Əsas Səhifə > Güney Press / Manşet > OĞURLUQ MAŞIN MAFİYASININ ŞOK GİZLİNLƏRİ

OĞURLUQ MAŞIN MAFİYASININ ŞOK GİZLİNLƏRİ


31-07-2012, 16:47
OĞURLUQ MAŞIN MAFİYASININ ŞOK GİZLİNLƏRİ

BU İŞƏ AZƏRBAYCANDA KİMLƏR, HANSI MƏMURLAR NƏZARƏT EDİRLƏR?

DİA.AZ: - Ötən həftə Rəcəbov qardaşlarının “Royal Bank”dan saxta yolla necə milyonlar çıxardığı barədə yazdığımız yazının sonunda qeyd etmişdik ki, Almaniyadan oğurluq maşınları gətirib, ölkəmizdə satan avtomobil mafiyası və onun üzvləri haqqında geniş araşdırma yazısı dərc edəcəyik.

Bu dəfə oxucuları üçün yeni rubrikaya start veririk. Rubrikada Bakıda satılan oğurluq avtomobillərə kimlərin nəzarət etdiyi barədə araşdırmalarla tanış olacaqsınız. Oğurluq avtomobil mafiyasının üzvlərinin hər biri barədə ayrıca yazılar yayımlayacağıq.

İlk yazını Bakıda avtomobil satışı ilə məşğul olan “Kor” ləqəbli Mahir Həlifəliyev barədə oxuyacaqsınız. M.Həlifəliyev uzun illərdir Almaniyadan oğurlanılan avtomobilləri ölkəmizə gətirərək, Bakıda onların satışını təşkil edir. Sistem isə bu cürdür: Almaniyadan Azərbaycana gətirilən maşınlar oğurluq olduğu üçün ilk öncə bu məsələ ilə bağlı Binəqədi rayon Məhkəməsinə müraciət edilir. Məhkəmə isə öz növbəsində qərar çıxarır ki, Mahir və ya onun dəstəsində təmsil olunan qeyri bir şəxs avtomobili alarkən, onun oğurluq olduğunu bilməyib. Buna görə də, avtomobil heç bir xarici ölkəyə keçməmək şərtilə, Azərbaycan ərazisində sürülə bilər.

Qeyd edək ki, xarici ölkələrdə həmin oğurluq maşınlara həbs qoyulduğu üçün sərhəddi keçən kimi interpol maşını müsadirə edir və maşın Almaniya sığorta şirkətinə təhvil verilir.

Maraqlıdır ki, niyə, məhz Binəqədi rayon Məhkəməsi?

Çünki Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin inzibati binası bu rayonun ərazisində yerləşir.

DİA.AZ bildirir ki, bu əməliyyatlardan sonra isə misalçün, 200 min manat bazar qiyməti olan maşını M.Həlifəliyev və onun dəstəsindən 100 min manat kimi ucuz bir qiymətə almaq olar. Çünki həmin maşınlar oğurluq olduğu üçün maya dəyərləri də bu qədər aşağıdır.

Qeyd edək ki, Almaniyadan ölkəmizə gətirilən bu oğurluq avtomobillər üçün ilk əvvəllər heç bir bank kredit vermirdi. Ancaq sonradan bir sıra bankların işbaz filial müdirləri bu cür oğurluq maşınlara görə rəhbərlik etdikləri banklardan külli miqdarda kredit çıxarmağa başladılar və təbii ki, bu iri rəqəmli pullar üçün özlərinə də iri rəqəmli “şapka”lar aldılar.

Onu da bildirək ki, “Kor” ləqəbli M.Həlfəliyev İnterpol tərəfindən axtarışda olsa da, heç cür Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq polis sisteminə təhvil verilmir. Bunun səbəbini bilmək üçün isə adi bir fakta göz atmaq yetərlidir.

Azərbaycan İnterpolunun rəisi Sahib Mirzəyev ilə M.Həlfəliyev həmyerlidir. Mahirin doğma qardaşı Cəmşid Həlfəliyev isə Bakı DYPİ-də batalyon komandiri vəzifəsində xidmət edir, polis mayorudur. Bunları qeyd etməkdə məqsədimiz odur ki, bugünə qədər M.Həlfəliyevin niyə məsuliyyətə cəlb olunmamasının səbəblərinə aydınlıq gətirək. Onu qoruyan kimdir, qardaşı C.Həlfəliyev yoxsa Azərbacan İnterpolun rəisi S.Mirzəyev?!

Qeyd edək ki, hər ay M.Həlfəliyevin başçılıq etdiyi dəstə vasitəsilə ölkəmizə Almaniyadan qiymətləri 200 min avroya olan 15-ə qədər oğuluq maşın gətirilir.

Oğurluq avtobomillərin ölkəmizə gətiriliş mexanizmi isə belədir: M.Həlfəliyevin Almaniyadakı adamları maşınları oradan Türkiyəyə keçirir. Qardaş ölkədə isə oğurluq maşınların şassi nömrələri dəyişdirilir və Azərbaycana keçirilir. Maşın Azərbaycana keçdikdən sonra isə Mahir Almaniyadakı adamlarına xəbər verir ki, gedib polisə avtobomillərin oğurlandığı barədə məlumat versinlər. Maşın sahibləri 100 faizlik sığorta etdirdikləri avtobilləri “oğurlandığı” üçün Alman sığorta şirkətindən maşının dəyərinin tam qiymətini alır. Sığorta şirkəti isə oğurlanan avtomobil barədə İnterpola məlumat verir. Almaniyadakı avtomobil sahibi isə öz avtomobilinin “oğurlanmasına” şərait yaratdığı üçün Mahirin Almaniyadakı adamlarından əvvəlcədən avtomobilin maya dəyərinin 10 faizi qədər pul alır. Beləliklə, hər ay Almaniyada 15 avtomobil İnterpola axtarışa verilir.

Onu da qeyd edək ki, 2004-2005-ci illərdə DİN-nin Baş İstintaq İdarəsinin mühüm işlər üzrə baş müstəntiqi mərhum Rövşən Musayevin keçirdiyi əməliyyat nəticəsində bu dəstənin bəzi üzvləri həbs edilib, cinayət məsuliyyətinə cəlb edilmişdilər. Ancaq dəstənin başçısı “Kor” ləqəbli Mahir uzun illərdir məsuliyyətdən yaxa qurtarmağı bacarır.

Xatırladaq ki, növbəti yazılarımızda “Əlibayramlı” Cahid, “MTK-Olimpus” Elmir, Tovuzda “Pioner” Vahidin oğlu Üzeyir və “Şəkili” qruplaşmasının üzvlərindən bəhs edən silsilə araşdırmalar dərc edəcəyik.

Bizi izləməyə davam edin.

Yazıda adı çəkilən şəxslərin hər birinin mövqeyini yayımlamağa hazırıq.

Geri qayıt