Əsas Səhifə > Güney Press / Manşet > JURNALİST RAMİL USUBOVDAN KÖMƏK İSTƏDİ

JURNALİST RAMİL USUBOVDAN KÖMƏK İSTƏDİ


9-10-2012, 14:26
JURNALİST RAMİL USUBOVDAN KÖMƏK İSTƏDİ
DİA.AZ: - Bu günlərdə kirayə yaşadığı evi qarət olunmuş tanınmış jurnalist, “Ümid” Partiyası sədrinin müavini Razi Abasbəyli Daxili İşlər Naziri Ramil Usubova müraciət edib. DİA.AZ-a daxil olan müraciətin mətnində deyilir:

“Cənab nazir, mənim sizə müraciət etməkdə məqsədim ilk olaraq oktyabr ayının 28-də Bakı şəhəri Səbayel rayonu, Badamdar qəsəbəsində kirayədə yaşadığım mənzildən ailəmə məxsus qızıl-zinyət əşyalarının oğurlanması faktı ilə bağlı polis əməkdaşlarının göstərdikləri yüksək operativlik və peşəkar yanaşma ilə bağlı təşəkkür etməkdir.

Cənab nazir, mən uzun illərdir ki, Azərbaycan jurnalistikasında fəaliyyət göstərirəm. Sosial durumum demək olar ki, aztəminatlı ailələr statusundadır. Oktybar ayının 28-də mənim mənzilimdən olan oğurluq faktı, ailəmin onsuz da ağır olan sosial vəziyyətini bir qədər də ağırlaşdırdı.

Mənzilimdən olan oğurluqla bağlı olaraq oktyabrın 29-da Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət etdim. Ərazi üzrə hadisə yerinə gələn polis əməkdaşları mənzilimə baxış keçirdilər. Qonşuların şahid ifadələri dinlənildi. Şahid ifadələrindən də məlum olurdu ki, mənzilimizdən oğurluq edən 3 nəfərdən ibarət dilənçi qadınlar olublar. Bununla əlaqədar olaraq çox operativ şəkildə qonşuların fərdi mənzilində quraşdırılmış video kameralardakı görüntülər çıxarıldı.

Cənab nazir, polis əməkdaşlarının bu prossesə yüksək səviyyədə qoşulmaları və aparılan istintaq hərəkətlərindəki hər an yeniliklərin və cinayətkarların tutulma ehtimalının artması məni sevindirir. Amma, bu gün ailəmin yeganə güvənci olan və dəyəri təxmini cəmi 3550 manat olan qızıl-zinyət əşyalarının geri qaytarılma ehtimalının hər keçən gün azalması məni çox narahat edir.

Mən bir Azərbaycan vətəndaşı olaraq, daim dövlətçiliyimizin möhkəmlənməsində tutduğum ictimai mövqeyimlə, dövlətimizin maraqlarını hər şeydən ümdə və ideal sandığıma görə, istintaq orqanlarının əməkdaşlarına yardım etməyi, ölkəmizdəki cinayətkarlıqla mübarizə aparmaq üçün hər zaman yardımçı olmağı da özümə borc bilmişəm.

Cənab nazir mən cinayətkarların tapılıb cəzalandırılacağına zərrə qədər də şübhə etmirəm. Lakin bir daha qeyd edirəm ki, mənzilimdən oğurlanan o qədər də çox olmayan qızıl-zinyət əşyaları mənim üçün çox dəyərlidir. Narahatam ki, zaman keçdikcə mənim illər uzunu qəpik-qəpik topladığım o əşyaları geri qaytarmaq çətin olsun. Bu səbəbdən də sizə müraciət edərək, bu cinayətin isti izlərlə açılmasında şəxsən diqqət ayırmanızı rica edirəm.

Və cənab nazir, bu cinayətkarların tapılıb cəzalandırılacağına şübhə etməyimdən öncədən sizə dərin və səimi təşəkkür edirəm. Ümid edirəm ki, Azərbaycanın gənc və bir aztəminatlı ailəsinin güvəncinin geri qayıtmasında bizə bütün köməyi göstərəcəksiniz”.

Geri qayıt