Əsas Səhifə > Üst manşet / Güney Press > Samux sakini HAQQ-ƏDALƏT istəyir

Samux sakini HAQQ-ƏDALƏT istəyir


Bu gün, 06:15

Samux rayonu, Köbər kənd sakini Əsgərova Tünzalə Əsgər qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə Daxili İşlər naziri Vilayət Eyvazova və Baş prokuror Kamran Əliyevə müraciət edir:
“Hörmətli Vilayət Eyvazov!
Hörmətli Kamran Əliyev!
Mən, Əsgərova Tünzalə Əsgər qızı, bildirirəm ki, 25 yanvar 2026-cı il tarixində Samux rayonu ərazisində baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində həyatımın mənası olan övladımı itirmişəm. “Qazel” markalı mikroavtobus fəhlələri işə apararkən sürücü Rəşid Məmmədovun kobud səhlənkarlığı və məsuliyyətsiz davranışı nəticəsində idarəetmədən çıxaraq aşmışdır. Bu faciə nəticəsində oğlum 2000-ci il təvəllüdlü Vüqar Əsgərov həyatını itirmişdir.
Bu hadisə həyatımı tamamilə alt-üst etmiş, məni ömrüm boyu sağalmayacaq bir dərdlə üz-üzə qoymuşdur. Hansı ki, hər bir ana üçün övlad itkisi ən ağır və dözülməz sınaqdır.
Hadisədən üç gün sonra polis əməkdaşları tərəfindən mənim şikayətçi olub-olmamağım soruşuldu. Həmin anlarda içimdə böyük qəzəb və acı olsa da, özümü sakitləşdirərək şikayətçi olmadığımı bildirdim.
Qeyd etmək istəyirəm ki, hadisə ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəsmi açıqlamasında da qəzanın məhz sürücünün məsuliyyətsiz davranışı nəticəsində baş verdiyi açıq şəkildə göstərilmişdir. Sükan arxasında mobil telefondan istifadə edən sürücünün diqqətsizliyi bir gəncin həyatını yarımçıq qoymuş, bir ananı isə ömürlük övlad həsrəti ilə baş-başa buraxmışdır.
Təəssüf hissi ilə bildirirəm ki, yaşadığım ağrı və itki bununla bitməmişdir. Son aylarda sürücü Rəşid Məmmədovun ailə üzvləri tərəfindən kənd daxilində mənim haqqımda həqiqətə uyğun olmayan, şərəf və ləyaqətimi alçaldan müxtəlif şayiələr yayılmaqdadır. Guya mən 18 min manat pul alaraq, sürücünü bağışlamışam. Bu iddialar tamamilə yalan, böhtan xarakterli və bir ana kimi mənim mənəvi dəyərlərimə ağır zərbədir.
Qəti şəkildə bəyan edirəm ki, mənim oğlumun həyatı heç bir maddi vəsaitlə ölçülə bilməz. Heç bir ana övladının qanını pula dəyişməz. Mənim üçün övladımın həyatı hər şeydən qiymətli idi və onun itkisi qarşısında hər hansı maddi təklifin heç bir mənası yoxdur.
Hörmətli Vilayət Eyvazov!
Hörmətli Kamran Əliyev!
Bir ana kimi Sizə müraciət edərək xahiş edirəm ki, baş vermiş yol-nəqliyyat hadisəsi hərtərəfli, obyektiv və qanunvericiliyin tələblərinə uyğun şəkildə yenidən araşdırılsın. Hadisəyə səbəb olmuş sürücü Rəşid Məmmədovun məsuliyyəti tam və ədalətli şəkildə müəyyən edilsin. Mənim haqqımda yayılan böhtan xarakterli məlumatlara hüquqi qiymət verilsin və bu əməlləri törədən şəxslər barəsində qanunamüvafiq tədbirlər görülsün. Oğlumun ölümünə səbəb olan şəxsin cəzasız qalmasının qarşısı alınsın və ədalət öz yerini tapsın.
 İnanıram ki, Azərbaycan Respublikasında qanunun aliliyi qorunur və heç bir şəxs törətdiyi əmələ görə məsuliyyətdən kənarda qalmır. Ümid edirəm ki, mənim müraciətim diqqətlə araşdırılacaq, hadisəyə obyektiv hüquqi qiymət veriləcək və bir ananın ədalət harayı cavabsız qalmayacaqdır.
Sonda Sizdən bir daha xahiş edirəm ki, bir ananın fəryadını, çəkdiyi ağır mənəvi iztirabları və ədalətə olan ümidini nəzərə alaraq bu işi şəxsi nəzarətinizə götürəsiniz və qanun çərçivəsində ədalətin bərpasına köməklik göstərəsiniz”.

Geri qayıt