Əsas Səhifə > Güney Press / Manşet > NƏSİMİ SAKİNİ İCRA BAŞÇISINDAN İMDAD DİLƏYİR

NƏSİMİ SAKİNİ İCRA BAŞÇISINDAN İMDAD DİLƏYİR


5-09-2013, 14:43
NƏSİMİ SAKİNİ İCRA BAŞÇISINDAN İMDAD DİLƏYİR
DİA.AZ: - Nəsimi rayonu Novruz qardaşları küçəsi, “85 a” ünvanında yaşayan Əliyeva Səidə Şirməmməd qızı redaksiyamıza şikayət ərizəsi ilə müraciət edib. Şikayətçi ərizəsində Nəsimi rayonu 59 saylı Mənzil Kommunal İstismar Sahəsinin (MKİS) rəisi Ələsgər Rüstəmovun qanunsuz fəaliyyətindən şikayətçidir.

Şikayətçi qeyd edir ki, MKİS rəisi Ələsgər Rüstəmov onun yaşadığı və qonşuların ümumi istifadəsində olan həyətdə digər qonşunun qanunsuz tikinti aparmasına və sakinlərin hüquqlarını pozmasına göz yumur: “Bizimlə eyni həyəti bölüşən Nadir adlı qonşumuz evinin damında tikdirəcəyi növbəti mərtəbə üçün həyətin bütün konstruksiyasını pozaraq, tikinti normativlərinə cavab verməyən hərəkətlərə yol verir. O, öz yaşayış şəraitini qanunsuz yollarla yaxşılaşdırmaq üçün bizim pəncərəmizin qarşısını kəsərək, burada tikinti işləri aparır. Bizim ümumi həyətin eni 4 metrdən az olsa da, Nadir bunun 2 metrini öz yeni tikinti işlərinə cəlb edir.

Halbuki vaxtilə digər qonşular əlavə tikinti aparanda ümumi sakinlərin razılığını alaraq, bunu həyata keçirmiş və hər dəfə Nadir adlı şəxs buna mane olmağa çalışmışdır. Onun indiki halda özünün qanunsuz tikinti aparması göstərir ki, bu şəxsin arxasında ciddi məmurlar dayanır. Mən onun qanunsuz fəaliyyəti ilə bağlı dəfələrlə MKİS rəisi Ələsgər Rüstəmovun yanında olsam da, o, Nadirin əməllərinə haqq qazandırır. Nadiri təkə onun deyil, yüksək rütbəli məmurların himayə etdiyini söyləyir. Hətta o, son görüşüdə məni kobud ifadələrlə acılayaraq, mətbuat vasitəsilə edəcəyim şikayətə “öz başın ağrayacaq, get otur kirmişcə yerində” şəklində qarşılıq verib ”.

Şikayətçi qeyd edir ki, o, indiyə qədər ölkədə həyata keçirilən islahatları dəstəkləyib. MKİS rəisi Ələsgər Rüstəmov isə vətəndaşları narazı salmağa, onları özbaşına hərəkətləri ilə əhali arasında narazılıq yaratmağa çalışır.

Mətbuat vasitəsilə Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyevə səslənən şikayətçi rayon rəhbərini ərazidə baxış keçirməyə və Ələsgər Rüstəmovun qanunsuz əməllərinə son qoymağa çalışır.

Editor.az ünvanına səslənən ittihamlarla bağlı Nəsimi rayonu 59 saylı Mənzil Kommunal İstismar Sahəsinin (MKİS) rəisi Ələsgər Rüstəmovla əlaqə saxlayıb. Əvvəlcə məsələdən xəbərsiz olduğunu deyən MKİS rəisi növbəti gün baş verən hadisəni təkzib edib: “Səidə Əliyevanı görüşə çağırmışam. O ərazidə heç bir tikinti aparılmır və bu qonşular arasındakı şəxsi ədavətdən başqa bir şey deyil”.

Geri qayıt