Əsas Səhifə > Güney Press / Manşet > NAZİRLƏRİ BİRLƏŞDİRƏN ÜMUMİ MARAQ
NAZİRLƏRİ BİRLƏŞDİRƏN ÜMUMİ MARAQ28-12-2011, 16:29 |
![]() MİSİR MƏRDANOVLA ƏBÜLFƏS QARAYEVİN ORTAQ “YOLKA” BİZNESİ DİA.AZ: - Qarşıdan yeni il gəlir. Çox güman ki, bu bayram uşaqlara böyük sevinc, valideynlərə isə bir o qədər problemlər gətirəcək. Bəli məhz problemlər. İlin sonu yaxınlaşdıqca valideynlər övladlarının şənliklərsiz, teatrlarda səhnələşdirilmiş tamaşalarsız təsəvvür edə bilmədikləri bayram üçün hazırlaşır. Övladının üzünü sevincli görmək istəyən valideyn çalışır ki, "yeni il şənlikləri"ndə iştirak etmək üçün biletləri əldə etsin. Bunun üçün valideyn ya iş yerində həmkarlar ittifaqı xəttindən istifadə etməlidir, ya da bu cür tədbirlərin hazırlandığı mədəniyyət evlərinin və teatrların kassalarına müraciət etməlidir. Yeri gəlmişkən onu da qeyd edək ki, "yeni il şənlikləri" üçün biletlər artıq satılmağa başlayıb. Bu biletləri nəinki kassalardan, hətta orta məktəblərdən də əldə etmək olar. Təəccüblənmək lazım deyil. Sadəcə olaraq həmişəki kimi bəzi insanlar uşaqların sevincləri üzərinə kapital qazanmaq planları qurublar. Elə bu məsələ də valideynlər üçün əsl problemə çevrilib. Nəzərinizə çatdıraq ki, ilin, günün bu vaxtı-"Yeni il" bayramı ərəfəsində bir çox müəssisələrdə olduğu kimi məktəblərdə də bazar abu-havası yaranıb. Bu bazarda satıcı müəllim, alıcı isə şagird və valideyndir. Bazara çıxarılan məhsul isə "yeni il şənliyi" biletidir. Bu alış-veriş adi bazardan onunla fərqlənir ki, burada müştərinin bileti almamaq kimi bir şansı yoxdur. Yəni şənlik biletləri şagirdlərə məcburi olaraq satılır. Biletlərin qiymətləri isə yerindən, proqramından, vaxtından asılı olaraq 10 manat və ondan baha qiymətə satılır. Halbuki bu cür şənlik biletlərinin qiyməti keçən il 5 manat olmuşdu. Bu da haqlı olaraq valideynlərin narahatçılığına səbəb olur. Hansı məktəb rəhbərliyindən də soruşsan ki, bu nə məsələdir? Hamısı bir ağızdan "bizə veriblər ki, hamısını satın" sözünü deyirlər. Bəs bunun arxasında kim durur? Kimdir məktəblərdə məcburi bilet satdıran? Yeni ilin gəlişi ilə ortaya çıxmış problemi araşdırmaq üçün Mədəniyyət və Turizm Nazirliyinin sözçüsü İntiqam Hümmətovun mediaya verdiyi açıqlamaya görə təşkilatın balansında olan teatrlarda və mədəniyyət evlərində keçirilən "yeni il şənlikləri"nin iştirakçısı olmaq üçün əldə olunan biletlər çox ucuzdur: "Ümumiyyətlə tamaşa müxtəlif qiymətə ola bilər. Tamaşa üçün bilet 5 manatda ola bilər, 10 manat da ola bilər və s. Bu baxır tamaşaya. Amma onu da qeyd edim ki, bizim balansımızda olan teartrlarda, mələniyyət evlərində yeni il ərəfəsində təşkil olunmuş "yolka şənlikləri"nin qiyməti o qədər də baha olmur. Bizim müəssisələrdə təşkil olunmuş tədbirlərin hamısında qiymətlər elə təyin olunur ki, əhalinin əksər hissəsi bu şənliklərdə iştirak edə bilsin. O ki qaldı biletin məktəblərdə və ya başqa yerlərdə baha qiymətə satılmasına, bu bir az araşdırmaya ehtiyacı olan məsələdir. Bu hansısa işbazın əməli ola bilər. O bileti kollektiv şəkildə alıb, başqa yerlərdə baha qiymətə sata bilər. Belə bir hadisə ötən illərin birində baş vermişdi. Bir nəfər şəxs kollektiv şəkildə teatr kassasından biletləri alıb, başqa bir yerdə baha qiymətə satırmış. Teatr rəhbərliyinin müdaxiləsindən sonra həmin şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Təbii ki, yaranmış bu vəziyyət ürəkaçan deyil. Çünki heç kəs istəməz ki, onu aldatsınlar". Bütün bunlardan belə bir nəticə çıxır ki, teatrlar və məktəblər arasında gözə görünməz bir qrup qüvvələr fəaliyyət göstərir ki, bu da vətəndaşlarla teatr və məktəblərin arasında inciklik yaradır. Maraqlısı isə odur ki, bu işdən xeyir görən də, zərər çəkən də hamı bir ağızdan yaranmış vəziyyətdən şikayət edəndir. Geri qayıt |