Əsas Səhifə > Güney Press / Manşet > BABA RZAYEV KÖRPƏ BALALARI İŞIQSIZ QOYUB

BABA RZAYEV KÖRPƏ BALALARI İŞIQSIZ QOYUB


22-08-2013, 17:59
BABA RZAYEV KÖRPƏ BALALARI İŞIQSIZ QOYUB
DİA.AZ: - Bakının Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yerləşən “Atçılıq” yeni yaşayış massivinin sakinləri Xəzər Rayon Enerji Satışı və Təchizatı İdarəsi (ESTİ) əməkdaşlarının oyununa düşüblər. Bu barədə məlumatı isə redaksiyamıza həmin oyunun qaydalarını bilməyən, və yaxud da bu qaydalara əməl etmək istəməyən bir vətəndaş, Ramiz Zülfüqarov təqdim edib. Redaksiyamıza şikayət ərizəsi ilə müraciət edən Ramiz müəllim bildirir ki, artıq bir aya yaxın bir müddətdir ki, onun doqquz nəfərdən ibarət ailəsi, o cümlədən üç azyaşlı uşaq işıq üzünə üzünə həsrət qalıblar. Ərazinin hələlik qazlaşdırılmaması isə ailənin vəziyyətini bir az da çətinləşdirir. Bu vəziyyətin yaranmasına səbəb isə Xəzər Rayon Enerji Satışı və Təchizatı İdarəsi rəhbərliyinin və əməkdaşlarının özbaşınalıqları, əsassız (guya ki, əsaslısı da olur?) rüşvət tələbləri və yol verdikləri digər qanun pozuntularıdır.

R.Zülfüqarov öz ərizəsində göstərir ki, hələ 5-6 il bundan əvvəl sakinlər vəsait toplayaraq öz hesablarına tranformator, dirəklər və naqillər almış, bununla da ərazinin elektrik enerjisi ilə təminatına şərait yaratmışlar. Enerji verilişinin ilk günündən ərazidə ESTİ-nin Elxan adlı bir əməkdaşı peyda olmuş və sakinlərdən pul yığımlarına start verilmişdi. Elxan sərf olunan enerjinin dəyəridən başqa, həm kodlaşdırma üçün tələb olunan “rüsumu”, həm yeni xətlərin çəkilişi üçün vəsait, həm də quraşdırılacaq sayğaclar üçün nəzərdə tutulan pulların yığımını həyata keçirirdi. Bu minvalla hər evdən tələb olunan məbləğ 300-500 manat arasında müəyyənləşmişdi. İlk pul ödəyənlərin sırasında Ramiz müəllim də yer almışdı. Belə ki, o, özünün və daha bir qohumunun evi üçün Elxana 700 manat ödəyir. Lakin bir müddət sonra Elxanın törətdiyi özbaşınalıqlar elə bir həddə çatır ki, artıq vəziyyətə hüquq-mühafiə orqanları müdaxilə etməli olurlar. Elxan həbs olunur. Bundan sonra əraziyə yeni nəzarətçi, Elşən adlı ikinci bir şəxs gəlməyə başlayır. Kodlaşdırma və sayğacların quraşdırılması məsələsi yenidən gündəmə gəlir. Hələlik isə sərf olunan enerjinin pulunu sakinlər əvvəlki qaydada, yəni nəğd formada, həm də qəbz verilmədən Elşənə ödəyirlər. Ramiz Zülfüqarov bildirir ki, bir qədər çətinliklə də olsa o, əvvəlki nəzarətçiyə 700 manat ödədiyini isbat edə bilir. Elşən bu halla barışaraq onun da mənzilinə kod verilməsini və sayğac quraşdırılmasını təmin edir. Lakin Ramiz müəllimdən puı qopara bilməməsi Elşənə bərk yer etmişdi. Buna görə də sayğacların quraşdırılmasından sonra müəyyən müddətə gözdən itmiş nəzarətçi yenidən ərazidə peyda olan zaman R.Zülfüqarova gözlənilməz bir sürpriz təqdim edir. Onun gətirdiyi bildirişdə Ramiz müəllimin elektrik enerjisi məsrəfinə görə 670 manata yaxın borcu olduğu qeyd olunmuşdu. Bu borc guya ki, quraşdırılmış sayğacın göstərişlərinə əsasən orta aylıq məsrəf kimi hesablanmış və sayğacdan əvvəlki aylar üçün nəzərdə tutulmuşdu. R.Zülfüqarov ərizədə yazır: “Bizim evə elektrik saygacı 01.02.2013-cü il tarixdə deyil (bildirişdə belə qeyd edilmişdir) 10.01.2013-cü il tarixdə quraşdırılmışdır. Elşən bildirişdə niyə belə qeyd etmişdir, buna özü aydınlıq gətirsin. Çətinlik çəkərsə, mən də kömək edə bilərəm...

Qəsəbəyə 15.03.2013-cü il tarixdə paylanan ilk bildirişlər yoxlanılsın. Əvvəlki qalıq borclar kimlərə və neçə nəfərə şamil edilmişdir?! Niyə bu borclar müstəsna adamlara şamil edilmişdir..?

Elşən bəy əraziyə nəzarətçi təyin olan müddətdən saygaclar qoyulana kimi, qəsəbədən yığılan (hər ayda, hər bir evdən 20-25 azn) puldan büdcəyə nə qədər vəsait ödənmişdir..?”

Lakin bu suallara nə Elşən, nə də Xəzər Rayon Enerji Satışı və Təchizatı İdarəsinin rəisi cavab verməyə hazırlaşmırlar. Olmayan borcunu ödəməkdən imtina edən Zülfüqarovlar ailəsi isə bu gün də şam işığında yaşamağa məhkumdurlar. ESTİ-nin rəisi isə ona ünvanladığımız sorğuya belə bir absurd cavab verməklə kifayətlənib: “Borc kompyüterə düşübsə, bu pul ödənməlidir.” Gözəl məntiqdir, deyilmi?

Geri qayıt