Əsas Səhifə > Manşet / Güney Press / Üçüncü sektor > “Pulunu ödədiyim internet paketindən niyə istifadə edə bilmirəm?”

“Pulunu ödədiyim internet paketindən niyə istifadə edə bilmirəm?”


Bu gün, 07:39

“Azercell” abunəçiləri arasında nömrədə aktiv internet paketi olduğu halda, xəttin məhdudlaşdırılması səbəbindən həmin paketdən istifadə edə bilməməklə bağlı narazılıqlar yaranıb.

Redaksiyamıza müraciət edən “Azercell” abunəçilərindən biri bildirib ki, nömrəsində əvvəlcədən internet paketi aktiv olub. Paket üçün ödəniş edildiyinə və paketdə istifadə olunmamış internet qaldığına baxmayaraq, balansında kifayət qədər vəsait olmadığı üçün xəttinin məhdudlaşdırıldığını deyib.

Abunəçinin sözlərinə görə, xətt məhdudlaşdırıldıqdan sonra internet paketinin aktiv görünməsinə baxmayaraq, mobil internetdən istifadə mümkün olmayıb. Nəticədə abunəçi həm xəttinin məhdudlaşdırılması, həm də ödənişini əvvəlcədən etdiyi internet paketindən yararlana bilməməsi ilə üzləşib.

Şikayətçinin bildirdiyinə görə, bu vəziyyət xüsusilə internet paketinin müddəti başa çatmamış baş verdiyi üçün narazılıq yaradıb. Abunəçi hesab edir ki, paket üçün ödəniş edilibsə və paketdə internet trafiki qalıbsa, balansdakı vəsaitin kifayət etməməsi həmin internetdən istifadə imkanına necə təsir göstərməlidir sualı aydınlaşdırılmalıdır.

Məsələ ilə bağlı Ajans.az olaraq “Azercell”ə müraciət edərək abunəçinin qarşılaşdığı problemin hansı hallarda yarandığını, aktiv internet paketi olduğu halda xəttin məhdudlaşdırılmasının paketdən istifadəyə niyə təsir etdiyini və belə vəziyyətlərdə abunəçilərin hansı imkanlara malik olduğunu soruşduq.

Lakin “Azercell” tərəfindən redaksiyamızın ünvanladığı suallara cavab verilməyib.

Abunəçilərin ödədikləri internet paketindən hansı hallarda və hansı səbəbdən istifadə edə bilməməsi ilə bağlı şirkətin mövqeyini dərc etməyə hazırıq.


Geri qayıt