Əsas Səhifə > Güney Press / Manşet > SALYANDA ŞOK MALİYYƏ MAXİNASİYALARI
SALYANDA ŞOK MALİYYƏ MAXİNASİYALARI11-08-2013, 12:13 |
![]() DİA.AZ: - Salyan rayon icra hakimiyyəti başçısının inzibatı ərazi dairələri üzrə nümayəndəliklərinin “dəftərxana ləvazimatı alınması üçün” ayrı-ayrı hüquqi və fiziki şəxslərin hesabına minlərlə manat pul ödəməyinin şübhəli olmağı barədə məlumat vermişdik. Son araşdırmamız zamanı bu şübhələrin heç də əsassız olmadığı üzə çıxıb. O da məlum olub ki, əmtəəsiz alqı-satqı əməliyyatlarına rayonun maliyyə şöbəsinin müdiri Mahir Kərimov rəhbərlik edir. Bunu icra nümayəndələri iddia edir. Xatırladaq ki, təkcə bu il Salyan RİH başçısının inzibati ərazi dairələri üzrə nümayəndələri ayrı-ayrı hüquqi və fiziki şəxslərin hesabına dəftərxana lavazimatı almaq adııyla 150 min manatdan çox pul köçürüb. Bunlardan biri Qaraçala inizbatı ərazi nümayəndəliyidir ki, bu il məlum təyinatla fiziki şəxs Kərimov Valeh Əlihüseyn oğlunun hesabına 9885 manat ödəyib. Məsələni araşdırmaq üçün icra nümayəndəsi Ədalət Məmmədovla əlaqə saxladıq. Soruşduq ki, siz həqiqətənmi bu qədər vəsaitə dəftərxana ləvazimatı almısınız? Əvvəl “hə” desə də, “kimdən almısınız, hardadır bu mallar, onu hara yığmısınız, nə buraxmaq, nəşr etmək istəyirsiniz?” suallarından sonra elə bil adama od vurdun: “Əşi, nə kağız, nə ləvaimat- siz nədən danışırsınız?! Bu pula bir “Kamaz” kağız edir. Özüm darısqal bir otaqda oturmuşam, alsam bu qədər kağızı hara yığacam?! Düzü, mənim bu işlərdən xəbərim yoxdur. Sualınızı Mahir Kərimova verin, onun oyunudur.” Şorsulu inzibati ərazi dairəsi üzrə nümayəndəliyin hesabından bu ad altında 6623 manat fiziki şəxs Babayev Xəyal Xeyrulla oğlunun hesabına köçürülüb. Dairə üzrə nümayəndə Ağasəf Süleymanov da suallarımızı cavablandırmaqda çətinlik çəkdi. Üstəlik bu əmtəəsiz alqı-satqı əməliyyatını öz istəyilə etmədiyini bildirdi: “Vallah mənlik bir şey yoxdur, onsuz da imkan vermirlər işləməyə, əlimizdə nə var, tutub alırlar. İl ərzində, mənə cəmi bir-iki büküm kağız lazım olur, onu da cibimin pulu ilə alıram. Yaxşısı budur siz Mahir müəllimlə görüşün, o məsələni izah edər.” Rəsmi məlumata görə bu il Çuxanlı inzibati ərazi dairəsi üzrə nümayəndəlik dəftərxana ləvazimatı almaq üçün fiziki şəxs Zeynalov Kamran Qabil oğlunun hesabına 5731 manat köçürüb. İcra nümayəndəsi Müzadil İbrahimov and-aman edir ki, nə Kamran adlı şəxsi tanıyır, nə də bu məbləğdə dəftərxana ləvazimatı alıb: “Bu haqda məlumatı birinci dəfə sizdən eşidirəm.” Məlumat üçün qeyd edək ki, əvvəlki araşdırmalarımızda da rayon maliyyə şöbəsinin fəaliyyətində şübhəli məqamlar hiss olunub. Buna misal olaraq son dəfə ərazidəki Rayonlararası Ruhi Xəstəxanaya büdcədən ayrılan 200 min manatla bağlı sorğumuza maliyyə idarəsi rəisinin bəhanə ilə cavab verməkdən imtina etməsini qeyd edə bilərik. Yeri gəlmişkən, həmin müəssisə də dəftərxana ləvazimatı almaq üçün 12 165 manat büdcə vəsaitini fiziki şəxs Məmmədov Zahid İmanverdi oğlunun hesabına köçürüb. Deyəsən Salyanda dəftərxana ləvazimatı pul silmək üçün ən yararlı vasitədir. Nümayəndəliklər müxtəlif dövlət orqanlarına vaxtaşırı hesabatlar, bir də vətəndaşlara arayışlar verir. İndi kompüter dövrüdür, məlumatların çoxu elektron variantda verilə bilər. A-4 formatında olan 500 ədədlik 1 büküm yazı kağızı 5 manatdır, qoy ildə 5 belə büküm işlənsin. Digər ləzvimatlar (qovluq, dəftərxana kitabı, qələm, karandaş, xətkeş, pozan və s.) da elə baha qiymətə deyil- bunlar da tutsun 25 manat. Ümumilikdə bu xərc 50 manatdan çox ola bilməz. Belə olduğu halda, icra nümayəndəliklərinə, büdcədən maliyyələşən digər təşkilatlara il ərzində dəftərxana və çap xərcləri üçün nəşriyyatlardan da çox vəsait ayrılması açıq-aşkar büdcə talançılığıdır. Son olaraq Maliyyə İdarəsinə yaxın düşə bilmədiyimizdən. Mahir Kərmova telefon açdıq, mövqeyini öyrənmək istədik. Cənab Kərimov bildirdi ki, səhhətində problem var, xəstəxanadadır, bu səbəbdən suallarımızı cavablandıra bilməyəcək. Ona şəfa diləyirk. Arzu edirik tezliklə sağalsın və bu məsələlərə aydınlıq gətirsin. Bəlkə bu ləvazimatlar Maliyyə İdarəsinin anbarında saxlanılır? P.S. Yaxın vaxtlarda hər il tender qalibi elan edilən fiziki şəxsləri təqdim edəcəyik. O şəxslər ki, özlərinin də bundan xəbəri yoxdur. Bunun ardınca gəmiricilər... üzr istəyirik, təmirçilər dəstəsi (kağız üzərində təmir-tikinti işləri aparan MMC-lər) gəlir. Bizi izləyin. infom.az Geri qayıt |