Əsas Səhifə > Güney Press / Ana xəbər > Saatlının mərkəzi bazarı bədbəxt hadisələrə “gəl-gəl" deyir
Saatlının mərkəzi bazarı bədbəxt hadisələrə “gəl-gəl" deyir7-03-2015, 12:02 |
![]() Bildiyiniz kimi, bu gün ölkəmizin əksər rayonlarında geniş abadlıq-quruculuq işləri həyata keçirilir, əhalinin sosial durumunun yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər görülür. Bölgələrdə yeni iş yerlərinin açılması, müasir park və əyləncə mərkəzlərinin tikilməsi əhalinin ürəyincədir. Eyni zamanda, əhalinin rahat yaşayışını fikirləşən rəsmi qurumların nümayəndələri əyalətlərdə müasir tipli bazar və ticarət mərkəzlərinin tikintisinə də xüsusi diqqət yetirirlər. Bölgələrdə yaşayan insanlar müasir tələblərə cavab verən bazarlarda rahat şəkildə alış-veriş etmək imkanı qazanırlar. Lakin bəzi rayonların sakinləri hələ də Sovet dövründən qalma, uçuq-sökük antisanitar şəraitin baş alıb getdiyi bazarlardan alver etmək məcburiyyətində qalıblar. Məsələn, Muğan düzündə yerləşən Saatlı rayonunun sakinləri müasir bazarın üzünə həsrət qalıblar. İnsaf naminə qeyd etmək lazımdır ki, Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov rayona başçı təyin olunandan sonra xeyli iş görüb. Məhz onun rəhbərliyi altında rayon öz görkəmini tamamilə dəyişib və gözəlləşib. Bütün bunlara baxmayaraq, rayonda hələ də təzə bazar tikilmir ki, tikilmir. Köhnə bazar isə Saatlı rayonunun mərkəzində, magistral yola yaxın yerləşdiyindən ciddi problemlərə "gəl-gəl" deyir. Yerli sakinlərın redaksiyamıza bildirdiyinə görə, qonşu rayonlara gedən yolun üstündə yerləşən bazarda hər həqiqə bədbəxt hadisələr baş verə bilər: "Çünki bazarla mərkəzi yolun arasındakı məsafə heç yarım metr deyil. Bir neçə dəfə ərazidən yüksək sürətlə keçən maşınlar təhlükə yaradıblar. Az qalır ki, maşınlar bazarın içindən keçsin. Hələ ki, xoşbəxtlikdən qəza baş verməyib, xəsarət alan olmayıb. Lakin bu cür təhlükələr gözləniləndir. Bunun qarşısını almaq üçün isə bazarın yerinin dəyişdirilməsinə, daha doğrusu yeni bazarın tikintisinə ehtiyac var. İcra başçısı sağ olsun, bu günə kimi çox işlər görüb, amma bir bazarın tikintisi nə böyük şeydir ki, indiyə qədər bunu həyata keçirmirlər. Rayon İcra Hakimiyyətinin daxili imkanları hesabına hər cür şərait olan bazar tikib əhalinin istifadəsinə vermək mümkündür. Bunun üçün o qədər də böyük vəsait tələb olunmur". Narazı sakinlərin sözlərinə görə, ticarət üçün uyğunsuz mövqedə yerləşən mərkəzi bazarda antisanitariya baş alıb gedir: "Bazarda sanitar və gigiyenik qaydalara qətiyyən riayət olunmur. Müxtəlif meyvə-tərəvəz, həmçinin ərzaq məhsullarının satıldığı piştaxtaların üstü həftələrlə təmizlənmir. Ət satışına nəzarət çox zəifdir. Bazar rəhbərliyi ərazinin təmiz saxlanmasına nəzarət edə bilmir. Bazarın ərazisində yerləşdirilən zibil qutuları günlərlə boşaldılmır. Bu isə yekun nəticədə antisanitar vəziyyətin yaranmasına gətirib çıxarır". Şikayətçilər deyir ki, havalar isinəndən sonra bazarda dəhşətli üfunət iyi meydana gələcək: "Yaz və yay aylarında üfunət iyindən bazara girmək mümkün olmur. Amma yeni bazar tikilsə, bu problemlərin heç biri olmaz. Sakinlərin bir çoxu bazarda mövcud olan şəraitdən razı deyil. Bu səbəbdən onların bir hissəsi ərzaq və meyvə-tərəvəz məhsullarına olan ehtiyaclarını ödəməkdən ötrü məcburiyyət qarşısında qonşu rayonlardakı bazarlara üz tuturlar. Bizim qəzet vasitəsilə rayon rəhbərliyindən xahişimiz odur ki, təzə bazar tikib əhalinin istifadəsinə versinlər". İnanırıq ki, Saatlı Rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri əhalini narahat edən məsələni tezliklə yoluna qoyub sakinlər üçün müasir tələblərə cavab verən bazar tikəcəklər. \\ "günBakı" \\ Geri qayıt |