|
Azərbaycanda bu ilin ilk beş ayında 15 min 107 nikah bağlanıb, 8087 boşanma halı qeydə alınıb. Başqa sözlə, boşanmaların sayı nikahların yarısından çoxdur. Digər tərəfdən, 2025-ci ilin eyni dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı azalaraq 4,7-dən 3,6-ya, boşanmaların sayı isə 2,0-dan 1,9-a düşüb. Yəni nikahlar çox azalıb, boşanmalar isə cüzi. Niyə belə olması haqda uzun-uzadı danışmaq olar. Əsas trend odur ki, bütün dünyada ailə institutu sıradan çıxır. Bu prosesin obyektiv tərəfləri də var. Artıq ailənin insana verə biləcəyi heç nə qalmayıb. Əvvəllər ancaq ailənin legitim şəkildə təmin edə biləcəyi hər şeyi indi ailədən kənarda da asanlıqla əldə etmək olur. "Hər şeyi" sözünü xüsusi vurğulamaq istəyirəm - məhz HƏR ŞEYİ - münasibəti, məişət rahatlığını, sevgini, seksi, hətta uşağı - hamısını ailədən kənarda da daha rahat, daha dinc və problemsiz, üstəlik, həm də legitim şəkildə təmin etmək olur. Elə isə ailə lazımlığını itirir, insan üçün maddi, hüquqi, psixoloji yükə, lazımsız məsuliyyətə çevrilir. İnsana müstəsna bir şey təklif edə bilmədiyi halda, ondan xeyli şey, ilk növbədə, azadlığını alır. Həyatı asanlaşdırmır, çətinləşdirir. Dəyirmi? Yox! Bəs nə etmək olar? Bəzi ölkələr ailə institutunu qorumaq üçün evli insanlara aşağı faizli ipoteka, güzəştli sığorta paketləri kimi xüsusi sosial-iqtisadi güzəştlər təklif edir, karyera pillələrində ailəli insanları ilk növbədə qabağa çəkirlər. Nəticədə ailəli olmaq müəyyən qədər sərfəli görünməyə başlayır, amma əlbəttə ki, bu, yekun həll deyil. Ailə institutunu qorumaq üçün kompleks yanaşmaya ehtiyac var - həm iqtisadi, həm hüquqi, həm əxlaqi, həm sosial tərəflərdən işləmək lazımdır. Hətta bunun da nəticə verəcəyi sual altındadır. Amma ən azından ailənin bir sosial təsisat olaraq ömrünü uzada, müasir insana daha dərin düşünmək üçün vaxt verə bilər. Əks halda çox tezliklə ailəyə arxaik adət kimi yanaşan nəsillər yetişəcək.
Müəllif: Vüsal Məmmədov - Mənbə: "DİA-AZ"
Geri qayıt
|