Əsas Səhifə > Ana xəbər / Güney Press > Televiziyalara hücum və ya "efirtəmizləyici qurğu"
Televiziyalara hücum və ya "efirtəmizləyici qurğu"26-02-2026, 02:16 |
Mərhum Hikmət Hacızadə deyirdi: "Bəzi insanları unutmaq lazımdır". Hətta o, hər gün sənin gözlərinin qarşısında olsa belə.O, bu fikri öz zamanında "patriot" populyarlığı qazanmış, əslində isə öz ölkəsinə zərər verən bir keçmiş nazir haqqında demişdi. "Unutmaq" deyəndə yaddan çıxarmağı nəzərdə tutmurdu, sadəcə, "dinləməyin, təsadüfən eşitsəniz də, ciddiyə almayın" demək istəyirdi. Söhbət həmin o keçmiş nazirdən düşmüşkən, adam öz ölkəsinə hər cür pisliyi etmişdi, həm də hamının gözləri qarşısında. Ancaq yenə də kütlə arasında irrasional bir sevgi vardı o adama. Hərçənd sevgi yəqin elə irrasional olur; bir adı dəlilikdir. Eləsi var, onun etdiyi hərəkətləri başqası eləsə, millət topa tutar, bir qaşıq suda boğar. Ancaq belələri də var, nə edir-etsin, hansı rəzilliyə qol qoyur-qoysun, deyirlər: "Ona olar, dəli-doludur". Normal insanlar "söyüş mediası"nı, "təhqir müxalifəti"ni iqnor etməlidir. Mən, məsələn, şəxsi həyat sirrinin yayılmasını əks etdirən gizli çəkilişlərə baxmıram, "söyüş blogerləri" ni izləmirəm, onların yaydığı materiallara, şantaj-montajlara baxmırm. Ölkənin birinci ailəsi olsun, ya sonuncu, fərq etməz, heç bir insanın haqqında etikadankənar videoları, şəkilləri müzakirə etməyi doğru saymıram. Bunlar süni intellekt məhsulu da ola bilər, bildiyiniz montaj ola bilər. Həm də şantaj məqsədli. "Söyüş blogerləri", məncə, boykot edilməlidir. Çox qəribədir, elə deyilmi?! Bax, indi hamı efirlərdəki bayağılıqdan, söyüşdən, qarğışdan, ictimai saçyoldudan danışır. Televiziyanın özü televiziyada baş verən bu cür olayları "biabırçılıq" adlandırır. Yeri gəldi, deyim: Prezident Administrasiyasının rəhbəri olduğu zaman - qılıncının qəbzəsi də kəsən vaxtlarda Ramiz Mehdiyev "Azərbaycan" qəzetində bir, ya iki səhifəlik geniş məqalə yazıb, telekanalları tənqid etmişdi. Mən də ona bir cavab yazmışdım: "Tənqidi biz eləməliyik, siz qüsurları düzəltməlisiniz. Kimdən kimə şikayət edirsiniz?!" Yerli televiziya məkanı, bu resurslar hamısı idarə olunur; dövlətin kifayət qədər rəsmi və trivial imkanları, təsir rıçaqları var. Bu imkanlarla teleməkandakı qüsurları aradan qaldırmaq olar. Ancaq, ümumiyyətlə, televiziya artıq arxaik bir alətdir, həyatımızdan çıxmalıdır deyə hökm verənlərlə razılaşmıram. İfrat ümumiləşdirmələrlə razılaşmıram. Televiziya hələ də çox təsir gücünə sahib bir platformadır. Harda, kimdə, hansı qüsur var, onu necə aradan qaldırmaq olar, hə, bu haqda danışmaq lazımdır. Sosial şəbəkələrdə tez-tez qarşılaşıram, bəzi insanlar deyirlər: "Mən çoxdan televiziyaya baxmıram, yerli kanalları bağlamışam" və sair. Mənə bu ifadələr, bu sözlər anlaşılmaz gəlir. Evdə, tutaq, suyu açdın, bulanıq gəldisə, sənə o suyu satan şirkətə öz iddianı irəli sürürsən (ya birbaşa, ya mediada, sosial şəbəkədə, ya məhkəmədə). Ödədiyin pulun müqabilində təmiz su tələb edirsən. Alınmır, yuxarı instansiyalara şikayət edirsən. O cümlədən, yuxarı instansiya məhkəmələrinə. Bir şey çıxmır, filtr qoyursan, sutəmizləyici qurğuda duruldub içirsən o suyu. Daha su bulanıqdır deyə, boruları, kranları söküb atmırsan ki! Televiziyada yaxşı, səviyyəli verilişlər, filmlər də var, aşağı səviyyəlisi də var. Sən səviyyəli tamaşaçı olduğun halda niyə aşağı səviyyəli verilişlərə baxırsan?! O cür aşağı səviyyəli verilişlərə qarşı etirazını bildirirsən, onların qapanmasını istəyirsən, anlayıram, təqdir edirəm. Amma bir yandan da o vizual məhsulları istehlak edirsən - onları izləyirsən və reytinq qazandırırsan. Çox maraqlıdır ki, "səviyyəsiz" dedikləri verilişə baxmaqda davam edir insanlar. Bir neçə aparıcının adları çəkilir. Əslində onların çoxu əsl professional televiziyaçılardır. Həmin aparıçıların, rejissorların, redaktorların talantından, biliyidən-bacarığından daha yaxşı yararlanmaq olar, nəinki hamısını ucdantutma çıx-daş eləmək. "Babam mənə " kor" deyib," "gəlib-gedəni vur" deyib" yanaşması doğru deyil. Yox, əgər, dediyim kimi, gücün çatmırsa, səsin eşidilmirsə, bayağı, zərərli saydığın proqramların efirdən çıxarılmasına, yaxud qüsurların düzəldilməsinə nail ola bilmirsənsə, sadəcə, görmə. Görməmək üçün də baxma. Hikmət Hacızadənin sözünə qayıdıram: "unut" deyirdi. Eyni şey və daha da çoxu xaricdə gizlənmiş "söyüş müxalifəti", " təhqir blogerləri" üçün də keçərlidir. Doğru, yanlış, montaj-şantaj üslubunda elə materiallar yayırlar, sosial şəbəkələrdə - vizual platformalarda elə leksikonla danışırlar, özünə hörmət eləyən adam bunlara baxmaz, üstəlik bəyənməz, şərh yazmaz, ictimai müzakirəyə çıxarmaq o yana qalsın, öz yaxın çevrəsində belə bundan danışmaz. Aydın məsələdir ki, o qaçaq müxalifləri kompromatlarla təchiz edənlər var. Ələ alıb, bu işə təhrik edənlər var. Bunu başa düşməyə nə var ki! Heç bir jurnalistin, yaxud blogerin heç bir açıq qaynaqlarda axtarıb tapa bilməyəcəyi məlumatlar, materiallar bu qaçaq müxaliflərin əlinə hardan keçə bilər?! Əlbəttə, XÜSUSİ mənbələrdən xüsusi məqsədlərlə ötürülür. Baxın, Vaşinqtonda törədilən hadisələrə baxın: arxasından "Rusiya izi" çıxdı. Bunlar aydındır. Bu işlər belədir də... Bəla da burasındadır: o cür XÜSUSİ ÖHDƏLİKLİ adamların - belə blogerlərin izləyiciləri nəyin doğru, nəyin yalan olduğunu bilmədən, montajdır bunlar, ya gerçək - anlamadan, dinləmədən, nə gəldi, necə gəldi, qəbul edir, baxır, inanır, reaksiya bildirir, paylaşır... Media savadlılığı belə yerdə lazımdır. Həm də orta məktəbdən başlayaraq. Mən xaricdəki blogerlərin hamısını da bir arşınla ölçmürəm; ağıllı təhlillər də var, doğru şərhlər də. Tənqid başqadır, təhqir başqa. Tənqidə normal münasibət göstərmək lazımdır. İstər ölkənin içində, istər çölündə olsun - sağlam, əsaslı, tutarlı tənqidi boğmaq olmaz. Qərəzli tənqiddirsə, başqa məsələ. Təhqirdirsə, o da ayrı. Bunun qarşısını ala bilməzsən; adamlar böyük-böyük dövlətlərə sığınıbsa, qüdrətli kəşfiyyatlara bağlanıbsa, burda durub onlara nə edə bilərsən ki?! Deyəcəksən: "Təhqir etmə", növbəti efirində səni də söyəcək. Ona görə də ən yaxşısı, Hikmət Hacızadənin dediyi kimi, unutmaq, iqnor etməkdir. Bunları görməmək üçün, ümumiyyətlə, sosial şəbəkə hesabını bağlamaq yol deyil. Baxmasan, görməyəcəksən! O qədər. Bahəddin Həzi, bizimyol.info
Geri qayıt |