Əsas Səhifə > Güney Press / Manşet > “ROKFELLER”LƏ BAĞLI YENİ ŞOK FAKTLAR

“ROKFELLER”LƏ BAĞLI YENİ ŞOK FAKTLAR


1-06-2012, 13:35
“ROKFELLER”LƏ BAĞLI YENİ ŞOK FAKTLAR

ASTARA GÖMRÜKXANASI ŞEFİNİN ARXASINDA KİMLƏR DAYANIR?

DİA.AZ: - Bir dostum var, onun ən böyük arzusu ali təhsilli oğlunu gömrüyə işə düzəltməkdir. Dostum deyir ki, oğlunu gömrüyə işə düzəltsəm, elə bil ki, cənnətə düşmüşük. Sonra da başladı bu “cənnəti” xırdalamağa: Birincisi, yüksək maaş, ikincisi, maaşdan əlavə paketlə pul, üçüncüsü, gömrükdən gedib-gələnlərdən də hər gün 50-60 manatlıq çaq-çuq, dördüncüsü, elə bu işin içində özün üçün biznes qurmaq imkanı, beşincisi, sərhəddən istədiyi qədər mal gətirə bilmək fürsəti.
Dostumu saxlamasaydım, bəlkə də gömrük işçisi olmaq imkanlarının hələ bir neçəsini də sadalayacaqdı.

Həmin dostum deyir ki, gömrükdə işləmək zavod sahibi, xəzinə sahibi olmaq, yaxud lotereyada qiymətli bir şey udmaq kimidir. O deyir ki, qonşusu gömrüyə işə girdi, 3 ildə özü üçün saray kimi imarət tikdi, bir neçə “Supermarket” açdı, xarici markalı, “zerkalnı” nömrəli maşınları yan-yana düzdü. Şəxsi həkimi, şəxsi sürücü, Bakıda 2-3 ev, içində də könül həmdəmləri...

Əslində mən dostumun bu sözlərinə inanmıram. Fikirləşirəm ki, oğlunu gömrükdə işə düzəldə bilmədiyi üçün belə danışır. Lakin,bu yaxınlarda aldığım bir məktub Astara Gömrükxanasında baş verən bəzi qaranlıq məqamlara aydınlıq gətirdi. O məktubda qeyd olunur ki, regionçuluq Astara gömrük idarəsində də baş alıb gedir. Əslən Naxçıvandan olan Əsgər Abdullayev qısa müddətdə Astara gömrük idarəsindən Bakı Hava yolları Baş Gömrük idarəsinə rəis, oradan da DGK-nə sədr müavini getdi. Əsgər Abdullayev öz yerlilərini və qohumlarını Astara gömrük idarəsinə mühafizəçi adı altında işə düzəldir. Bunlar həmin idarədə işləyən Əli Abdullayev, Seymur və Elnur adlı şəxslərdir. Məktub sahibinin bildirdiyinə görə, bu şəxslərin ali təhsilləri də yoxdur. Ən yaxşı halda oyuncaq ali məktəblərin diplomuna malikdirlər. Onların hər biri Astarada lüks şəraiti olan çox bahalı evlər kirayə ediblər.

Ölkə başçısının korrupsiyaya qarşı mübarizə tədbirləri burada çox qəribə görünür. Kimsə şübhə etmir ki, burda baş verən özbaşınalıqlar Astara gömrükxanasının rəisi Hikmət Məmmədovun xeyir-duası ilə baş verir.

İndi isə bəzi detallara aydınlıq gətirək. DİA.AZ-ın apardığı araşdırmalar nəticəsində aydın olub ki, İranda piyadalarla göndərilən yüklərdən alınan çirkli pullar Astara yük terminalında reallaşır. Bu yolla alınan pulların qeydiyyatı heç yerdə aparılmır. Hər həftənin 3,4,5-ci günləri 600-700 nəfər İran vətəndaşı bu tərəfə keçir və geri qayıdarkən özləri ilə yük aparır. Bu da bir ayda 3000-3200 nəfər deməkdir. Hər bir iranlı öz ölkəsinə 20-25 kiloqram yük aparır. Bu yolla bir ay ərzində təxminən əl ilə irana 7500 kiloqram yük gedir. Gömrük hər kiloqram üçün 30 qəpik pul alır. Sadələşdirilmiş qaydada keçiddən istifadə edənlərdən bir ayda alınan pulun miqdarı 30 min dollar edir. Eyni zamanda bu tərəfə keçən hər iranlıdan 10 dollar alınır.

Bundan əlavə gömrükdən keçən şəxslər, aparılan nəqliyyat vasitələrinə görə də pul ödəyir. Bu pul rüsum hesab olunsa da, şəxsi ciblərə axır. Mənbə bildirir ki, Astara gömrüyündə əldə edilən pulların yalnız 15-20 faizi sənədləşdirilir.

Onu da xatırladaq ki, gömrükdə işləmək adi vətəndaşların övladlarına çətin qismət olur. Burada çalışanların 99 faizi iri çinli məmurların balalarıdır.

Müstəcab Məmmədov


Geri qayıt