Əsas Səhifə > Ana xəbər / Güney Press > “Dəhlizə fevralda formal olaraq start veriləcək” nə deməkdir?
“Dəhlizə fevralda formal olaraq start veriləcək” nə deməkdir?27-12-2025, 09:37 |
|
“Gələn ilin başlanğıcı çox, güman ki, ABŞ-ın Ermənistanla bağlı xarici siyasət fəaliyyətinin artması ilə yadda qalacaq”. Bunu beynəlxalq münasibətlər üzrə erməni ekspert Suren Sarkisyan öz feysbuk səhifəsində yazıb. Onun sözlərinə görə, fevralın əvvəlində İrəvana “yüksək vəzifəli Amerika rəsmisinin” (dövlət katibi Marko Rubio) səfəri gözlənilir və Cənubi Qafqazda ABŞ regional diplomatiyasının əsas diqqət mərkəzinə gələn “Tramp marşrutu”nun formal olaraq bu dövrdə açılması mümkündür. Qeyd edək ki, Suren Sarkisyan ABŞ siyasi dairələrində əlaqələri olan ekspert kimi tanınır. O, əvvəllər Vaşinqton və İrəvan arasında hazırlanan yüksək səviyyəli əlaqələr barədə sonradan təsdiqlənmiş bir sıra məlumatların müəllifidir. Bu məlumat da ciddiyə alına bilər. Çünki hazırda Vaşinqton Zəngəzur dəhlizi layihəsi ilə bağlı həm Azərbaycan, həm də Ermənistan tərəfi ilə intensiv ikitərəfli məsləhətləşmələr aparır. Bu fəallığın digər bir təsdiqi kimi Amerika-Azərbaycan Ticarət Palatasının bu yaxınlarda Azərbaycan və Ermənistanın ABŞ-dakı səfirləri - Xəzər İbrahim və Narek Mkrtçyanla TRIPP-lə bağlı apardığı müzakirələri göstərmək olar. Dəyirmi masa müzakirəsinə Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistandan olan diplomatlar da qoşulublar. Ermənistan Xarici İşlər Nazirliyi yazılı media sorğusuna cavab olaraq bildirib ki, tikinti işlərinin başlanması da daxil olmaqla, TRIPP layihəsinin praktiki icra mərhələsi 2026-cı ilə planlaşdırılır. Qeyd olunub ki, İrəvan hazırda “Tramp marşrutu” layihəsi üçün hüquqi çərçivə və tənzimləyici mexanizmlərin hazırlanması məqsədilə amerikalı tərəfdaşlarla danışıqlar aparır. XİN həmçinin layihənin həyata keçirilməsi üçün Ermənistan-Amerika birgə müəssisəsi olacaq “TRIPP Company”nin yaradılacağını da açıqlayıb. “Şirkət Ermənistanda qeydiyyatdan keçəcək və əsas infrastrukturun inkişaf etdirilməsi üçün səlahiyyətli olacaq. Buraya dəmir və magistral yolların, neft və qaz boru kəmərlərinin tikintisi və modernləşdirilməsi, eləcə də fiber-optik rabitə xətlərinin çəkilməsi daxildir”, - rəsmi açıqlamada deyilir. “Belə görünür ki, TRIPP (”Tramp marşrutu" - Zəngəzur dəhlizi) layihəsi çərçivəsində işlərə 2026-cı ilin ikinci yarısında başlayacağıq". Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan dekabrın 25-də jurnalistlərlə söhbətində deyib. O, ilk layihənin dəmir yolunun tikintisi olacağını söyləyib. “Bizim fikrimizcə, dəmir yolu birinci olmalıdır, çünki müvafiq marşrutlar keçmişdə fəaliyyət göstərib”, - deyə Paşinyan qeyd edib. O, qaz və neft boru kəməri layihələrinin planlaşdırılandan daha tez başa çatacağı ehtimalını istisna etməyib. Baş nazir bildirib ki, hazırda layihənin həyata keçirilməsi üçün çərçivə formalaşdırılır və Ermənistan və ABŞ müvafiq sənədi imzalamağa hazırlaşır, bundan sonra TRIPP layihəsinin növbəti mərhələsi başlayacaq. O, əlavə edib ki, regionda kommunikasiyaların açılması birbaşa sərhəd delimitasiyası ilə bağlıdır. Paşinyan izah edib ki, müəyyən hissədə hər hansı bir infrastruktur (dəmir yolu, qaz və neft boru kəmərləri və s.) tikiləcəksə, tikintiyə başlamazdan əvvəl dövlət sərhədini dəqiq müəyyənləşdirmək vacibdir, çünki bunun təşkilati, iqtisadi, hüquqi və digər nəticələri var. Baş nazir bildirib ki, TRIPP o qədər genişmiqyaslı layihədir ki, hər sual aydınlaşdırıldıqdan sonra həll edilməli olan yeni suallar ortaya çıxacaq. Paşinyan əlavə edib ki, “Tramp marşrutu” fəaliyyətə başlayanda - dəmir yolu, avtomobil yolu, qaz və neft boru kəmərləri və elektrik xətləri işə salındıqda - həll edilməli olan suallar yenidən ortaya çıxacaq və vəziyyətə bu cür yanaşmağı tələb edib. “Problemimiz ondadır ki, əvvəllər təkqatlı kiçik layihələrlə məşğul olurduq. Biz həmişə cavabsız suallar qoyan böyük layihələrə öyrəşməmişik”, - Baş nazir əlavə edib. Bu arada, Ermənistan mediası ABŞ-ın vitse-prezidenti J.D.Vensin 2026-cı ilin fevralında İrəvana səfər edə biləcəyi barədə xəbər yayıb. Məlumatlarda qeyd olunur ki, həmin günlərdə Meğridə TRIPP layihəsinin (Zəngəzur dəhlizi) təməlqoyma mərasimi gözlənilir və ABŞ-ın yüksək vəzifəli rəsmilərinin mümkün səfəri bununla əlaqələndirilə bilər. Ermənistan KİV-i məsələyə münasibət öyrənmək üçün Xarici İşlər Nazirliyinə sorğu ünvanlayıb. Xarici İşlər Nazirliyinin mətbuat xidməti bildirib ki, “Ermənistana planlaşdırılan yüksək vəzifəli səfərlər barədə vaxtında və müvafiq məlumat veririlir”. Bəs Rubio və Vens İrəvana gələsi olsalar, Azərbaycana da baş çəkəcəkmi? “Zəngəzur dəhlizinə fevralda formal olaraq start veriləcək” nə deməkdir? Professor Qabil Hüseynlinin sözlərinə görə, Ermənistana Rubio və ya Vensin səfər edəcəyi barədə rəsmi məlumat yoxdur. Onun fikrincə, əgər bu ranqda bir görüş olarsa, Azərbaycan və Gürcüstan da səfər proqramında yer alacaq: “ABŞ rəsmiləri bir çox hallarda Cənubi Qafqazın hər üç ölkəsinə baş çəkir. Lakin ”Tramp yolu" layihəsi birbaşa ABŞ ilə Ermənistan arasında razılaşmadır deyə təməlqoyma mərasimində yüksək səviyyəli amerikalı bir məmurun iştirakı istisna deyil. Zənnimcə, belə bir toplantıda Azərbaycan və Türkiyədən də nümayəndələrin olması mümkündür. Hələliksə bunlar nəzəri mülahizələrdir. Biz gələn il regionda mürəkkəb proseslərin baş verəcəyini gözləyirik. Bu da Zəngəzur ətrafında gedən proseslərə də mənfi təsirini göstərə bilər. Çünki Rusiya Ermənistana açıq xəbərdarlıq edib, Zəngəzur istiqamətində rus hərbçilərin mövcudluğunu, dəmir yolunun isə onlara aid olduğunu eyham vurub. Yəni Rusiya iştirak etmədən dəhlizin açılmasının mümkünsüz olduğunu deməyə çalışırlar. Ona görə tələsik proqnoz verməyin əleyhinəyəm". Politoloq hesab edir ki, layihə bütün hallarda həyata keçəcək, sadəcə, zaman faktoru əhəmiyyətlidir: “Ermənistan üçün 2026 həlledici ildir. Bir yandan dəhlizin tikintisi başlanır, bir tərəfdən yayda kritik seçkilər keçirəcək, başqa yandan isə yeni konstitusiya mətni qəbul olunacaq. Paşinyana bu proseslərdə güclü təzyiq olacaq. Biz bunu yeni ilin ortalarında görəcəyik. Şübhəsiz ki, hansı daxili və xarici problemlərinin olmasına baxmayaraq, Ermənistan rəhbərliyi öhdəliyini yerinə yetirməli, Naxçıvana quru yolu təmin etməlidir. Bu, həm də ermənilərin sosial rifahına təsir edəcək. Baxın, taxıl daşınır, neft məhsulları gedir və erməni cəmiyyəti buna alışmağa başlayır. Paşinyan xalqa göstərir ki, sülh şəraitində yaşamağın üstünlükləri var: əsgər ölmür, sabitlik bərqərar olur və ticarətdən, iqtisadi əməkdaşlıqdan hamı xeyir götürür. Zəngəzur koridoru da bu mənada müsbət dividendlər gətirəcək. Beləliklə, əgər gələn il Rubio Ermənistana gələrsə, həm Azərbaycana baş çəkəcək, həm də ”Tramp yolu" layihəsinin icrası sürətlənəcək. Məncə, Rusiya əngəl olmaq əvəzinə bu dəhlizin faydalarından yararlanmalıdır". “Yeni Müsavat” Geri qayıt |