Əsas Səhifə > Üst manşet / Güney Press > "Ortada nə pul var, nə də televizor!"
"Ortada nə pul var, nə də televizor!"Bu gün, 07:39 |
"Diqqət! İrşad-dan onlayn alış-veriş edərkən ehtiyatlı olun! Hər kəs Kontakt Home-dan şikayət edir, amma sən demə İrşad da onlardan geri qalmır. Bu gün başıma gələn bir hadisəni sizinlə bölüşmək istəyirəm ki, siz də biləsiniz və aldanmayasınız..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında F.Məhərrəmov adlı istifadəçi yazaraq gileylənir.Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: "26 avqust 2026-cı il tarixində İrşad-ın rəsmi onlayn mağazasından LG paltaryuyan maşın və 1300 AZN dəyərində Xiaomi TV A 65" televizor sifariş etdim. Malları bu gün çatdırdılar.
Paltaryuyan zavod plomblu və tam qapalı qutuda idi – onu problemsiz təhvil aldım. Növbə televizora çatanda isə gördüm ki, qutu artıq açılıb.
Səbəbini soruşanda kuryerlər dedilər ki, "Anbardan çıxaranda yoxlamışıq". Çox maraqlıdır, televizoru yoxlayıblar, amma paltaryuyanı yox? O ki qaldı davamına...
Ardınca məndən ingilis (UK) başlıqlı vilka üçün keçirici (pereходник) soruşdular. Mən isə onlara bildirdim ki, bu modelin qutusundan iki kabel çıxmalıdır – həm UK, həm də Avropa (EU) standartlı. (Bunu dəqiq bilirəm, çünki cəmi 3 gün əvvəl bacım da eyni modeldən alıb və quraşdırmasını özüm etmişəm). Məlum oldu ki, EU kabeli qutuda yoxdur! Kuryerlər isə israrla "bunun komplektində kabel olmur" deyə məni inandırmağa çalışdılar. Vəziyyətin ciddiləşdiyini görəndə isə "istəyirsinizsə, gedim maşından sizə başqa kabel verim" dedilər.
Təbii ki, malı qəbul etməkdən imtina etdim. Şnurun belə yoxa çıxdığı açıq qutuda olan televizorun işlənmiş və ya vitrin malı olmadığına kim zəmanət verə bilər?!
Dərhal İrşad-ın qaynar xəttinə zəng vurdum. Verdikləri cavab isə sadəcə absurddur:
1)Mal anbara qayıtmayınca mənə heç bir köməklik edə bilməzlər.
2)Qərara gəlmək üçün mənimlə 3 iş günü ərzində əlaqə saxlayacaqlar.
3)Əgər başqa televizorla əvəz olunmasını seçsəm, yenidən 3 iş günü gözləməliyəm.
4)Əgər pulumun qaytarılmasını (vozvrat) istəsəm, tam 14 iş günü gözləməliyəm!
Nəticə: Ortada nə 1300 manat pulum var, nə də televizor!
Görünən odur ki, ölkəmizdə heç bir elektronika mağazası öz vəzifəsini layiqincə yerinə yetirmir, qanunlara və istehlakçı hüquqlarına məhəl qoymur. Hər kəs öz bildiyi kimi fırıldaqla məşğuldur. Bunu sizinlə paylaşıram ki, siz də ehtiyatlı olasınız. Haqqınızı tələb edin və şübhəli, açıq qutuda gələn malları qətiyyən təhvil almayın! Maksimum paylaşaq ki, hər kəs bilsin!.."
Geri qayıt |