Əsas Səhifə > Güney Press / Manşet > BALTALI KƏNDİNİN SƏLƏMÇİ MƏKTƏB DİREKTORU

BALTALI KƏNDİNİN SƏLƏMÇİ MƏKTƏB DİREKTORU


30-11-2012, 16:29
BALTALI KƏNDİNİN SƏLƏMÇİ MƏKTƏB DİREKTORU
DİA.AZ: - Müəllim adının nə qədər şərəfli olması haqqında danışmağa ehtiyac yoxdur. Bu ad hər kəs üçün ucadır. Biz hamımız müəllim adı ilə fəxr etmişik. Əfsuslar olsun ki, bəzən səcdə qıldığımız bu ada xəyanət edən müəllimlərə də rast gəlirik. Buna ancaq təəssüflənmək olar. Nə qədər acı olsa da etiraf etməliyik ki, müəllim adını daşıyan bəzi insanlar daşıdığı şərəfli ada layiq olmayan xoşagəlməz əməllərə yol verirlər.

Bu günlərdə DİA.AZ-a Şəki şəhəri Salman Mümtaz küçəsi bina 13 A, mənzil 14-də yaşayan Abdullayeva Xuraman Məmməd qızının imzası ilə şikayət ərizəsi ilə daxil olub. Xuraman xanımın ərizəsini həyəcansız oxumaq mümkün deyil. Xuraman Abdullayeva ərizəsində yazır:

"Hörmətli redaksiya! Mən, 4 uşaq anasıyam. Bir oğlum və üç qızım var. Oğlum hal-hazırda ordu sıralarında xidmət edir. Qız övladlarımın biri ağır xəstədir. Onu müalicə etdirmək üçün pula ehtiyacım oldu. Eşitdim ki, Şəki rayonunun Baltalı kənd məktəbinin direktoru Məmməd müəllim faizlə borc pul verir (sələmə). Mən də onun yanına gedərək qarşılıqlı razılıq əsasında Məmməd müəllimdən 2900 manat borc pul aldım. Bu pulun müqabilində Məmməd müəllimə hər ay ümumi məbləğin 10 faizini ödəməli idim. Belə də oldu. Mən qısa bir vaxtda Məmməd müəllimə olan borcumu və həmin borcun faizini tam şəkildə ödədim.

Mənim əzablarım elə bundan sonra başladı. Belə ki, adı çəkilən məbləği Məmməd müəllimdən alarkən o, mənim, xəstə qızımın və həyat yoldaşımın əmək haqqı almaq üçün istifadə etdiyimiz bankomat kartlarını məndən alaraq girov şəklində özündə saxladı. Mən, Məmməd müəllimdən aldığım borcu tam həcmdə qaytarmağıma baxmayaraq o, müxtəlif bəhanələrlə bizim bankomat kartlarımızı qaytarmadı. Yalnız 1 ildən sonra adı çəkilən kartları geri ala bildim. Gördüklərim məni dəhşətə gətirdi. Sən demə Məmməd müəllim bizim icazəmiz və xəbərimiz olmadan həmin kartlarla bizə məxsus olan əmək haqlarımızı da bankomatdan götürübmüş. Beləliklə, məktəb direktoru bizim 3 min 3 yüz manat məbləğində pulumuzu qanunsuz olaraq mənimsəmişdir. Bu günə qədər Məmməd müəllim nəinki bu pulu qaytarmır, əksinə, hər gün evimizə və ya mənim iş yerimə hücum edərək bizi təhqir edir və öldürəcəyi ilə hədələyir. Bununla kifayətlənməyən məktəb direktoru tanımadığımız bir neçə qadını müxtəlif bəhanələrlə evimə və iş yerimə göndərərək məni və uşaqlarımı söyüb təhqir edirlər. Odur ki, sizdən xahiş edirəm, mənim səsimi aidiyyatı qurumlara çatdırasınız".

Şikayəti nəzarətdə saxlayacağıq.

Onu da bildirək ki, DİA.AZ olaraq apardığımız araşdırmalar zamanı əslində Baltalı kənd orta məktəbinin direktorunun vətəndaşın icazəsi olmadan ona aid pulları bankomatdan çıxarmasına dəstək verənlərin olduğunu öyrəndik. Sən demə, bui şin arxasında yerli bank filiallarından birinin rəhbəri dayanırmış və ümumiyyətlə, sələmə buraxılan da elə bankın pullarıdır. Direktor isə bu prosesdə araçılıq edərək pul qazanır.

Qarşı tərəfin də mövqeyini öyrənməyə çalışacağıq. Mövzu diqqətimizdədir.

Geri qayıt