Əsas Səhifə > Reklam / Güney Press > AMAK və Bolt Azərbaycan əməkdaşlığa başlayır
AMAK və Bolt Azərbaycan əməkdaşlığa başlayırBu gün, 15:53 |
|
Azərbaycan Milli Avtomobil Klubu (AMAK) və Bolt Azərbaycan yol təhlükəsizliyi, dayanıqlı mobillik və müasir nəqliyyat həllərinin inkişafı istiqamətində əməkdaşlığı gücləndirmək məqsədilə Anlaşma Memorandumu imzalayıb. Memorandum hər iki tərəfin Azərbaycanda daha təhlükəsiz yol mühitinin formalaşdırılması, məsuliyyətli yol hərəkəti mədəniyyətinin təşviqi və mobillik sahəsində innovativ yanaşmaların dəstəklənməsi istiqamətində ortaq öhdəliyini əks etdirir. Əməkdaşlıq çərçivəsində tərəflər yol təhlükəsizliyi üzrə maarifləndirmə kampaniyaları, tədqiqat və məlumat əsaslı təhlillər, təlim proqramları, korporativ avtoparkların təhlükəsizliyi, eləcə də innovativ mobillik həllərinin inkişafı istiqamətində birgə layihələrin həyata keçirilməsini nəzərdən keçirəcəklər. Bununla yanaşı, dövlət qurumları, özəl sektor və vətəndaş cəmiyyəti arasında əməkdaşlığın inkişaf etdirilməsi və şəhər mobilliyi sahəsində yeni tendensiyalar üzrə dialoqun təşviqi də əməkdaşlığın əsas istiqamətləri sırasında olacaq. Bolt uzunmüddətli dövrdə yol təhlükəsizliyini şirkətin əsas prioritetlərindən biri kimi müəyyən edib və bu istiqamətdə müxtəlif təşəbbüslər həyata keçirir. Şirkət tətbiq daxilində təhlükəsizlik funksiyalarını davamlı inkişaf etdirməklə yanaşı, Bolt Akademiyası vasitəsilə sürücülərin peşəkar hazırlığını dəstəkləyir. Bu günədək Azərbaycanın beş şəhərində 3 000-dən çox sürücü Bolt-un maliyyə dəstəyi ilə peşəkar hazırlıq keçərək sertifikat əldə etmək imkanı qazanıb. Bundan əlavə, Bolt məktəblər və universitetlər üçün təşkil olunan "Yol Təhlükəsizliyi" (Road Safety) proqramları çərçivəsində regionlarda maarifləndirici sessiyalar keçirərək uşaq və gənclərdə təhlükəsiz yol davranışı ilə bağlı biliklərin artırılmasına töhfə verir. Bolt Azərbaycanın Dövlət Siyasəti və Əlaqələr üzrə rəhbəri Maarfiə Paşayeva bildirib: "Yol təhlükəsizliyinin artırılması yalnız texnoloji həllərlə mümkün deyil. Bunun üçün maarifləndirmə, peşəkar sürücü hazırlığı və müxtəlif tərəflər arasında əməkdaşlıq vacibdir. AMAK ilə əməkdaşlığımızın bu istiqamətdə yeni layihələrin həyata keçirilməsinə və Azərbaycanda daha təhlükəsiz mobillik mühitinin formalaşmasına töhfə verəcəyinə inanırıq." Azərbaycanın rəsmi avtomobil klubu olan AMAK 1999-cu ildə təsis edilib və Beynəlxalq Avtomobil Federasiyasının (FIA) tamhüquqlu üzvüdür. Təşkilat 25 ildən artıqdır ki, dövlət qurumları, beynəlxalq təşkilatlar və özəl sektor tərəfdaşları ilə birlikdə yol təhlükəsizliyi, dayanıqlı mobillik, sürücü davranışı və ictimai maarifləndirmə istiqamətində milli və beynəlxalq layihələr həyata keçirir. Bu əməkdaşlıq vasitəsilə AMAK və Bolt Azərbaycanda daha təhlükəsiz, ağıllı və dayanıqlı mobillik ekosisteminin inkişafına birgə töhfə verməyi hədəfləyirlər. "DİA-AZ" Geri qayıt |