Əsas Səhifə > Ana xəbər / Güney Press > Ankaradakı bəzi “qardaşlara” səmərəli təklif: “Arabalarınıza təyyarə qanadı taxın”

Ankaradakı bəzi “qardaşlara” səmərəli təklif: “Arabalarınıza təyyarə qanadı taxın”


Bu gün, 10:49

Həm Azərbaycanda, həm də Türkiyədə iki qardaş ölkə arasında “qaşınmayan yerdən qan çıxmağa çalışan” qruplar fəallaşıblar. Ən xırda hadisəni böyüdüb bir qaşıq suda fırtına qoparmaq üçün əlləşən bu qruplar rəsmən bizi parçalamaq və bir-birimizə düşürmək üçün əllərindən gələni edirlər. Dərd burasındadır ki, bu təxribatçı mövqeyi sərgiləyənlər arasında etnik azlıqlara mənsub şəxslər mühüm yer tuturlar. Erməni əsilli Türk jurnalisti Alin Ozinian da bu təxribatçı zümrənin önündə gələnlərdəndir. Onun Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədovun Türkiyənin “Cümhuriyət” qəzetinə verdiyi açıqlamanın ucundan tutub ucuzluğa varması, Azərbaycanla Türkiyənin xarici siyasət sahəsində birgə məsləhətləşmələrdən sonra ortaq addımlar atdığını söyləməsini başqa istiqamətlərə çəkməsi anlaşılır kimi deyil. Ozinyanın və qonağının fikrincə, bu ifadə Azərbaycanın Türkiyəyə xarici siyasət sahəsində təzyiqinin, Ankaranın isə bu təzyiqə boyun əyməsinin etirafından başqa bir şey deyil.
Açığı, Ozinyanın bu sözlərindən sonra açıb səfir Rəşad Məmmədovun “Cümhuriyət”ə verdiyi açıqlamasına baxdım. Fikrimcə, səfirin açıqlamasında hər hansə qəbahət görmədim. Rəşad Məmmədov müsahibəsində Ankaraya hər hansı ideyasını təlqin etmir, əksinə “Azərbaycanın Türkiyə ilə kompromis siyasəti yürüdüyünü və Türkiyə Xarici İşlər Nazirliyi ilə daim əlaqə saxladığını”, bir növ, xarici siyasətini qardaş ölkə ilə sinxronlaşdırdığını bildirir. Burada anlaşılmayan və ya pis olan nədir ki? Axı biz – həm Azərbaycan, həm də Türkiyə illərlə erməni lobbilərinin və dəstəkçilərinin basqılarına məruz qalan dövlətlərik. İstəsək də, istəməsək də bu basqılara bir yerdə əl-ələ verərək sinə gərə bilərik.
Ozinyanın və qonağının fikrincə, Bakının İrəvandan “Konstitusiyandakı ölkəmizin ərazi bütövlüyünü heçə sayan maddələri və qeydləri çıxart, sonra kommunikasiya əlaqələrini açaq” deməsi və Ankaranın bu məsələdə bizimlə eyni mövqedə olduğunu bildirməsi Türkiyəyə təzyiqdir. Halbuki, bunu bizim səfirimizdən əvvəl Türkiyə yetkiləri açıq şəkildə bəyan ediblər və Rəşad Məmmədov da görünür, bu açıqlamalara istinadən həmin fikirləri dilə gətirib. Məsələn, Türkiyənin Xarici işlər naziri Hakan Fidan ötən ilin noyabr ayında "Azərbaycan və Ermənistan yekun sülh müqaviləsi imzaladıqdan sonra Ermənistanla münasibətləri normallaşdırmağa hazırıq" demişdi. Və bunu Azərbaycanın qara qaşına, ala gözünə aşiq olduğu üçün bildirməmişdi. Hakan Fidan və digər Türkiyə rəsmiləri bundan 17 il əvvəl İrəvanla imzaladıqları Sürix protokollarının aqibətini yaxşı xatırlayırlar. Onlar bilirlər ki, ermənilər Azərbaycan və Türkiyə ilə bağlanmış müqavilələri uzun illər süründürə-süründürə vaxt qazanmağa, sonunda isə Konstitusiya Məhkəməsi tərəfindən imzalanan sənədlərini “Konstitusiyamıza ziddir” deyib ləğv etməyə meyllidirlər. Odur ki, Ankara da ermənilərin öz sözlərini tutmasının Konstitusiya ilə təminat altına almasında ən azı bizim qədər maraqlıdır və ya maraqlı olmalıdır. Əks halda, ermənilərlə əldə olunan bütün razılaşmaların Sürix protokolu aqibətini yaşamayacağına heç kim zəmanət verə bilməz.
Şəxsən bir Azərbaycan türkü kimi mənə ən ağır təsir edən söz Ozinyanın fikirləri deyildi. Onun qonağı olan Aydın Sezer adlı ekspertin erməniləri Osmanlı varisləri sayması, bizi isə özlərindən ayırması oldu. İnsafən qeyd edim ki, Aydın Sezer əfəndi haqsız deyil. Azərbaycan türklərinin böyük əksəriyyəti özünü Osmanlı imperiyasının varisi saymır və saymamalıdır da. Amma biz Türkiyə dövlətini də Osmanlının varisi kimi yox, Böyük Atatürkün strateji ağlı ilə demokratik və hüquqi dövlət prinsipləri üzərində qurulmuş dövlət kimi tanıyırıq, bu səbəbdən də ona böyük sayqı duyuruq. Fəqət bu o demək deyil ki, Osmanlı imperiyasına barmaq arası baxırıq. Biz Osmanlını da, Səvəfini də, Qacariyəni də, Teymuriləri də, Qızıl Ordanı da və s. kimi tarixi dövlətləri də vahid Türk tarixinin tərkib hissəsi kimi qəbul edir və ortaq tariximizə eyni həssasiyyətlə yanaşırıq. Təbii ki, digər qardaşlarımızdan da eyni həssasiyyəti gözləyirik.
O ki qaldı ermənilərin Osmanlı varisi olduğu barədə iddialara, açığı, mən bu barədə nəsə demək istəmirəm. İnanıram ki, bu fikirləri dəyərləndirməyi Türkiyəli qardaşlarımızın ixtiyarına buraxmaq daha ədalətli olar. Amma tarixdən onu bilirəm ki, ermənilər əgər həqiqətən də Osmanlı varisləridirlərsə, təəssüf ki, onları fərasətli övlad saymaq mümkün deyil. Ən azı 1915-ci ildən indiyədək onun-bunun qucağına sığınıb Türk xalqına köpək dişlərini göstərdiklərinə görə. Fərasətsiz övladın isə təəssübü çəkilməz.
Soyadındakı yan tərkibindən erməni olduğu aydınlaşan Ozinyanın tənqid atəşinə tutduğu, qurddalaya-qurddalaya içərisindən qurd çıxarmağa çalışdığı açıqlamanı da olduğu kimi diqqətinizə çatdırıram. Və Sizi vicdanınızla baş-başa buraxıram. Diqqətlə baxın, görün, Azərbaycanın Ankaradakı səfir Rəşad Məmmədov nəyi səhv deyib və hansı diplomatik qəbahətə yol verib:
“Kamuoyunda bir süredir, Türkiye’nin Ermenistan ile kara sınırlarını açmak istediği ancak Azerbaycan’ın ‘vetosuyla’ karşılaştığı öne sürülüyordu. Memmedov, “Normalleşme sürecinde olan Türkiye ile Ermenistan’ın sınırlarının açılmasını Azerbaycan mı istemiyor” sorusunu, “Biz Türkiye ile uzlaşmış bir siyaset yürütüyoruz, Türk Dışişleri ile sürekli irtibattayız. Ermenistan-Türkiye normalleşmesiyle Ermenistan-Azerbaycan normalleşmesi süreçlerini paralel yürütüyoruz. Birbirimizle uzlaşıyoruz, adım adım gidiyoruz. Ermenistan anayasasında Azerbaycan'a yönelik toprak iddiası var. 7 Haziran’daki seçimden sonra anayasayı değiştirecekler, bir referandum yapacaklar. Toprak iddiası ortadan kalktıktan sonra, ABD’de paraf edilen Azerbaycan-Ermenistan barış anlaşması imzalanacak. Ondan sonra Ermenistan-Türkiye ve Ermenistan-Azerbaycan sınırları açılacak” şeklinde yanıtladı.
‘KÜÇÜK ADIMLAR ATILIYOR’
Memmedov, geçtiğimiz hafta Türkiye ile Ermenistan’ın doğrudan ticarete başlamasını nasıl değerlendirdiğine yönelik soruya ise, “Küçük adımlar atıyoruz, Azerbaycan da atıyor. Azerbaycan da ticarete başladı. Artık Ermenistan’ın enerji güvenliğinde bir rol oynuyoruz. Petrollerini, akaryakıtlarını veriyoruz. Onların buğday vesaire ürünlerini Azerbaycan üzerinden, Kazakistan'dan, Rusya'dan taşınmasını sağlıyoruz. Ve onlara diyoruz ki, barış olursa sizin güvenliğiniz de daha iyi olur. Türkiye de küçücük adımlar atıyor” yanıtını verdi”.
Sonda onu vurğulamaq istərdim ki, Ozinyan və Aydın Sezer kimi insanlardan fərqli olaraq, Türkiyə yetkililəri Azərbaycanın Ermənistanla bağlı siyasətinə hörmətlə yanaşır və yeri gələndə onu təqdir edir. Əsas olan da budur. Ozinyanlar, Aydın Sezerler həmişə olub və olacaq. Amma onlar Türkiyə kimi böyük dövlətin xarici siyasətini dəyişə bilməyəcəklər.
Üstəlik, Azərbaycan səfiri Rəşad Məmmədovun təbirincə desək, rəsmi Bakı Türkiyənin Ermənistanla ticari əlaqələri genişləndirməsinə qarşı deyil. Belə olsaydı, ilk növbədə özü İrəvana neft məhsulları göndərməz, taxıl kimi strateji qida məhsullarının tranzitinə icazə verməzdi. Bizim tələbimiz olduqca sadə və anlaşılandır: Ermənistan öz Konstitusiyasındakı ərazi bütövlüyümüzü təhdid edən maddələri çıxarmayacaqsa, biz onunla hər hansı ciddi sövdələşmələrə getməyəcəyik. Hər halda bizim orta koridoru Gürcüstan üzərindən də açmaq və ya davam etdirmək şansımız var. Dəyərli bəzi Türk qardaşlarımız illah da bu yolun Ermənistan üzərindən açılmasını istəyirsə, biz onların da fikirlərinə hörmətlə yanaşacağıq. Amma onlar da gərək günü bu gündən arabalarına və TIR-larına təyyarə qanadı taxıb Azərbaycanın böyründən Türküstana uçmaq məşqlərinə başlasınlar.
Müəllif: Heydər Oğuz - "DİA-AZ"

Geri qayıt