|
 "2025-ci ildə Beynəlxalq Karyera Akademiyasında "təhsil aldım". "Təhsilimi başa vurduqdan" sonra mənə təqdim olunan “diplom” isə 2024-cü il tarixi ilə verilmişdi..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabındakı paylaşımında Aysel Şıxiyeva adlı istifadəçi yazaraq gileylənir.
Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: "Bundan əlavə, sənəddə ata adı qeyd olunmayıb və diplomun üzərində çoxlu qaralamalar mövcuddur.Diplomun yenidən hazırlanmasını dəfələrlə tələb etsəm də, məsələ artıq təxminən 1ildir uzadılır və nəticə əldə olunmurdu. Bununla yanaşı, GLP diplomunun hazırlanması da aylarla gecikdirildi. 1 il yarımdan sonra elektron formada “diplom” göndərildi. Lakin həmin vaxta qədər artıq bu sənədə ehtiyacım qalmamışdı. Digər məsələ isə Almaniyada keçiriləcəyi bildirilən təlimlə bağlıdır. Təlim üçün ödəniş etmişdim və təlimin 6–8 ay ərzində keçiriləcəyi bildirilmişdi. Lakin artıq 1 ildən çox vaxt keçib və təlimlə bağlı heç bir məlumat verilməyib. Ödənişin geri qaytarılacağı ilə bağlı da söz verilsə də, bu günə qədər vəsait geri qaytarılmayıb. Dərsləri sonradan izləyə bilməyimiz üçün şəxsi kabinet yaradılacağı da bildirilmişdi. Lakin bu vəd də yerinə yetirilmədi. Məsələ ilə bağlı rəsmi e-mail ünvanlarına dəfələrlə müraciət etmişəm. Mənə ödənişin “geri qaytarıla biləcəyi” bildirilsə də, bundan sonra müraciətlərimə konkret cavab verilməyib və məsələ yenə də nəticəsiz qalıb. Təəssüf ki, mənim şəxsi təcrübəmdə proses ödəniş alınana qədər kifayət qədər aktiv və operativ görünsə də, ödənişdən sonra müxtəlif gecikmələr, cavabsız müraciətlər və yerinə yetirilməyən vədlərlə qarşılaşdım. Bu paylaşımı etməkdə məqsədim heç kimi ittiham etmək deyil, sadəcə öz təcrübəmi bölüşərək başqalarının eyni vəziyyətlə qarşılaşmamasına kömək etməkdir. Bu qurumla təhsil və ya digər xidmətlərlə bağlı əməkdaşlıq etməyi düşünürsünüzsə, qərar verməzdən əvvəl bütün şərtləri, sənədləşməni, ödəniş və geri qaytarma qaydalarını əvvəlcədən ətraflı şəkildə dəqiqləşdirməyinizi tövsiyə edirəm. Şəxsi təcrübəmə əsasən, belə bir qərar verməzdən əvvəl çox diqqətli olun və verilən vədlərin yazılı şəkildə təsdiqlənməsinə əmin olun..."
Geri qayıt
|