Əsas Səhifə > Güney Press > "Narkotikin sonu üç yerdə bitir
"Narkotikin sonu üç yerdə bitirBu gün, 15:21 |
|
Məktəb yaşlarından siqaret kötüyü axtaran bir uşaq, illər sonra narkotik asılılığının ən qaranlıq girdabına düşərək azadlığını, sağlamlığını, dostlarını itirib. Həbsxana kameraları, məhkumluq həyatı və bitib-tükənməyən peşmanlıqlar onun həyatının ayrılmaz hissəsinə çevrilib. Lakin taleyin ironiyası ondadır ki, mülki həyatda narkotikdən uzaq qala bilməyən bu insan Vətən müharibəsi başlayanda silaha sarılaraq ön cəbhəyə yollanıb, döyüşüb. Lent.az uzun illər narkotik istifadəçisi olan, üç ildir asılılıqdan qurtulan və hazırda “12 Addım Reabilitasiya Mərkəzində” növbə rəhbəri kimi çalışan Babək Muxtarovla müsahibəsini təqdim edir. - Narkotik istifadəsinə nə zamandan başlamısınız? - Orta məktəb vaxtlarından narkotik istifadəçisiyəm. Aşağı siniflərdə yüngül, daha sonra isə həb şəklində olan narkotiklərdən istifadə edirdim. Tələbə olanda, birinci kursda oxuyarkən ağır narkotikə keçərək, asılılığımı daha da ağırlaşdırdım. Narkotikə görə bir neçə dəfə məhkum oldum. - Hansı maddə ilə cinayət işi açıldı? - Cinayət Məcəlləsinin 234.1-ci maddəsi (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) ilə cinayət işi açıldı. Sonuncu dəfə 2020-ci ildə həbsdən çıxıb, sentyabrda könüllü şəkildə 44 günlük Vətən müharibəsinə qatıldım. Dekabra qədər qaynar nöqtələrdə döyüşdüm. Veteranam, medallarım var. - Müharibədən qayıdandan sonra yenə də narkotik istifadə etdiniz? - Təxris olunandan sonra yenə də narkotik istifadəsinə görə məhkumluq həyatı yaşadım. - Necə olur ki, mülki həyatda narkotiksiz bir an belə qala bilməmisiniz, amma müharibəyə gedib, axıra kimi döyüşmüsünüz? Orada heç narkotik istəmirdiniz? - Vətən üçün getmişdim döyüşə. Ora özümü fikirləşməyimin yeri deyildi. Söz yox, çox dözülməz ağrılar olurdu, amma əlimdə silah tutub vətənin keşiyində dayanmalı idim. - Dəfələrlə məhkum həyatı yaşamısınız. Özünüzə “artıq bəsdir, həbsə düşməməliyəm” demədiniz? - İnanın ki, bu, mənim iradəmdən asılı deyildi. Mən xəstəliyimi tanımırdım. Elə bilirdim ki, həbsə düşəndə fiziki ağrılarım bitəcək, oradan çıxandan sonra daha istifadə etməyəcəm. Amma həbsdən çıxdığım an ağlıma “narkotik istifadə etməliyəm”, fikri gəlirdi. - Narkotiki məktəb vaxtından istifadə edirsiniz. Onu haradan tapırdınız? Niyə başladınız istifadəyə? - Kriminal aləmə o qədər meyilli idim ki, narkotiki axtarmaq üçün hər yola əl atırdım. Məndən böyük uşaqlar siqaret formalı narkotikdən istifadə edirdilər, gedib onların yanında dururdum, gözləyirdim ki, kötüyünü yerə atsınlar, götürüm, yandırım çəkim. Ondan sonra marixuana, psixotrop dərmanlar qəbul edib, damardaxili növlərə keçdim. Elə bataqlığa da onda düşdüm. Hər şeyimi itirdim. Canım, azadlığım, inamım, etibarım, pulum, avtomobilim getdi. Narkotik almaq üçün oğurluq edirdim, yalan danışırdım, telefon satırdım, maşınımı girov qoyurdum. - Narkotik bir kənara, ailəniz heç siqaret çəkmə, yaşın azdır demirdi? - Çoxlu variantım var idi. Siqareti çəkəndə əlcək taxırdım, saqqız çeynəyirdim, tumu qabıqlı yeyirdim. Fərqində olmadan asılılığımı inkişat etdirirdim. Özümü narkoman olmağa hazırlayırdım. - Narkoman olub nə etməyi düşünürdünüz? Narkomanlıq bir rütbə, vəzifə idi? - Bizim məhəllədə bir yaşlı narkoman var idi. O kişinin qolunda qəşəng qızıl saat, altında bahalı avomobil, əynində uzun plaş, başında norka papaq, çəkdiyi siqaret də "Marlboro"ydu. Onu görəndə hamı çəkinirdi, hörmət edirdi, qorxurdular. Mən də o narkomanı özümə kumir seçmişdim. Elə bilirdim ki, narkotik məni də onun kimi edəcək. Amma reallıq o deyildi. Mən ağır narkotiklə tanış olanda gördüm ki, həmin fanatiklik etdiyim kişi yüksək dozada narkotikdən yıxılıb öldü. Çox sonralar araşdırdım ki, o kişiyə qalan elə o avtomobil, qızıl saat, bir də bahalı siqaret imiş. Əslində bütün ailəsini, yaxınlarını narkotik uğrunda itiribmiş. - Bəs asılılıqdan qurtulmaq necə, çətin idi? - İlk dəfə bura gələndə 47 günə tutmalardan (lomka) çıxdım. Həmin vaxt çox əzab-əziyyət çəkirdim. Mərkəzdə əvvəlki azadlığım əlimdən alınmışdı, qaydalara öyrəşə bilmirdim. Evdəkilər məni aldadıb gətirmişdilər. Sonra məni qoyub, çıxıb getdilər. Gördüm ki, buradakılar insan kimi yaşayırlar, mən isə insan həyatını xoşlamırdım, zombiləşməyə doğru gedirdim. Zamanla mühitə öyrəşə-öyrəşə özümü düzəltməyə başladım. - Narkotik qəbul edəndə heç peşman olmurdunuz əməlinizdən? - Yox, əksinə deyirdim ki, evdəkilər nə qədər danışırlar. Bircə pulum olsun narkotik alım, vəssəlam. Narkoman üç şey düşünür – pul, narkotik, istifadə və oğurluq üçün yer. - Narkotik istifadəçisi ola-ola tələbəlik həyatınız da keçib. - Tibb kollecində oxuyurdum. Elə birinci kursdan ağır növ narkotikə başladım. Tələbə yoldaşlarım da bilirdilər, qızlar bir az çəkirdilər. Onlara deyirdim ki, təqaüd alanda mənə də şirinlik verin. Yazıqlar mənə inanıb, pul verirdilər. - İndi də əlaqəniz var? - Əlbəttə, danışırıq, yazışırıq. Onlar da indiki halıma çox sevinirlər. - Narkotikdən sonra maddi yox, mənəvi mənada itkiləriniz oldu? - Hamını itirdim, anam istisna olmaqla. O məndən əl çəkmədi. Digərlərini də başa düşürəm. Nə qədər yaxın olsaq da, qorxub çəkinirdilər. Kim istəyər ki, narkomanla dostluq etsin? Narkoman adı bir ləkədir. Amma cəmiyyət dəstək olmalıdır həmin adamlara. Mən ziyanı ancaq özümə vururdum, kiməsə heç vaxt narkotiki məsləhət bilməmişəm. - Bəs evdən satdığınız əşya olub? - Anamın qızıllarını satdım. Bir dəfə də ağrılarım var idi, nə qədər etsəm də pul vermədilər. Anam televizora baxdığı yerdə onun naqilini elektrikdən ayırıb, aparıb dəyər-dəyməzinə satdım. İdarə edə bilmirdim özümü, ağılsız idim. - Ailəlisiniz? - Bəli, 1 yaş iki aylıq qız övladım var. İndi də onun üçün yaşayıram. Üzümü gənclərə, cavanlara, uşaqlara tutub demək istəyirəm ki, narkotikin sonu üç yerdə bitir – həbsxana, xəstəxana, qəbiristanlıq. Narkotikə başlayanda bir-iki ay rəngli günlər keçə bilər, amma üç aydan sonra dünya qaralır. Mən rəngləri unutmuşdum, hər yer qara idi. - Neçə il həbsdə olmuzunuz? - Dörd dəfə həbsə düşmüşəm. Ümumilikdə doqquz il üç ay məhkum olmuşam. - Sizə narkotik satan adamlar indi haradadırlar? - Onların yarısı həbsdədir, yarısı da qəbirdə. Geri qayıt |