Əsas Səhifə > Güney Press / Manşet > RAMİZ MEHDİYEVİN ADINDAN KİM İSTİFADƏ EDİR?

RAMİZ MEHDİYEVİN ADINDAN KİM İSTİFADƏ EDİR?


29-05-2013, 16:57
RAMİZ MEHDİYEVİN ADINDAN KİM İSTİFADƏ EDİR?
DİA.AZ: - Bu günlərdə redaksiyamıza eyni vaxtda daxil olmuş iki şikayət ərizəsində diqqətimizi ilk çəkən məqam, ərizələrdə ölkənin aparıcı inşaat şirkətlərindən birinin adının çəkilməsi oldu. Bu şirkət daha çox Nəqliyyat Nazirliyinin sifarişlərinin icrası ilə məşğul olan “İHİ” MMC-dir. Şirkətin rəhbəri isə Xaləddin Hüseynovdur.

MMC-nin icraçısı olduğu iri layihələrdən biri kimi Ziya Bünyadov prospekti və Müzəffər Nərimanov küçəsinin kəsişməsində inşa olunan müxtəlif səviyyəli yol qovşağının tikintisini göstərmək olar. Elə bu tikintinin də sifarişçisi Nəqliyyat Nazirliyi və “Azəryolservis” ASC, layihəçi isə “Akin projekt” MMC və “Azərnəqliyyatyollayihə”dir. Bunu da qeyd edək ki, ölkə mətbuatında yayımlanan məlumatlarda “İHİ” MMC-nin adı həm də Nəqliyyat Nazirliyinin keçirdiyi əksər qapalı tenderlərin mütəmadi qaliblərindən biri kimi hallandırılır. Belə ki, Satınalmalar üzrə Dövlət Agentliyinin 2011-ci ildə keçirilmiş tenderlərin qeydiyyatı haqda sənədində də göstərilib ki, Nəqliyyat Nazirliyi həmin il ümumilikdə 523 milyon 457 min 807 manat həcmində tender keçirib. Bu tenderlərin qalibləri arasında da 8-10 şirkətlə yanaşı “İHİ” MMC-nin adı var.

Əslində bu məlumatların araşdırdığımız şikayət ərizələri ilə birbaşa əlaqəsi yoxdur. Digər tərəfdən isə, 15-20 nəfərdən ibarət kollektivin əmək haqqlarını ödəməkdən boyun qaçıran bir şəxsin rəhbərlik etdiyi şirkətə dövlət əhəmiyyətli sifarişlərin necə etibar olunduğunu da izah etmək asan deyil.

Beləliklə, DİA.AZ-a daxil olan ərizələrdən biri Bərdə rayon sakini Mahir İsmayılov, digəri isə Qax rayon sakini Sarvan Məmmədov tərəfindən imzalanmışdır. Ərizələrdə göstərilir ki, M.İsmayılov və S.Məmmədov rəhbərlik etdikləri inşaat briqadaları ilə birlikdə 2011-ci ilin avqust ayından “İHİ” MMC-nin rəhbəri Xaləddin Hüseynov tərəfindən Füzuli rayonu Horadiz şəhərində həyata keçirilən bir sıra dövlət əhəmiyyətli obyektlərin tikintisinə və təmir-bərpa işlərinə cəlb olunublar. Bu obyektlərin sırasında “Heydər Əliyev Mərkəzi”, “Gənclər evi”, bir neçə məktəb və uşaq bağçası, yaşayış binaları da olub. Mahir İsmayılovun briqadası həmin binalarda dam örtüklərinin vurlması ilə, Sarvan Məmmədovun briqadası isə əsasən kanalizasiya xətlərinin çəkilişi və sanitar qovşaqlarının tikintisi ilə məşğul olublar.

Şikayətçilər bildirirlər ki, işlərin smeta dəyəri də “İHİ” MMC-nin Rafət adlı əməkdaşı tərəfindən hesablanıb və rəhbərliklə razılaşdırılıb. İş prosesinin gedişində Xaləddin Hüseynovun qardaşı Saməddin və müavini Arif tərəfindən bir neçə dəfə hissə-hissə ödəməlkər də həyata keçirilib. Lakin MMC öz subpodratçlarına hər zaman borclu qalıb. Vəziyyəti isə belə izah ediblər ki, işlər tam qurtarandan sonra məbləğ tam ödəniləcək. Bir müddət sonra Horadizdə işlər tamamlanıb. “Heydər Əliyev Mərkəzi”nin açılış mərasimində isə ölkə Prezidenti cənab İlham Əliyev özü iştirak edib və görülən işlərdən razı qaldığını bildirib. Amma bu işləri həyata keçirən usta və fəhlələr öz pullarını yenə də almayıblar. Mahir İsmayılovun briqadası Horadizdən sonra yenə də “İHİ” MMC-nin rəhbərliyi tərəfindən, bu dəfə artıq Müşfiq qəsəbəsində məcburi köçkün ailələri üçün inşa olunan binanın tikintisinə cəlb edilib. Burada da ödənişləri kecikdirən şirkət rəhbərliyi, bu dəfə artıq Maliyyə Nazirliyi tərəfindən pulların köçürülməsində gecikmələrin olduğunu bəhanə edir...

Maraqlıdır ki, bütün bu gecikmələr və vəsait çatışmazlıqları Xaləddin Hüseynovun Füzuli rayonunda, Novxanıda və paytaxtın Teymur Əliyev küçəsində yerləşən və hər birinin yüz min manatlarla dəyəri olan şəxsi villalarının ərsəyə gəlməsinə qətiyyən mənfi təsir göstərmir. Bunun müqabilində isə Mahir İsmayılovun briqadasının işçiləri 24 min 410 manat, Sarvan Məmmədovun briqadasının işçiləri isə 19 min manat məbləğində, halal zəhmətlə qazandıqları pulu bu gün də “İHİ” MMC-dən ala bilmirlər. Xaləddin Hüseynov isə ona ünvanlanan şikayət və iradlardan yaxa qurtarmaq üçün borclu olduğu insanlara, guya ki, onu himayə edən Prezident Adminstrasiyasının rəhbəri, hörmətli akademik Ramiz Mehdiyevin adından istifadə etməklə hədə-qorxu gəlməkdən belə çəkinmir...

Qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt