Əsas Səhifə > Güney Press / Manşet > NAXÇIVANDA DAHA BİR TÜKÜRPƏDƏN OLAY

NAXÇIVANDA DAHA BİR TÜKÜRPƏDƏN OLAY


29-06-2012, 15:28
NAXÇIVANDA DAHA BİR TÜKÜRPƏDƏN OLAY

SÜRÜCÜ YOL POLİSİNİN ZÜLMÜNDƏN ÖZÜNÜ BIÇAQLAYIB

DİA.AZ: - Naxçıvan yol polislərinin təhdid və özbaşınalığı Şərur rayon sakini, 1977-ci ildə anadan olmuş Namizəd Seyidovu intihara vadar edib. N.Seyidov Turan-in bölgə müxbirinə artıq bir neçə müddətdir ki, Naxçıvan yol polislərindən şikayət edib.

O, heç bir yerdə iş tapmadığından şəxsi avtomobili ilə Şərur rayon daxilində yük daşımaqla ailəsini dolandırır. Neçə vaxtdır ki, yol polisləri müxtəlif bəhanələrlə qazancını əlindən alırlar. Son dəfə iyunun 28-də yol polisi əməkdaşları N.Seyidovu maşından zorla düşürərək qollarını burub döyüblər. O, bu təhqir və işgəncələrdən canımı qurtarmaq üçün polislərin yanında bıçaqla özünə xəsarət yetirib. Polis əməkdaşları sürücünü qan içində buraxıb qaçıblar.

N. Seyidovu Şərur rayon xəstəxanasına ətrafdakı adamlar çatdırıblar. Hadisədən sonra xəstəxanaya gələn polislərə şikayət etsə də izahatı alınmayıb. Xəstəxanada ilk tibbi yardımdan sonra N.Seyidov Naxçıvan şəhər Diaqnostika Mərkəzinə göndərilib. Mərkəzdə müayinədən sonra məlum olub ki, qarın nahiyəsinə daxil olan iki bıçaq zərbəsi əzələlərini zədələyib.

N.Seyidov bildirib ki, hadisədən sonra ona naməlum zənglər daxil olur və şikayət etməməsi ilə bağlı xəbərdarlıq edirlər. Amma zərərçəkən bu barədə Naxçıvan prokurorluğuna, insan haqlarını müdafiə qurumlarına şikayət edəcəyini söyləyib. Bunlar nəticə verməsə, ölüm aclığına başlayacağını bildirib.

Naxçıvan Yol Polisi İdarəsindən isə hadisə haqda məlumatsız olduqlarını bildiriblər.


Geri qayıt