Əsas Səhifə > Güney Press / Ana xəbər > Azərbaycanın “yalançı” imicli oliqarxı Batumidə kazino tikdirir
Azərbaycanın “yalançı” imicli oliqarxı Batumidə kazino tikdirir9-05-2014, 11:34 |
![]() Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ/SOCAR) ilə işbirliyi olan və şirkətə neft avadanlıqları satmaqla varlanan azərbaycanlı oliqarx Gürcüstanın Batumi şəhərinin “Köhnə Batumi” səmtində, sərnişin limanının yaxınlığında, “Holiday İnn Batumi” oteli ilə yanaşı “kubik-rubik”i xatırladan kazino-otel tikir. Virtualaz.org saytı bu barədə Gürcüstan mənbələrinə istinadən məlumat verir. Xəbərə görə, söhbət “ADO-G” adlı şirkətlər qrupunun prezidenti, 90-cı illərin sonlarından etibarən Azərbaycanda işləyən neft şirkətlərinə avadanlıqlar sataraq varlanmış Musa Süleymanovdan gedir. “Cubic Tower” adlanan bu binanın sahəsi 1200 kv.metr olacaq. Kompleksdə 180 nömrə, bar, konfrans-zal və biznes-zal olacaq. Binanın damında ətrafı seyr etmək üçün xüsusi meydança yerləşəcək. Kompleksin tərkibinə kazino da daxildir, ancaq kazinonun girişi ayrı olacaq. Xəbərlərdə bildirilir ki, tikinti işləri 2012-ci ildə başlayıb və elə o vaxtdan da yarımçıq qalıb. Belə ki, otel-kazino üçün ayrılmış ərazi hasarlansa da orada tikinti işləri getmir. “ADO-G” şirkətinin internet saytında yerləşdirilmiş məlumatlardan bəlli olur ki, bu şirkət 1998-ci ildə Bakıda yaradılıb, Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. Təsisçisi Musa Səməd oğlu Süleymanovdur. “ADO-G” şirkətlər qrupu öz fəaliyyətinə Azərbaycanın neft-qaz sənayesində çalışan bir sıra şirkətlərin neft-mədən avadanlıqları ilə təchizatından başlayıb. Belə məlum olur ki, şirkət SOCAR, BP, “Mc Dermott Caspian Construction”, “Nobel Oil”, “Salyan Oil”,“Gobustan Operating” və başqa neft şirkətlərini neft-mədən avadanlıqları ilə təchiz edərək qısa zaman ərzində iri kapital toplaya bilib. Hazırda da bu şirkətin əsas fəaliyyəti neft-qaz yataqlarının kəşfiyyatı, qazılması və istismarı sahəsində istifadə olunan avadanlıqların təchizatıdır. Ancaq M.Süleymanov neft pulları hesabına əldə etdiyi kapitalı tikinti, o cümlədən yolların tikintisi, istehsal, memarlıq və dizayn kimi digər sahələrə yönəldib. Həmçinin onun şirkəti 2009-cu ildən etibarən yük maşınlarının istehsalçısı olan ispan şirkəti “SCANİA”nın Azərbaycandakı distribütorluğunu edir. Azərbaycanda neftdən varlanan oliqarx olub idman klubuna sahib olmamaq? Əlbəttə, azərbaycanlı oliqarxlar bunu özlərinə sığışdırmazlar və görünür, M.Süleymanov da bu səbəbdən vaxtilə Tovuzun “Turan” futbol klubunun prezidenti olmuşdu. Lakin onun “Turan” klubuna sahibliyi futbol baxımından heç nə ilə yadda qalmayıb. Əksinə, məşqçilər və futbolçular arasında Süleymanovun xeyli mənfi imici formalaşıb. Məsələn, “Turan”ın keçmiş məşqçisi, türkiyəli Naci Şensoy 2002-ci ildə yerli saytların birinə müsahibəsində M.Süleymanovun barəsində belə deyirdi: “Guya tovuzlular bilmir ki, o, yalançının biridir?! Klubda oynayan futbolçuların pulunu vermirdi və çox yalan danışırdı. Düzünü desəm, mənim “Turan”a yazığım gəlir”. M.Süleymanovun “Turan” klubuna qalmaqallarla və klubun ağır maliyyə böhranına yuvarlanması ilə müşayiət olunan prezidentliyi 2012-ci ilin yanvarında sona çatıb. Qeyd edək ki, M.Süleymanovun Gürcüstanın turizm və qumar sektoruna girməsi pis ideya sayılmazdı. Çünki Gürcüstanda bu sektorlarda iş qurmaq istəyən xarici investorlara əlverişli şərait yaradılıb və çoxlu güzəştlər var. Görünür, M.Süleymanov da qonşu ölkədə investisiya mühitini vaxtında dəyərləndirərək Batuminin qədim hissəsində “kubik-rubik” tikmək üçün ərazi alıb. Ancaq belə görünür ki, hazırda onun kapitalının vəziyyəti bu layihəni həyata keçirməyə imkan vermir. Geri qayıt |