Əsas Səhifə > Güney Press > Mandatı olsa da, misrası olmayan şair deputatımız
Mandatı olsa da, misrası olmayan şair deputatımızBu gün, 16:26 |
|
Milli Məclisdə zaman-zaman xeyli yazıçı və şairlər təmsil olunub. Səmimi danışsaq, əvvəllər təmsil olunan yazıçı-şairlər siyasətdən əlavə həqiqətən də pis-yaxşı ədəbiyyatlarına görə seçilirdilər. Yəni onların adları gələndə təkcə siyasət, mandat yox, həm də ən azı bir neçə əsər adları da yada düşürdü. Məsələn, Musa Yaqub, Sabir Rüstəmxanlı, Aqil Abbas, Bəxtiyar Vahabzadə, Zəlimxan Yaqub, Vaqif Səmədoğlu, Maqsud İbrahimbəyov və s. Ancaq müstəqillikdən sonra ədəbiyyat adına təmsil olunan, lakin ədəbiyyatdan başqa hər şeylə məşğul olan adamlar da var. Söhbət Musadan, Allah Musa Yaquba rəhmət eləsin, Musa Uruddan gedir. Musa Urud nəinki oxucuların, hətta yazıçı-şairlərin də gözündə qələm adamı deyil. Çünki onun əlində həmişə qələm əvəzinə mikrofon olub. Əslində, Musa Urud siyasət adamı da deyil, ancaq ən azından mandatı, kreslosu var. Lakin qələmdən və mətndən məhrumdur. Onun ədəbiyyatı üçün kağız-kuğuz çatır, ancaq istedad çatışmır. Bir çox vəzifələrə qələmsiz daxil olan Musa Urud, əlbəttə, heç kimdən geri qalmayaraq Yazıçılar Birliyinin idarə heyətində yer, üzr istəyirəm, kreslo alır. Ancaq Allah var, ən lazımsız, heç gedib oturmadığı yeganə kreslo Yazıçılar Birliyidir. Obrazlı desək, bəzi adamlar ədəbiyyata söz gətirir, bəziləri nəfəs, bəziləri ağrı. Musa Urud isə vəzifə gətirib. Belə baxanda, onun vikipediyası həm zəngindir, həm də cansıxıcı. Təsəvvür edin, eyni zamanda Azərbaycan-Qırğızıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridir. Bundan başqa, Azərbaycan-Çexiya, Litva, Özbəkistan, Pakistan, Rumıniya, Estoniya, Serbiya, Şimali Makedoniya, Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun da üzvüdür. Mura Urud bu qədər iş ilə yanaşı, Allah qoymasa, yaradıcılıqla da məşğul olur. Di gəl, hələ dişədəyəsi bir yaratdığı nəsə də yoxdur. Məsələn, hansı oxucunun Musa Urud deyəndə ağlına şeir, ümumən ədəbiyyat gəlir? Gör bir nə qədər istedadsız qələm sahibidir ki, onu heç siyasət də düzəməlli tanıda bilməyib. Musa Urudun 15-20 kitabı da var. Kitabların içindəkilərdən danışmaq olmur, olmaz da. Ancaq gəlin, heç olmasa, adlarına nəzər salaq. Məsələn, biri belədir: “Nuh gəmisinə götür bizi”. Niyə, ay müəllim? Sizin Nuhun gəmisi ilə nə işiniz var? Özünüzə orada da yer ayırtmaq istəyirsiniz? İmkan verin, heç olmasa, dünya dağılanda bir yerimiz olsun da. Deputatımızın başqa bir kitabı da var. Məncə, ən maraqlısı budur. Adını deyirəm, ancaq xahiş edirəm, gülməyək. “Üzü haqqa gedirəm”. Yavaş, ay müəllim. Siz Allah, qayıdın geri, nə işiniz var haqla? Haqq sizə nə edib ki, hələ bir üzünüzü tutub ona sarı gedirsiniz? Xahiş edirəm, haqqa qarşı bu qədər haqsızlıq etməyin. Ya da bilirsiniz nə var? Gülün getsin e. Hahahahahahahaha. Öldüm, ay Allah. İlahi, sən özün məni it elə. Mırrr hav havv. Hələ biri də var, “Payız küləyi”. Daha heç nə demirəm. Qoy ürəyim partlasın, ölüm. Göründüyü kimi, Musa Urud Azərbaycanın ilk canlı CV-sidir. Yerinə CV. Hara baxırsan, işçi qrupu, komissiya, nümayəndə heyəti, səfər, tədbir, forum. Yəni bioqrafiyasında fəaliyyət çoxdur, ədəbiyyatda isə istedadsızlıq. Onu ədəbiyyatda bir nümunə hesab etmək olar: İstedadsızlıq nümunəsi. Bəlkə də, o elə bilib ki, nəsə bir iz qoya biləcək. Ancaq Musa Urud bilmir ki, ədəbiyyatda iz qoymaq başqa şeydir, kabinetdə iz salmaq başqa. Görünür, Musa müəllim ikincini seçib. Birincidə isə vəziyyət belədir: kitablar var, amma oxucu ilə arasında elə bir məsafə var ki, ora ancaq parlamentlərarası dostluq qrupu ilə getmək olar. Aydın məsələdir ki, Musa Urud ədəbiyyat hadisəsi deyil. Heç siyasət, lap elə təbiət hadisəsi də deyil. Musa Urud ədəbiyyatda olsa-olsa bir az da toyda mikrofon əlinə keçən dayı kimidir. Səhnəyə çıxır, danışır, hamı nəzakətindən dolayı qulaq asır, amma heç kim sonradan nə dediyini xatırlamır. Musa müəllim, ədəbiyyat bir az qəddardır. Yəni məsələn, orada mandat işləmir. Parlamentdə əl qaldırmaq olar, amma poeziyada yalnız misra qalxmalıdır. Ancaq Musa Urudun misraları yox, daha çox vəzifələri yüksəlib. Orxan Saffari Geri qayıt |