Əsas Səhifə > Güney Press / Ana xəbər > "Azərkimya"nın rəhbəri dövlət əmlakını özününkü bilir...

"Azərkimya"nın rəhbəri dövlət əmlakını özününkü bilir...


14-01-2015, 12:01
"Azərkimya"nın rəhbəri dövlət əmlakını özününkü bilir...
Qəzetimizin ötən saylarından birində ARDNŞ-in "Azərikimya" İstehsalat Birliyində (İB) yaşanan qanun pozuntuları, o cümlədən işçilərin maaşlarının gecikdirilməsi, əmək qanunvericiliyinin tələblərinə riayət edilməməsi və işçilərin iş şəraitindən artıq işlədilməsi barədə geniş yazı dərc etmişdik. Qeyd edək ki, yazı böyük səs-küyə səbəb olub. Belə ki, həmin məqalədən sonra Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəsmiləri İstehsalat Birliyində hökm sürən qanunsuzluqlara öz münasibətlərini bildiriblər. Bundan əl-ayağa düşən birlik rəsmiləri isə redaksiyamızla əlaqə saxlayaraq işçilərin maaşlarının gecikdirilməsi və digər qanunsuz halların olmadığını bildirdilər. Təbii ki, onların cavabı belə də olmadı idi. Ona görə ki, hələ bu günə qədər heç bir dövlət qurumunun məsul işçisi çalışdığı müəssisədə mövcud olan xoşagəlməz halları təsdiq etməyib. Sanki onlar aydan arı sudan durudur. "Azərikimya" İstehsalat Birliyinin yetkili şəxsləri həmçinin qəzetimizin elektron ünvanına məktub da göndərib. Məktubda bildirilir ki, 2009-cu ildə, yəni birlik ARDNŞ-in struktur tərkibinə verilməmişdən öncə işçilərin əməkhaqları orta hesabla 204 manat təşkil edirdisə, hazırda bu rəqəm (2014-cü il üçün) 623 manat təşkil edir ki, bu da müqayısədə 3 dəfədən də çox artım deməkdir. Bu 5 ilə yaxın bir müddət ərzində bir ay da olsun maaşların ödənilməsində gecikmə halı müşahidə olunmamış, hər növbəti ayın 10-da vəzifəsindan asılı olmayaraq hamı bir nəfər kimi maaşını almışdır. Bütün işçilərlə əmək müqaviləsi bağlanılmış, işçilər əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları ilə davamlı olaraq təlimatlandırılırlar. Biz qarşı tərəfin mövqeyinə hörmətlə yanaşırıq. Amma məsələ burasındadır ki, Sumqayıtın deputatı hörmətli Muxtar Babayevin rəhbərliyi altında fəaliyyət göstərən "Azərikimya" İstehsalat Birliyində kifayət qədər neqativ hal var. Sadəcə, birlikdə təmsil olunan vəzifəli şəxslər hansısa maraqlarının qarşılığında həmin qüsurları görməzdən gəlirlər. Apardığımız araşdırmalar nəticəsində sözügedən qurumda hökm sürən qanunsuzluqlarla bağlı yeni məlumatlar əldə etmişik. "Azərikimya"dakı mənbələrimizdən əldə etdiyimiz məlumatlara görə, Muxtar Babayev istehsalat birliyinin ərazisini qanunsuz şəkildə "Baku Steel Company" MMC-yə icarəyə verib: "Qurumda baş verən struktur dəyişikliyindən sonra bəzi zavodlar fəaliyyətini dayandırdı. Həmin zavodların yerləşdiyi ərazilər isə Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin balansına verildi. Bundan başqa, "Azərikimya"nın balansında qalan bəzi torpaq sahələrində isə özbaşına işlər görülür. Belə ki, Muxtar müəllim həm deputat səlahiyyətlərindən, həm də qurumdakı rəhbər vəzifəsinin verdiyi arxayınlıqdan istifadə edərək dövlət qurumunun ərazisini MMC-yə icarəyə verib. Dövlət Neft Şirkətinin rəsmiləri bu faktı araşdırsalar, deyilənlərin yalan olmadığını görərlər. Dövlət müəssisəsinin balansındakı torpaq sahəsinin özəl şirkətə icarəyə verilməsi qanunlara ziddir. Çünki qeyd olunan ərazi qurumda struktur dəyişikliyi baş verəndən sonra Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin balansına verilməli idi. Amma millət vəkili Muxtar Babayev hansısa yollara baş vurandan sonra bu prosesin qarşısını aldı". Mənbənin məlumatında o da bildirilir ki, ümumiyyətlə, birliyin direktorunun "Azərikimya"ya rəhbərliyi ürəkaçan səviyyədə deyil: "İstehsalat Birliyində köhnə problemlərin yetərli hissəsi hələ də həll olunmamış qalır. Təəssüf ki, Muxtar müəllim köhnə rəhbərliyin yol verdiyi nöqsanları aradan qaldıra bilmir. Bəlkə də özü bilərəkdən aradan qaldırmaq istəmir. Bu adam iş fəaliyyətindən daha çox biznes layihələri ilə gündəmə gəlir. Deyilənə görə, onun Sumqayıt və Bakıda saysız-hesabsız ticarət obyektləri, mənzilləri, villaları, habelə turizm rayonlarında istirahət mərkəzləri var. Muxtar Babayev nə millət vəkili, nə də birlik direktoru kimi özünü doğrulda bilir. Onun seçicilərinə qarşı göstərdiyi laqeyd münasibətlə bağlı mətbuatda dəfələrlə tənqidlər eşidilib. Bundan başqa, parlament jurnalistlərinin bir çoxu onun fəaliyyətsiz deputat olması barədə fikirlər səsləndiriblər. Bir sözlə, Muxtar müəllim dövlətin iri sənaye müəssisələrindən hesab edilən "Azərikimya"nı qabağa apara bilmir. Bunun nəticəsidir ki, hazırda ölkəmizdə kimya sənayesində inkişaf ləng gedir". Məsələ ilə bağlı qarşı tərəfin fikirlərini öyrənməyə çalışsaq da, birlikdən bizə Muxtar Babayevin məzuniyyətdə olduğunu bildirdilər. Buna baxmayaraq, birlik direktorunun da cavab haqqını tanıyırıq. Yəqin ki, ARDNŞ-in rəhbəri Rövnəq Abdullayev yazdıqlarımızı cavabsız qoymayacaq.
\\ gundelik-baku.com \\
Geri qayıt