Əsas Səhifə > Manşet / Cəmiyyət > Kəngərlidə 37-ci il AB-HAVASI...

Kəngərlidə 37-ci il AB-HAVASI...


Bu gün, 10:34

Rüşvət qarşılığında su satdığını dediyinə görə Kəngərli rayonunun Şahtaxtı kənd icra nümayəndəsi Səfər Qazıbəyovun sakin Sədaqət Hacıyevanı həbslə hədələdiyi bildirilir. Bu barədə “Gündəlik Naxçıvan”a Hacıyevanın yaxınları məlumat veriblər.
Bundan əvvəl Sədaqət Hacıyeva suvarma suyunun məmurlara məxsus sahələrə yönəldildiyini, özünün isə su tapa bilmədiyi üçün təxminən bir hektarlıq əkin sahəsinin quruduğunu bildirmişdi.
Məsələ ictimailəşdikdən sonra Kəngərli Rayon İcra Hakimiyyəti açıqlama yayaraq Hacıyevanın iddialarını təkzib edib və onun sosial şəbəkələrdə “yalan məlumat” yaydığını bildirib.
İcra Hakimiyyətinin rəsmi açıqlamasında Hacıyevaya bu cür məlumatların məsuliyyət yarada biləcəyi barədə xəbərdarlıq edildiyi də qeyd olunub.
Hacıyevanın yaxınları isə iddia edirlər ki, İcra Hakimiyyətinə verilən məlumatlar həqiqəti əks etdirmir və kənd icra nümayəndəsi Səfər Qazıbəyov məsuliyyətdən yayınmaq üçün özünü yuxarı rəhbərlik qarşısında təmizə çıxarmağa çalışır:
“Şikayətdən sonra Səfər Qazıbəyov onu qorxudub, deyib ki, danışmağa davam etsən, səni həbs etdirərlər. İndi qadın qorxusundan danışa bilmir. Özünü yuxarıların qarşısında təmizə çıxarmaq üçün də yalan məlumat verib ki, guya Sədaqətə 10–20 gündən bir su verilib.
Əgər doğrudan da tez-tez su verilibsə, bəs onun əkin sahəsi niyə susuzluqdan yanıb? Sədaqət niyə gedib başqa sahəni çəkib göndərsin? Videoda göstərdiyi yer elə öz sahəsidir, susuzluqdan quruyan əkini çəkib.
Əslində su hamıya bərabər verilmir. Səfər Qazıbəyov rüşvət aldığı adamların sahələrinə su çatdırılmasını təmin edir. Pulu, arxası olmayan adamların isə əkinləri susuz qalır, yanıb məhv olur. İndi də bütün məsuliyyəti Sədaqətin üstünə atmağa çalışırlar.”

Geri qayıt