Əsas Səhifə > Ana xəbər / Güney Press > Rusiyadan Azərbaycanla bağlı arzuolunmaz addım

Rusiyadan Azərbaycanla bağlı arzuolunmaz addım


27-12-2025, 06:22

AZAL-a məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Qazaxıstan ərazisində qəzaya uğraması ilə bağlı beynəlxalq araşdırma prosesi davam edir. Çikaqo Konvensiyasının 13 saylı Əlavəsinə əsasən aparılan istintaqda Qazaxıstan, Azərbaycan, Rusiya, Braziliya və Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) nümayəndələri iştirak edirlər.

İndiyədək açıqlanan ilkin hesabat və aralıq bəyanat qəzanın texniki nasazlıqdan deyil, kənar müdaxilə nəticəsində baş verdiyini göstərən faktları ön plana çıxarır.

Aralıq bəyanatda silah sisteminin modelinin göstərilməməsi hansı səbəblərlə bağlıdır? Yekun hesabatda məsuliyyət məsələsi necə ifadə olunacaq və bu, tərəflər arasında münasibətlərə hansı təsirləri göstərə bilər?

Globalinfo.az-a danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri, politoloq Xəyal Bəşirov deyib ki, hadisə baş verdikdən sonra Azərbaycan tərəfinin mövqeyi açıq şəkildə bəyan edilib:

“Rəsmi Bakı Rusiya tərəfinin təyyarənin quşla toqquşması və ya texniki nasazlıq səbəbindən qəzaya uğraması ilə bağlı iddialarını rədd etdi. Prezident İlham Əliyevin hadisədən sonra keçirdiyi müşavirədə çıxış etməsi və ətraflı müsahibə verməsi göstərdi ki, Bakı bugünkü açıqlamanı öncədən bilirdi. Rusiya tərəfi sadəcə olaraq bir il ərzində 1947-ci ildə qəbul edilən Çikaqo Konvensiyasının tələblərindən yayınırdı. Halbuki həm Azərbaycan, həm də Rusiya bu konvensiyaya qoşulub. Bir il ərzində tövsiyə olunurdu ki, nəticələr araşdırılıb elan edilsin. Ötən gün qəzanın bir ili tamam oldu, lakin nəticələr tam açıqlanmadı. Bu isə xoşagələn hal deyil. Yəni prosesin bir il uzadılmasına ehtiyac yox idi.

Biz Qazaxıstan tərəfinə Moskvadan təzyiqin olduğunu bilirdik. Amma bugünkü nəticə əvvəlcədən bəlli idi. Rusiya Prezidenti Vladimir Putin oktyabrın 9-da Prezident İlham Əliyevlə görüşdü. Bu, hadisədən sonra ilk görüş idi. Doğrudur, həmin görüşdə Vladimir Putin qəzaya görə üzr istədiyini vurğuladı, amma bizim tələbimiz təkcə üzrxahlıq deyildi. Hadisənin törədilməsində təqsirli bilinən şəxslərin həbs edilməsi tələb olunurdu, kompensasiya məsələsi qaldırılırdı. Ailə üzvlərinə kompensasiya verilməli idi. Lakin Rusiya tərəfi bu addımları atmayıb. Bu, da bir daha göstərir ki, Moskva strateji qarşılıqlı fəaliyyət sənədinə uyğun davranmır.

Düşünürəm ki, bu proses Azərbaycan Prezidenti ilə xalqın vahid mövqedən çıxış etdiyini bir daha göstərdi. Bu günə qədər Azərbaycan–Rusiya münasibətləri yaxşı olub, liderlər arasında şəxsi münasibətlər də normal səviyyədə idi. Lakin ölkə başçısı xalqın milli maraqlarını hər şeydən üstün tutur”.


Geri qayıt