiyini nümayiş etdirir.

Xüsusilə də Rusiyanın Ermənistana satılan təbii qazın qiymətini qaldırmaqla təhdid etməsindən sonra Paşinyan Kremllə ehtiyatlı davranır.

Doğrudur, Ermənistanla imzalanmış müqaviləyə əsasən Rusiya qiymətləri qaldıra bilməz və təbii qazın 1000 kubmetrini 177,5 dollara satmaqda davam edəcək. Lakin Ermənistan Avropa İttifaqına üzvlük statusu qazanmaq üçün Avrasiya İqtisadi Birliyindən çıxmaq qərarı versə, o halda sözügedən müqavilə qüvvədən düşəcək. Nəticədə, Rusiya Ermənistana “mavi yanacağın” qiymətini istədiyi qədər artıra bilər.

Ona görə də Paşinyan “Bu məsələlərə aydınlıq gətiriləcək” - deməklə Avrasiya İqtisadi Birliyi ilə bağlı Ermənistanın mövqeyini Rusiya ilə müzakirə etməyə hazır olduğuna işarə edir. Lakin seçkilərə qədər Paşinyanın Rusiyaya səfər edəcəyi inandırıcı görünmür.

Əgər o seçkilərdə qalib gələrsə, Rusiyanın dəstəklədiyi revanşsit müxalifət üzərində qalib gələrək legitimlik qazanmış olacaq. Bu da onun siyasi cəhətdən əli gücləndirəcək. Kreml də öz növbəsində onunla işləməyə üstünlük verəcək.

Paşinyan Prezident Putinlə danışıqlar üçün məhz həmin məqamı gözləyir. Hazırda baş verənlər isə daha çox Rusiyanın seçkiqabağı təzyiq taktikasıdır. Yəni bu proses seçkilər başa çatana qədər davam edəcək və sonra münasibətlərdə yeni mərhələ başlaya bilər.

Paşinyanın da seçkilər ərəfəsində Qərblə strateji yaxınlıq nümayiş etdirməsi Rusiyaya təzyiq məqsədi daşıyır və Moskvanı müxalifətə dəstəkdən çəkindirməyə hesablanmış siyasi manipulyasiyadır. Lakin Paşinyan seçkilərdən sonra Ermənistanı Rusiyanın geosiyasi peykinə çevirmək niyyətində də görünmür.

Onun Ermənistanın münasibətlərini şaxələndircəyi barədə dedikləri seçkidən sonra da çoxvektorlu xarici siyasət kursunu davam etdirəcəyi kimi başa düşülməlidir. Yəni Paşinyan Rusiyanın təzyiqlərinə rəğmən Avropa İttifaqı ilə yaxınlaşma siyasətindən də imtina etməyəcəyinə dair mesaj verir.

Sadəcə olaraq, Moskvanın sərt təhdidləri və sanksiyalarını neytrallaşdırmaq üçün Ermənistanın baş naziri Kremllə razılaşma əldə etməyə çalışa bilər. Belə ki, Paşinyan Avrasiya İqtisadi Birliyində qalmaq müddətini, eləcə də Rusiya və Qərblə münasibətlərdə balanslaşdırılmış diplomatik tarazlığı hələ bir müddət saxlamağa məcbur olacaq.

Bu təqdirdə, Paşinyan rəsmi Bakı ilə sülh müqaviləsinin imzalanması, Türkiyə ilə sərhədlərin açılması və perspektivdə alternativ mənbə kimi Azərbaycandan Ermənistana təbii qaz idxalı başlanılana qədər Rusiyadan enerji sahəsində əməkdaşlığı qoruyub saxlamağa çalışacaq.


Geri qayıt