|
Ağcabədi rayonunun Sarvanlar kənd sakini Şiraslan Süleymanov bildirir ki, İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak edib. Onun sözlərinə görə, döyüşlər zamanı aldığı kəllə-beyin travması səbəbindən dəfələrlə Maştağadakı Psixiatriya Mərkəzində müalicə alıb və hazırda da müalicəsi davam edir.
"DİA-AZ" xəbər verir ki, buna baxmayaraq, indiyədək əlillik təyinatı ala bilmədiyini deyir. Şikayətçi qeyd edir ki, müharibədən əvvəl Bakıda fəhlə işləyərək ailəsinin dolanışığını təmin edib. Lakin müharibədə aldığı ağır travma səbəbindən hazırda işləmək imkanını itirib və heç bir işə qəbul edilmir.
Şiraslan Süleymanovun sözlərinə görə, heç olmasa atasının işlə təmin olunması üçün aidiyyatı dövlət qurumlarına dəfələrlə müraciət edilsə də, nəticə olmayıb. Hazırda oğlunun müalicəsini davam etdirə bilmək üçün atası məcburiyyət qarşısında qalaraq fermada çoban işləyir. Beş nəfərlik ailə qəzalı vəziyyətdə olan, bir otaqlı daxmada yaşayır. Şikayətçi bildirir ki, evin yararsız vəziyyəti səbəbindən hətta ilanlar belə daxmaya girir və bu şəraitdə yaşamaq onlar üçün böyük təhlükə yaradır. O, xeyirxah insanların dəstəyi ilə özünə ev tikintisinə başladığını, lakin maddi imkanın çatışmazlığı səbəbindən tikintini başa çatdıra bilmədiyini deyir. Şiraslan Süleymanov son ümidinin xalqımız və imkanlı şəxslər olduğunu bildirərək, kanalımız vasitəsilə aidiyyəti dövlət qurumlarına, xeyriyyəçilərə və imkanlı insanlara müraciət edir. O, ailəsinin təhlükəsiz şəraitdə yaşaya bilməsi üçün yarımçıq qalan evinin tikintisinin başa çatdırılmasına maddi dəstək göstərilməsini xahiş edir.
Geri qayıt
|