Əsas Səhifə > Manşet / Gündəm > Şəhid bacısı kiberdələduzun TORUNA NECƏ DÜŞDÜ...

Şəhid bacısı kiberdələduzun TORUNA NECƏ DÜŞDÜ...


Bu gün, 06:45

BİZİM KİMİ BAŞQALARI DA BELƏ BİR FİRILDAĞIN QURBANI OLMASIN!
Bu gün axşam saatlarında telefonuma bir zəng gəldi. Dəstəyin o biri başında titrək səslə danışan bir qadın vardı:
Xanım, sizdən bir xahişim var...
Buyurun, — dedim.
Açıqladı ki, adının çəkilməsini istəmir. O, şəhid bacısı idi. Başına gələnləri danışmağa utandığı üçün ad-soyadını və yaşadığı ünvanı gizli saxlamaq istəyirdi. Məndən tək xahişi şikayətini sonadək dinləməyim idi.
Anlatdım ki, rəsmi kimlik və əlaqə məlumatları olmadan aidiyyəti qurumlara müraciət etmək imkanım məhduddur. Lakin onun cavabı məni dərin düşüncələrə qərq etdi:
Mən itirdiyim pulun arxasınca düşməmişəm. Öz saflığımın, naşılığımın qurbanı olmuşam. Tək istəyim odur ki, mənim kimi başqaları da bu tora düşməsin.
Bu sözlərdən sonra məsələnin ciddiliyini anladım. Etiraf edim ki, eşitdiklərimdən dəhşətə gəldim.
Bu gün cəmiyyətdə kiberdələduzluğun müxtəlif növləri barədə kifayət qədər xəbərdarlıqlar edilir. Hüquq-mühafizə orqanları insanları mütəmadi olaraq ayıq-sayıq olmağa çağırır, sosial şəbəkələrdə maarifləndirici məlumatlar paylaşılır. Lakin bütün bunlara baxmayaraq, insanların ən həssas duyğularını istismar edənlər hələ də özlərinə qurban tapmaqda davam edirlər.
Qadın utana-utana, səsindəki hönkürtünü boğaraq başına gələnləri danışmağa başladı...
Oğlunun gələcəyi və sağlamlığı ilə bağlı ciddi narahatlıqlar keçirirmiş. Bir gün "TikTok" platformasında qarşısına bir canlı yayım çıxır. Ekranda 350–400 nəfərə yaxın izləyici var idi: kimisi yayımı aparan şəxsə yalvarır, kimisi ona dua edirdi. Təbii ki, bu mənzərə qadında həmin şəxsin etibarlı, dini elmi olan və insanlara həqiqətən kömək edən biri olduğu təəssüratını yaradır.
Çox keçmədən həmin şəxs onunla şəxsi mesaj bölməsində əlaqə saxlayır və videozəngə dəvət edir. Təxminən bir saat davam edən videozəng zamanı özünü "dindar" kimi təqdim edən dələduz oğlunun üzərində böyük bir bəla olduğunu və bunu yalnız "Quran vasitəsilə" aradan qaldıra biləcəyini iddia edir. Çıxılmaz vəziyyətdə olan ana buna inanır və öz əli ilə qızına məxsus bank kartından həmin şəxsə 550 manat köçürür.
Ancaq hiyləgərlik bununla bitmir.
Bir qədər sonra təzyiqlər başlayır. Şəbəkə bu dəfə 2 400 manat tələb edir və əks halda oğlunu öldürəcəkləri ilə hədələyir. Dələduzun yanında özünü onun "köməkçisi" kimi təqdim edən başqa bir qadın da psixoloji hücuma qoşulur. Yazıq ananın isə bu qədər pulu yox idi.
Bütün gecə boyunca telefon zəngləri kəsilmir. Anaya oğlunun başına dəhşətli hadisələrin gələcəyi deyilir, süni qorxu və şiddətli psixoloji təzyiq mühiti yaradılır. Şüuru qorxu ilə dumanlanan ananın beynində yalnız bir sual fırlanır:
“Görəsən, oğluma gerçəkdən nəsə olacaq?”
Məhz belə məqamlarda insanın məntiqi arxa plana keçir, idarəetməni qorxular ələ alır. Növbəti gün bir qohumu onunla həmsöhbət olur və vəziyyəti soyuqqanlı şəkildə qiymətləndirməyə kömək edir. Qadın yalnız bundan sonra böyük bir dələduzluq toruna düşdüyünü dərk edir. Amma təəssüf ki, ox artıq yaydan çıxmışdı.
Qadın söhbətin sonunda göz yaşları içində əlavə etdi:
Mən bunları özümə bəraət qazandırmaq üçün danışmıram. Biliəm ki, bağışlanmaz səhv etmişəm. Amma mən bunu bir ananın çarəsizliyindən etdim. İstəyirəm ki, mənim düşdüyüm bu cəhənnəmə başqa analar düşməsin.
Məni bu yazını qələmə almağa vadar edən də elə bu sözlər oldu.
Çünki söhbət təkcə itirilən 550 manatdan getmir. Burada daha dəhşətli bir cinayət var: insanın övladına olan sevgisindən, inancından, qorxusundan və çarəsizliyindən istifadə etmək. Əvvəlcə saxta ümidlərlə inandırmaq, sonra qorxutmaq və nəhayət şantajla pul mənimsəmək. Bu, sadəcə maliyyə fırıldağı deyil, insan ruhuna qəsd, mənəvi terrordur!
Bu gün bir ana övladının taleyindən qorxduğu üçün yanlış bir addım atdı. Sabah eyni psixoloji təzyiqlə sizin ananız, atanız, bacınız və ya övladınız qarşılaşa bilər.
Bu yazını paylaşaraq daha bir ananın göz yaşının tökülməsinə, daha bir ailənin dələduzların qurbanına çevrilməsinə mane olun! Duyarsız qalmayaq!
Tik tok platformasında dələduzun adı - SEYİD ABBAS AGA
Əlaqə nömrəsi – 070-301-47-98
Kart nömrəsi- 4169 7388 2894 8384
Jalə FAMİLQIZI - "DİA-AZ"



Geri qayıt