Əsas Səhifə > Güney Press / Manşet > NAZİR TSEK SƏDRİNİ QOVDU, AMMA PROBLEM QALIR

NAZİR TSEK SƏDRİNİ QOVDU, AMMA PROBLEM QALIR


30-11-2013, 15:54
NAZİR TSEK SƏDRİNİ QOVDU, AMMA PROBLEM QALIR
DİA.AZ: - Dünən nazir Səlim Müslümov səs-küylü şəkildə ƏSSMN-nin bir neçə vəzifəli şəxsini hamının gözü qarşısında işdən azad etdi. Hər halda, yeni nazirin bu addımı cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb. Kimisi şou adlandırır, kimisi də Səlim Müslümovun bu jestini yeni strukturda möhkəmlənmə təşəbbüsü kimi qiymətləndirir.

DİA.AZ bildirir ki, elə infom.az-ın elektron ünvanına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan qurumlardan daxil olan bir şikayəti diqqətinizə təqdim edir. Bəri başdan qeyd edək ki, artıq şikayətə nədən olan TSEK rəhbəri işdən azad olunub. Amma şikayətçi düşən vətəndaşın problemi həll olunmayıb. Elə buna görə də vətəndaş nazirə üz tutaraq dərdini danışır: “40 ilə yaxındır ki, Lənkəran Rayonlararası Ağciyər Xəstəlikləri Xəstəxanasında qeydiyyatdayam. Ağır vərəm xəstəsi olduğumdan heç bir yerdə işə götürülməmişəm, hazırda da işsizəm. Ailəliyəm, 4 uşağım var. Xəstəliyimlə bağlı bir neçə dəfə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Səhiyyə Nazirliyinin birgə təşkil etdiyi Tibbi-Sosial Ekspert Komissiyasına (TSEK) müraciət etsəm də, nəticəsiz qalıb.

Savadsız olduğumdan və ağır eşitdiyimdən tanışlarımın xahişi ilə problemimlə rayonumuzun ziyalısı Kazım Həsənov maraqlandı. Onunla birgə 2011-ci ilin sentyabrında müalicə aldığım Lənkəran Ağciyər Xəstəlikləri Xəstəxanasında olduq və nəhayət 9 ay müayinədən sonra 32 saylı TSEK-ə göndəriş ala bildik. TSEK-in sədri Yusif İsmayılov məni qəbul etdi və əlillik təyin ediləcəyi müqabilində nə verə biləcəyimlə maraqlandı. Mən imkanımın olmadığını bildirdim və otaqdan çıxaraq həkimlə aramızda olan söhbəti Kazım müəllimə danışdım. Sonuncu ilə birlikdə yenidən həkimin qəbulunda olduq. K. Həsənov mənim vəziyyətimin ağır olduğunu Yusif həkimin nəzərinə çatdırdı və mənə köməklik etmək lazım olduğunu bildirdi. Y. İsmayılov məni təkrar müayinədən ötrü Bakıya- Ağciyər Xəstəlikləri İnstitutuna göndəriş verdi.

19 iyun 2012-ci ildə Ağciyər Xəstəlikləri İnstitutundan ağır vərəmli xəstə kimi əlillik qrupu təyin edilməsindən ötrü TSEK-ə göndəriş aldım. Bir neçə gündən sonra həmin sənədlə yenidən 32 saylı TSEK-in sədri Yusif İsmayılovun qəbulunda olduq. Y İsmayılov alınan nəticələrdən sonra mənə bildirdi ki, sən ikinci qrup əlilsən, bu gündən etibarən sənin əlililk pensiyan hesablanır, 1 il sonra gələrsən, sənə pensiya almaqdan ötrü DSMF-yə göndəriş verərik. Kazım müəllim 1 il müddətin çox olduğunu bildirdi. Bu dəfə TSEK sədri “siz 8 aydan sonra gələrsiniz” dedi.

Biz deyilən vaxtda, yəni 8 ay sonra TSEK-də olduq. Yusif İsmayılov bu dəfə bizə bildirdi ki, nazir müraciətlərin göndərişlərini 1 ildən sonra verilməsi ilə bağlı komissiyalara göstəriş verib. Biz bir ilin də tamamını gözlədik. Artıq 1 il 4 ay keçməsinə baxmayaraq, Y. İsmayılov hələ də sənədlərimin Bakıda olduğunu bildirir, onun nə vaxt göndəriləcəyi ilə bağlı konkret cavab vermir.

Sonuncu dəfə Y. İsmayılovun qəbulunda 18 noyabr 2013-cü ildə olduq. TSEK sədri bizə “sizin kimi 1000-ə yaxın xəstənin sənədini nazirlikdə yubadırlar” dedi və bu yubadılmanın səbəbinin nazirlə bağlı olduğunu bildirdi. K. Həsənov buna etiraz edəndə ki, biz nazirin qəbuluna gedib, sənədləri tələb edəcəyik, cavabında Y. İsmayılovun inanılmaz münasibətilə qarşılaşdıq:- Gedin kimə istəyirsiniz müraciət edin, problemi cavabdeh olan həll etsin, mənlik bir şey yoxdur.

İndi mən əlacsız qalmışam. Bakıya nazirin qəbuluna getməyə nə maddi, nə də fiziki imkanım yol verir. Belə qərara gəldim ki, sözümü prezidentə və nazirə mətbuat orqanları vasitəsilə çatdırım.

Mən mübtəla olduğum ağır xəstəlikdən daha çox məmur özbaşınalığından, süründürməçilikdən əziyyət çəkirəm. Cənab nazir, mənim sənədim sizdədirsə, xahiş edirəm onu qaytarın, əgər TSEK sədri sizin adınızdan istifadə edərək yalan danışırsa, digər şəxslərin də başına eyni oyunu gətirməsin deyə onun barəsində tədbir görün. Bütün vətəndaşların hüquq və azadlığının qarantı olan prezident İlham Əliyevə bəyan edirəm ki, bu “ötür-ötür” oyunu dövlət orqanlarını ictimiyyət arasında nüfuzdan salır. Təcili olaraq bu hərəkətlərə son verilməlidir.

Tahirov Tofiq Habil oğlu,
Liman (Lənkaran )şəhər sakini”

Qeyd edək ki, Səlim Müslümov cümə günü Bakının Xətai, Sumqayıt, Xaçmaz, İsmayıllı-Şamaxı-Qobustan, Ağcabədi-Ağdam, Mingəçevir-Yevlax, Samux-Goranboy-Naftalan, Daşkəsən-Göygöl, Qazax-Ağstafa, Cəlilabad-Biləsuvar, Masallı-Yardımlı, Saatlı-İmişli və Salyan-Neftçala regional TSEK rəhbərlərinin işdən azad olunduğunu bildirib və onlardan iclası tərk etməyi tələb edib. Lənkəran və Füzuli rayon TSEK-lərinin rəhbərləri isə işdən azad olunaraq həkim vəzifələrinə keçirilib.

Geri qayıt