Əsas Səhifə > Üst manşet / Güney Press > Dövlətin bir qurumu digərinə GÜVƏNMİR

Dövlətin bir qurumu digərinə GÜVƏNMİR


Bu gün, 04:17

"Hökumət "islahat" adı qoyduğu yeni bir sistemlə xəstəlik səbəbindən hərbi xidmətdən möhlət hüququ olanlarla bağlı üçpilləli yoxlama sistemi yaradıb: çağırışçı əvvəlcə hərbi qeydiyyatda olduğu ərazinin yerli xəstəxanasında ümumi tibbi yoxlamadan keçir, növbəti mərhələdə Bakıda ixtisaslaşmış bir xəstəxanada hərbi xidmətdən saxlanmaya səbəb olan xəstəlikdən yoxlanılır, sonuncu mərhələdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Komissiyada yekun yoxlamadan keçirilir və qərar qəbul edilir..." "DİA-AZ xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış iqtisadçı ekspert Rövşən Ağayev qeyd edib.
O daha sonra özünün etiraz dolu müraciətində belə davam edir: "Ötən ilə qədər həmin bu sonuncu mərhələ yox idi və ixtisaslaşmış xəstəxananın nəticələri əsasında Səfərbərlik Xidməti qərarı özü verirdi. 
Bu barədə son 2 ayda 2 dəfə yazmışam, sonuncu dəfə yenə bu mövzuya dönməyə ehtiyac duydum.
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin həkim Komissiyası Səhiyyə Nazirliyinin ixtisaslaşmış tibb müəssisələrinin rəy, analiz və xəstəlik tarixçilərini lazımsız kağız parçası sayır. Eyni tibbi prosedurları təzədən özü təşkil edir.
Səbəb etibarın olmamasıdır. Hökumətin bir qurumu digərinə güvənmir. Hər halda rəsmi dəlil belədir.
Soruşan olar ki, təkrar müayinədən nə problem var ki? Əsas problem odur ki, məsələn, epilepsiya diaqnozu ilə möhlət hüququ olan şəxs ixtisaslaşmış xəstəxanada elektroensefaloqrafiya və kompüter tomoqrafiyası müayinəsindən keçmək üçün ən azı 2-3 gün zaman itirib. Bu səfər üçün Bakıya gəlməyə, burda qalmağa nə qədər vəsait xərcləyib.
Cəmi 40 gün sonra Sosial Komissiya təzədən bu valideyni və çağırışçını 2 gün Bakıda saxlayır ki, elektroensefaloqrafiya müayinəsi bizim üçün etibarlı deyil, təzədən keçin.
Bu valideyn və xəstə övladı üçün zaman, əsəb, pul israfıdır.
Dövlət üçün də israfdır. Eyni müayinə üçün fərqli qurumlar bir-birini təkrarlayan xidmətləri göstərirlər.
Təəssüf ki, pis və səviyyəsiz idarəetmənin qurbanları təkcə böyüklər deyil, onların övladları da olur.
Bir az dünya təcrübəsini araşdırın. Görün hansı normal ölkədə bu cür 3 pilləli, günlərlə davam edən yoxlama sistemi var? Mən xeyli araşdırdım və gördüyüm o oldu ki, normal və insani münasibətlərin olduğu ölkələrdə ümumu tibbi yoxlamaya da ehtiyac olmur. Möhlətə səbəb olan əsas xəstəlik nədirsə, müayinə sürətlə onun üzərindən aparılır.
Niyə bu yoxlamalar bölgələrdə təşkil edilmir ki, minlərlə insan bəzən sağlamlıq durumu kifayət qədər ağır olan övladlarına əziyyət verə-verə onları Bakıya gətirməli, bəzən 2-3 gün 8-10 saat olmaqla növbələrdə sürünməlidirlər?
Əxlaqsızlıq mənasız TV-lərə baxmaqdan imtina etmək deyil, insanlara zülm edən bu cür problemləri görməzdən gəlib yazıb-pozmamaqdır..."


Geri qayıt