Əsas Səhifə > Ana xəbər / Güney Press > Bakı “üçüncü İran müharibəsi” hazırlığında
Bakı “üçüncü İran müharibəsi” hazırlığındaBu gün, 09:21 |
|
ABŞ ilə İran arasında hərbi ritorikanın sərtləşməsi yeni savaşərəfəsi anons sayıla bilər; Tramp da son xəbərdarlığını etdi - Azərbaycan hansı strateji hazırlıq modelini seçməlidir? ABŞ ilə İran arasında gərginliyin artması və hərbi ritorikanın sərtləşməsi 12 və 40 günlük müharibələrdən sonra yeni savaş hazırlığını anonsu sayıla bilər. Bu da təbii olaraq Cənubi Qafqaz regionu üçün yeni risklər yaradır. Ötən hərbi əməliyyatlar zamanı Naxçıvanın da hədəf seçilməsi onu deməyə əsas verir ki, mümkün eskalasiya regiona təsirsiz ötüşməyəcək. Belə bir şəraitdə əsas suallardan biri budur: Bakı hansı strateji hazırlıq modelini seçməlidir? Mövcud reallıq göstərir ki, Azərbaycan üçün ən optimal yol yenə də balanslaşdırılmış və çoxşaxəli siyasətin davam etdirilməsidir. Bir tərəfdən ABŞ və Qərb ilə əməkdaşlıq, digər tərəfdən isə İranla qonşuluq münasibətlərinin saxlanılması incə diplomatik manevrlər tələb edir. Açıq şəkildə tərəf tutmaq əvəzinə, diplomatik kanalların açıq saxlanılması və gərginliyin azaldılmasına yönəlmiş təşəbbüslər daha məqsədəuyğun görünür. Digər vacib istiqamət təhlükəsizlik və müdafiə sahəsidir. Regionda qeyri-müəyyənliyin artması fonunda Azərbaycan öz sərhədlərinin təhlükəsizliyini gücləndirməli, xüsusilə cənub istiqamətində nəzarəti artırmalıdır. Bununla yanaşı, hava hücumundan müdafiə sistemlərinin inkişafı və strateji obyektlərin qorunması prioritet məsələlər sırasında qalır. Bu addımlar hücum məqsədi daşımır, əksinə, mümkün risklərə qarşı preventiv tədbirlər kimi qiymətləndirilməlidir. Enerji və iqtisadi təhlükəsizlik də diqqətdən kənarda qalmamalıdır. Azərbaycan beynəlxalq enerji bazarlarında mühüm oyunçudur və hər hansı regional münaqişə enerji marşrutlarına təsir göstərə bilər. Bu baxımdan, infrastrukturun təhlükəsizliyinin artırılması, alternativ ixrac yollarının inkişafı və bazar dəyişikliklərinə çevik reaksiya verilməsi strateji əhəmiyyət daşıyır. Müasir dövrdə informasiya müharibəsinin rolu da danılmazdır. Dezinformasiyaların yayılması daxili sabitliyə təsir göstərə bilər. Buna görə də cəmiyyətin düzgün məlumatlandırılması, informasiya təhlükəsizliyinin gücləndirilməsi və ictimai sabitliyin qorunması dövlət siyasətinin əsas istiqamətlərindən biri olmalıdır. Regional əməkdaşlıq faktorunu da xüsusi vurğulamaq lazımdır. Rusiya, Türkiyə və Gürcüstan kimi tərəfdaşlarla koordinasiya Azərbaycanın strateji mövqeyini gücləndirir və mümkün risklərə qarşı əlavə təminat yaradır. Bütün bu amilləri nəzərə alaraq demək olar ki, Bakının hazırkı mərhələdə əsas strategiyası “soyuqqanlılıq, balans və hazırlıq” prinsiplərinə əsaslanmalıdır. Son bəyanatlar da narahatlığa əsas yaradır ki, İranla müharibə yenidən başlaya bilər. Hərçənd rəsmi Tehran 14 maddəlik təkliflər paketini Pakistan vasitəsi ilə Vaşinqtona təqdim etdiyini açıqlayıb. Ancaq İran XİN sözçüsü İsmayıl Bəqayi son brifinqdə ölkəsinin bütün variantlara hazır olduğunu açıqlayıb və ordunun cavab zərbələri endirəcəyini anons edib. Ən nəhayət, mayın 18-də ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə hesabında yazıb ki, Qətər əmiri Təmim bin Həməd əs-Sani, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman əs-Səud və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Məhəmməd bin Zayed ən-Nəhyan ondan İran İslam Respublikasına qarşı sabah (mayın 19-da) planlaşdırılan hərbi hücumu təxirə salmağı xahiş ediblər. O bildirib ki, hazırda ciddi danışıqlar aparılır və region liderlərinin fikrincə, saziş bağlanması məqbul variant olar: “Yuxarıda adıçəkilən liderlərə hörmətimə əsaslanaraq, hərbi nazir Pit Heqsetə, Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Daniel Keynə və Amerika Birləşmiş Ştatları Silahlı Qüvvələrinə sabah İrana planlaşdırılan hücumu təxirə salmağı, lakin məqbul bir razılaşma əldə edilmədiyi təqdirdə dərhal İrana tammiqyaslı, genişmiqyaslı hücum etməyə hazır olmalarını tapşırdım”. Göründüyü kimi, vəziyyət kifayət qədər ciddidir və hər an proseslər savaşa çevrilə bilər. Bu böhranı genişspektrli problem adlandıran professor Qabil Hüseynliyə görə, Azərbaycan və region üçün həssas proseslər cərəyan edir. Mütəxəssis hesab edir ki, ilk növbədə təhlükəsizliyin təmin olunması prioritetdir: “40 günlük müharibə 12 günlükdən o mənada fərqləndi ki, həm körfəz ölkələri, həm Türkiyə, həm Azərbaycan hərbi əməliyyatlardan təsirləndi. Yəni müharibə İranın cənubunda getdiyi üçün ərəb dövlətlərinə hücumların məntiqi var idi, amma Türkiyəyə 4 dəfə ballistik raket, Naxçıvan aeroportuna isə 4 PUA zərbəsi göstərdi ki, İran aqressordur, heç bir əndazə tanımır. Bu nöqteyi-nəzərdən, zənnimcə, Azərbaycan üçün ən vacib mövzu təhlükəsizlikdir, hava hücumundan müdafiə sistemlərini hər zaman ayıq-sayıq tutmaqdır”. Q.Hüseynlinin sözlərinə görə, Naxçıvana zərbələrə dövlət başçısı haqlı olaraq sərt reaksiya verdi, lakin sonrakı dövrdə rəsmi Bakı təmkinli mövqe tutdu: “Bu hücuma rəğmən, Azərbaycan İranla münasibətlərdə qonşuluq prinsiplərini üstün tutdu, humanitar yardım göndərdi, prezidentlər və nazirlər səviyyəsində təmaslar davam etdirildi. Belə desək, hökumətlə münasibətlər başqa, SEPAH başqa. O baxımdan, Azərbaycan emosional yox, praqmatik siyasət yürütdü. Bizim ABŞ və İsraillə tərəfdaşlıq münasibətləri tərəfsiz mövqe tutmağa əngəl olmadı. Bakı Tehrana göstərdi ki, biz poliqon və ya platsdarm deyilik. Məncə, İran bəzi nəticələr çıxardı. Əgər hərbi əməliyyatlar bərpa olunarsa, Bakının hansı mövqe tutacağı indidən bəllidir”. Analitik bu münaqişə və hərbi eskalasiyanın region üçün iqtisadi risklər doğurduğunu da müşahidə edir: “Xüsusən Hörmüz boğazında yaranmış böhran enerji bazarında qiymətləri artırır. Eyni zamanda logistikalara təhdidlər yaradır. Misal üçün "Tramp yolu"nun işə düşməsinin yubanmasına səbəb ola bilər. Çünki münaqişələr uzananda layihələrin icrasında problemlərə gətirib çıxarır. Deməzdim ki, TRİPP reallaşmayacaq, amma ABŞ-nin İranla münaqişəsi tezliklə həllini tapmasa, dəhlizin açılmasında gecikmə istisna deyil. Ona görə də İranla bağlı məsələnin Azərbaycan üçün hərbi-siyasi və iqtisadi təsirləri var". Professor hesab etmir ki, yaxın vaxtlarda atəşkəs pozulacaq və üçüncü müharibə başlanacaq, amma risklərin qaldığını düşünür: “Bu da bizi daimi narahat edir. Nəzərə alaq ki, İran münaqişəsi Ukrayna müharibəsinə oxşamır. Rusiya qonşumuz olsa da, hərbi əməliyyatlar sərhədlərimizdən çox uzaqda gedir. İrana hücumlar isə Təbrizə qədər əhatə edib. Və dediyim kimi, İran da sağa-sola zərbələr endirərkən muxtar respublikanı da hədəf almışdı. Bunun İranla sərhəd digər bölgəmizdə təkrar olunmayacağına zəmanət yoxdur. Çünki İranda müxtəlif güc mərkəzləri var, bu gün də ölkəmizi ittiham edən, hədələyən SEPAH bağlantılı resurslar rastımıza çıxır. Bu mənada, üçüncü müharibədə növbəti təxribatlardan sığortalanmamışıq. Azərbaycan münaqişənin diplomatik həllində maraqlıdır və İrana hücumlardan da narahatlığını ifadə edib. Bu münaqişənin ölkəmiz üçün heç bir müsbət dividenti ola bilməz”. “Yeni Müsavat” Geri qayıt |