Əsas Səhifə > Güney Press / Manşet > İCRA BAŞÇISI OLMAQ ÜÇÜN 300 MİN MANATLIQ AVANS

İCRA BAŞÇISI OLMAQ ÜÇÜN 300 MİN MANATLIQ AVANS


21-12-2012, 16:53
İCRA BAŞÇISI OLMAQ ÜÇÜN 300 MİN MANATLIQ AVANS
DİA.AZ: - Bir müddət əvvəl belə bir məlumat yayıldı ki, Goranboy rayonu İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevin oğlu polis tərəfindən saxlanılıb. Məlumatda iddia olunurdu ki, icra başçısının banklardan birinin Mingəçevir şəhər filialında çalışan oğlu maliyyə yeyintisinə görə saxlanılıb.

O da qeyd edilirdi ki, bu addım əslində Nizaməddin Quliyevin “vurulmasına” xidmət edir. İcra başçısnın tutduğu postdan kənarlaşdırılmasına hazırlıq görüldüyü də qeyd olunmaqda idi.

Bununla bağlı DİA.AZ-a yeni məlumatlar daxil olub. Goranboydakı qaynaqlardan redaksiyamıza bildirilənə görə, əslində davamlı şəkildə Nizaməddin Quliyevlə bağlı mətbuatda müxtəlif xəbərlərin yer alması təsadüfi deyil və bu işdə maraqlı olan konkret qüvvələr var.

Mənbənin söylədikləri: “Diqqət yetirilərsə, görünər ki, bütün məlumatlar birbaşa olaraq Goranboydan ötürülüb. Təsadüfi deyil. Və bu işdə icra hakimiyyəti başçısnın müavinlərindən birinin əli var. Yəni Nizaməddin Quliyevin müavinlərindən biri hazırda ona qarşı mətbu kampaniya aparır”.

Mənbəmiz onu da bildirdi ki, Goranboya başçı gəlmək istəyən müavinə “yuxarılardan” himayədarlıq edənlər də var: “Hətta Prezident Administrasiyasında konkret bir şəxsə bu məqsədlə avans olaraq müavin tərəfindən 300 min manat şirinlik də verilib”.

Mənbəmiz əlavə olaraq onu da bildirdi ki, Nizaməddin Quliyevlə bağlı paralel olaraq müxtəlif dövlət qurumlarına da intensiv olaraq şikayət məktubları da təşkil olunur.

Bildirək ki, bütün bunlarla bağlı icra başçısı ilə əlaqə saxlamğa çalışsaq da, Nizaməddin Quliyevin mobil telefonuna ulaşa bilmədik. Bütün tərəfləri dinləməyə hazırıq.

Geri qayıt