Əsas Səhifə > Güney Press / Ana xəbər > Moskva Bakıya təzyiqi niyə artıra bilər?
Moskva Bakıya təzyiqi niyə artıra bilər?18-02-2014, 12:34 |
![]() Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov fevralın 10-da İraqa rəsmi səfəri zamanı bu ölkənin baş naziri Əl-Maliki və xarici işlər naziri Xoşyar Zəbari ilə görüşdü. Bu səfərin arxasında hansı maraqlar dayanırdı? Azərbaycan-İraq münasibətlərinin hazırkı gündəm mövzuları bunlardır: - diplomatik pasportu olan şəxslərin vizasız səfərlərinə dair saziş (Məmmədyarovun Bağdad səfəri zamanı bu məsələ həll olunub); - Bakı ilə Bağdad arasında birbaşa aviasiya əlaqəsinin açılışı (Bu məsələ hələ müzakirə mərhələsindədir, konkret qərar yoxdur); - İraqın bərpa olunmasında Azərbaycanın iştirakı (Bağdadın bu istəyinə Bakı hələ konkret cavab verməyib); - enerji əməkdaşlığı (bu mövzunu rəsmi Bakı müzakirəyə çıxarıb). Rəsmi Bakı məhz enerji mövzusuna görə Bağdadla əlaqələri intensivləşdirib. Elmar Məmmədyarov Xoşyar Zəbari ilə 6 ay öncə BMT sessiyası çərçivəsində görüşmüşdü. O zaman enerji mövzusu aktual deyildi, TAP layihəsi ilə bağlı qərar hələ verilməmişdi. Ona görə də Nyu-Yorkdakı görüş əhəmiyyətli deyildi. TAP-la bağlı qərar verildikdən sonra isə Bakı Bağdadla əməkdaşlığa xüsusi əhəmiyyət verməyə başlayıb. Məsələ bundadır ki, TAP layihəsi üçün yalnız Azərbaycanın “Şahdəniz” qazı kifayət etmir. Boru xəttinin uzun müddət işlək qalması və kifayət qədər qazla doldurulması üçün Azərbaycanla yanaşı qaz ehtiyatı olan bölgə ölkələrindən birinin də TAP-a qoşulması lazımdır. Bu, üç ölkədən biri ola bilər: İran, Türkmənistan və ya İraq. Azərbaycanla İran arasında münasibətlər hamar olmadığından Bakı bu mövzu ətrafında Tehranla danışıqlara ehtiyac duymur. Əlbəttə, İran prezidenti Həsən Ruhaninin Qərblə münasibətlərinin normallaşdırması Tehranın sanksiyalardan qurtularaq gələcəkdə Türkiyə üzərindən TAP layihəsinə qoşulmasını mümkün edir. Ancaq Bakı Tehranla bağlı hadisələri qabaqlamaq istəmir. İran gələcəkdə TAP-a qoşulacaqsa, bu, Tehranın Avropa Birliyi və Türkiyə ilə danışıqlarının nəticəsində baş verəcək. Türkmənistan və İraqla isə Bakı özü danışıqlara başlayıb. Keçən ay Qafqaz Müsəlmanları İdarəsinin başçısı Hacı Allahşükür Paşazadə Aşqabada gedərək Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədova mükafat verdi. İl ərzində prezident İlham Əliyevin də Aşqabada səfəri reallaşa bilər. İlham Əliyev türkmən həmkarını TAP layihəsinə qoşulmağa inandırmağa çalışacaq. Bakı indi də Bağdadı TAP-a qoşulmağa inandırmaq istəyir. Bunu Bağdada səfər edən Elmar Məmmədyarov da gizlətməyib: “Azərbaycan enerji əməkdaşlığı mövzusunda Bağdadla danışıqlara başlamağa hazırdır”. Bağdadın Bakının təklifinə reaksiyası hələ bəlli deyil. Misal üçün, İraq prezidenti və xarici işlər naziri Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini vurğulasalar da, Məmmədyarovun təklifi ilə bağlı konkret fikir söyləmədilər. Aydındır ki, Bağdada bu təklifi dəyərləndirmək üçün vaxt lazımdır. Beləliklə, Azərbaycan TAP boru xəttindən daha çox qazın Avropaya daşınması üçün Brüssellə ciddi dəstək verir. Bakı Aşqabad və Bağdadla qaz danışıqlarına başlamaqla faktiki Brüsselə vasitəçilik edir. “Nabukko” layihəsi ilə bağlı durum fərqli idi. O zaman Brüssel “Nabukko”nun reallaşması üçün bölgə ölkələri ilə özü ayrılıqda danışırdı. Bakı bu layihədə Avropa Birliyinə dəstək vermir, prosesi kənardan müşahidə edirdi. TAP isə Azərbaycanın bölgədəki rolunu artıracaq layihədir. Ona görə də bu layihə ilə bağlı Bakı Brüsselə tandemdə çıxış edir. Bakının Türkmənistan və İraq istiqamətindəki bu fəallığı Moskvanın xoşuna gəlməyəcək. Çünki Moskvanın özünün də Türkmənistan və İraq qazıyla bağlı fərqli maraqları var. Gələcəkdə Türkmənistanla İraqın TAP layihəsinə qoşulması o demək olacaq ki, Avropanın Rusiyadan qaz asılılığı azalacaq və bu prosesdə əsas rolu Azərbaycan oynayacaq. Odur ki, yaxın gələcəkdə Moskvanın Bakıya təzyiqi bir az daha artacaq. Moskva Azərbaycanla Avropa Birliyinin regional enerji planlarını pozmaq üçün Azərbaycan-Ermənistan qarşıdurmasını yenidən alovlandırmaq kimi avantürist planlarını hərəkətə gətirə bilər. Bölgədə alovlanacaq müharibə enerji layihələrini xeyli ləngidə bilər. Rəsmi Bakı belə bir şəraitdə Rusiya-Ermənistan tandeminə cəbhə bölgəsində təxribatlar üçün bəhanə verməməli və Avropa Birliyi ilə inteqrasiyanın sürətini artırmalıdır. Bakının Brüssellə imzalayacağı strateji saziş Moskvanı Azərbaycana təzyiqdən çəkindirər. “Atlas” Araşdırmalar Mərkəzi Geri qayıt |