Əsas Səhifə > Ana xəbər / Güney Press > Paşinyanın iqtisadi uğurları: Kağız üzərində hər şey gözəldir...

Paşinyanın iqtisadi uğurları: Kağız üzərində hər şey gözəldir...


22-12-2025, 11:02

“Noyabrın əvvəlində rəsmi statistika 2024-cü il üzrə yoxsulluqla bağlı qısa hesabat dərc etdi və bu, hakimiyyətin təbliğatçıları tərəfindən manipulyasiya predmetinə çevrildi”.

"DİA-AZ" ordu.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri “Hakimiyyəti hətta metodologiya da xilas etmədi, cin şüşədən çıxacaq” başlıqlı məqaləsində yazıb.

Nəşr qeyd edib ki, Ermənistan hakimiyyətinin nümayəndələri əvvəlki illərlə müqayisədə Ermənistanda yoxsulluğun kəskin şəkildə azaldığı təəssüratı yaratmağa çalışıblar.

“Halbuki, rəsmi statistika hesabatın qeydlər hissəsində xüsusi olaraq vurğulamışdı ki, yoxsulluğun hesablanma metodologiyası dəyişdirilib və açıqlanan göstəricilər əvvəlki illərin məlumatları ilə müqayisə edilə bilməz. Müqayisə imkanı yaratmaq üçün əvvəlki illərin göstəricilərinin də eyni metodologiya ilə yenidən qiymətləndiriləcəyi vəd olunmuşdu.

“2024-cü il üzrə tədqiqatda məlumatların aktuallığını təmin etmək məqsədilə seçmə çəkiləri 2022-ci il əhali siyahıyaalınmasının nəticələri əsasında aparılan daimi əhali uçotu məlumatları nəzərə alınmaqla dəqiqləşdirilib. Bununla əlaqədar olaraq, 2024-cü il üzrə yoxsulluq göstəriciləri əvvəlki illərin müvafiq göstəriciləri ilə müqayisə edilə bilməz.

Bu səbəbdən qeyd olunan çəkilərin tətbiqi ilə 2022 və 2023-cü illər üzrə yoxsulluq göstəriciləri də yenidən nəzərdən keçiriləcək və nəticələr “Ermənistanın sosial mənzərəsi və yoxsulluq 2025” statistik-analitik hesabatında dərc olunacaq”, - deyə Statistika Komitəsi qeyd etmişdi.

Lakin yaxın vaxtlarda dərc olunan “Ermənistanın sosial mənzərəsi və yoxsulluq 2025” statistik-analitik hesabatında 2022 və 2023-cü illər üzrə yoxsulluq göstəricilərinin yeni metodologiya ilə yenidən qiymətləndirilib dərc edildiyi yer almayıb”, - deyə nəşr bildirib.

KİV vurğulayıb ki, üstəlik, belə bir yenidən qiymətləndirmədən tamamilə imtina edildiyi açıqlanıb.

“Hesabatda açıq şəkildə deyilir: “2022 və 2023-cü illər üzrə yoxsulluq göstəricilərinin yenidən nəzərdən keçirilməsi aparılmır”.

Halbuki əvvəlki illərin göstəricilərinin yenidən qiymətləndirilməsi olduqca vacib idi, çünki bu, Ermənistanda yoxsulluq mənzərəsinin necə dəyişdiyini anlamağa imkan verirdi. Bu olmadan yoxsulluğun dəyişməsi barədə hər hansı nəticə çıxarmaq mümkün deyil.

Əvvəlki illərin göstəricilərinin niyə yenidən qiymətləndirilmədiyini, halbuki bunun əvvəl həmişə edildiyini yalnız ehtimal etmək olar. Ola bilsin ki, bu halda yoxsulluğun azalmadığı, əksinə, daha da dərinləşdiyi üzə çıxardı. Bu isə təbii ki, beşillik fəaliyyət proqramının sonuna yaxınlaşan və Ermənistanda yoxsulluğu yarıbayarı azaltmağı, ifrat yoxsulluğu isə tamamilə aradan qaldırmağı vəd etmiş indiki hakimiyyətin maraqlarına uyğun olmazdı.

Nəticədə isə hər iki vəd yerinə yetirilməyib. Yoxsulluq yarıbayarı azaldılmaqdan çox uzaqdır, ifrat yoxsulluq isə aradan qalxmayıb. Metodologiyada son dəyişikliklərdən sonra Ermənistanda yoxsulluq səviyyəsi 21,7 faiz, ifrat yoxsulluq isə 0,6 faiz təşkil edib.

2018-ci ildə Ermənistanda ifrat yoxsulluq 1 faiz idi, son açıqlanan məlumatlara görə isə, hesablamanın metodologiyası dəyişdirildikdən sonra bu göstərici 0,6 faizə düşüb”, - deyə məqalədə qeyd edilib.

KİV vurğulayıb ki, yoxsulluq göstəricisi də bu müddət ərzində ciddi dəyişiklik keçirməyib.

“Xüsusilə də onun yarıbayarı azaldılmasından danışmaq gülüncdür. Belə bir təəssürat yaranır ki, metodologiyanın vaxtaşırı dəyişdirilməsi məqsədli şəkildə aparılır ki, yoxsulluq göstəricilərində baş verən real dəyişiklikləri qiymətləndirmək mümkün olmasın. Lakin bu, əlbəttə ki, adi vətəndaşın və ya yoxsulun bu illər ərzində həyatının necə dəyişdiyini bilmədiyi anlamına gəlmir.

Nikol Paşinyan və hakim partiyanın rəsmiləri reallığı nə qədər təhrif etməyə çalışsalar da, Ermənistanda yüz minlərlə insan yoxsulluq şəraitində yaşayır və əgər ümumiyyətlə daha da kasıblaşmayıblarsa, onların həyatında son illərdə heç nə dəyişməyib. Üstəlik, bütün bunlar tez-tez səsləndirilən “dünya səviyyəli” yüksək iqtisadi artım şəraitində baş verib”, - deyə məqalədə bildirilib.

Nəşrin yazdığına görə, bu yaxınlarda Ermənistan hakimiyyətinin siyasi təbliğatçılarından biri, iqtisadiyyat naziri fəxrlə bəyan edirdi ki, Ermənistanda adambaşına düşən ÜDM-i iki dəfədən çox artırıblar.

“Bu isə o deməkdir ki, ən azı buna yaxın səviyyədə vətəndaşların gəlirləri də artmalı idi. Amma artmayıb, ölkədə yaradılan iqtisadi nəticənin bölüşdürülməsi ilə bağlı Nikol Paşinyan nə desə də, fakt dəyişmir.

“Cini əmsalı ölkədə yaradılan gəlirlərin əhali arasında nə dərəcədə bərabər bölüşdürüldüyünü göstərir. Son göstəricilərə görə, Ermənistan bu baxımdan ciddi irəliləyiş əldə edib və əvvəlki dövrlə müqayisədə kifayət qədər yaxşı artımlar var. Bu da o deməkdir ki, ölkədə yaradılan vəsaitin və nəticənin bölüşdürülməsi mümkün qədər bərabər və ədalətli şəkildə həyata keçirilir”, - deyə Nikol Paşinyan parlamentdə yoxsulluqdan danışarkən fəxrlə bildirirdi. O isə unudurdu ki, əgər iqtisadi nəticə bu qədər ədalətli və bərabər bölüşdürülürsə, adambaşına düşən ÜDM-in ikiqat artımı şəraitində niyə Ermənistanda yoxsulluq nəzərəçarpacaq dərəcədə dəyişmir və sosial qütbləşmə getdikcə dərinləşir?

Nəticə isə sadə və aydındır, çünki qeydə alınan iqtisadi artımlar şişirdilmiş göstəricilərdir. Daha da önəmlisi isə yaradılan iqtisadi nəticə son dərəcə qeyri-bərabər bölüşdürülür. Buna əmin olmaq üçün dağ-daş gəzməyə ehtiyac yoxdur. Sadəcə olaraq, hakim partiyaya mənsub məmurların maaş və digər gəlirlərinin bu müddət ərzində neçə dəfə artdığını, pensiyaçıların və aztəminatlı ailələrin gəlirlərinin isə nə qədər yüksəldiyini müqayisə etmək kifayətdir.

Bundan sonra hər şey yerli-yerinə düşəcək və nə yoxsulluq göstəricilərinin qiymətləndirilməsinə, nə yenidən hesablanmasına, nə də metodologiyaların dəyişdirilməsinə ehtiyac qalacaq. Bu gün Ermənistanda 660 mindən çox yalnız pensiyaçı və müavinət alan var və onların gəlirləri bu illər ərzində hətta inflyasiyanın tempinə belə çata bilməyib”, - deyə nəşr bildirib.

Müəllif yazıb ki, təkcə bu faktın özü Ermənistanda yoxsulluğun azalmasının mümkün olmaması üçün kifayət idi.

“Hələ cəmiyyətin böyük hissəsini təşkil edən digər sosial həssas qrupları demirik ki, onların da gəlirləri həm son bir neçə ildə, həm də ötən il ərzində ciddi dəyişiklik keçirməyib.

Belə şəraitdə Ermənistanda yoxsulluğun azalması, hətta rəsmi statistikanın metodologiya dəyişdirildikdən sonra daha aşağı göstərici qeydə almasına baxmayaraq, son dərəcə şübhəlidir”, - deyə nəşr bildirib.


Geri qayıt