Əsas Səhifə > Manşet / Hadisə > Naxçıvan Təhsil Nazirliyi bu özbaşınalığa nə vaxta kimi göz yumacaq?
Naxçıvan Təhsil Nazirliyi bu özbaşınalığa nə vaxta kimi göz yumacaq?Bu gün, 08:50 |
|
Vətəninfo.az-ın redaksiyasına Naxçıvan Muxtar Respublikası Babək rayonunun tanınmış təhsil ocaqlarından olan Sirab kənd tam orta məktəbində son illər baş verən qanunsuzluqlar, özbaşınalıqlar və ciddi hüquqpozmalarla bağlı məlumatlı mənbələrdən şokeedici iddialar daxil olub. İllərdir yüksək nəticələri və nümunəvi nizam-intizamı ilə seçilən məktəbin bu gün yarıtmaz idarəçilik ucbatından anarxiya və zorakılıq mərkəzinə çevrildiyi bildirilir. Mənbənin iddiasına görə, məktəb rəhbərliyinin şagirdlərə qarşı tətbiq etdiyi fiziki şiddət artıq idarəolunmaz həddə çatıb və bir çox insidentlər polisin müdaxiləsi ilə nəticələnib. Daxil olan məlumatda qeyd olunur ki, direktorun təzyiqlərinə dözməyən məktəblilərin etirazları zamanı ciddi vandallıq halları yaşanıb: direktorun döydüyü şagirdlərdən biri qəzəbindən məktəbin həyətindəki şam ağaclarını və elektrik dirəklərini yerindən çıxarıb. Başqa bir halda isə attestat verilməməsi və döyülməsi səbəbindən şagird bir neçə sinif otağının qapısını sındıraraq etirazını bildirib.
Bundan əlavə, məktəbə adı verilən şəhid Nüsrət Məmmədovun xatirəsinə hər il mayın 18-də keçirilən anım tədbirinin son 4 ildə keçirilmədiyi, əvəzində isə anım günündən bir gün sonra direktor və dərs hissə müdirinin özlərinə təntənəli ad günü təşkil etdikləri bildirilir. Müəllimlərdən bu məqsədlə məcburi pul yığıldığı və pulların bölgüsündə narazılıq yarandığı da iddialar arasındadır. Redaksiyamıza daxil olan son məlumata görə, iyun ayının sonunda direktorun yenə bir şagirdə qarşı tətbiq etdiyi fiziki şiddət böyük insidentlə nəticələnib. Döyülən şagirdin qəzəbi nəticəsində məktəb daxilində Ulu Öndər Heydər Əliyevin şəklinin olduğu şərəf lövhəsinin dağıdıldığı, sinif qapılarına vurulan şəhid şəkillərinin qoparılaraq yerə atıldığı bildirilir. Hadisə zamanı dərs hissə müdirinin ölkədə olmadığı qeyd olunur.
Geri qayıt |