Əsas Səhifə > Manşet / Ölkə > "Azəriqaz"ın əsas problemi qaz itkisidir, yoxsa idarəetmə fəlsəfəsi?

"Azəriqaz"ın əsas problemi qaz itkisidir, yoxsa idarəetmə fəlsəfəsi?


Bu gün, 10:54

İyul ayında qəbul olunan təbii qazın həcmi ilə istehlakçılara satılan qaz arasında 25 faizlik fərq var. Bu, sadəcə statistik rəqəm deyil, müəssisənin öz balansında görünən faktdır.
Amma maraqlıdır ki, son iki ildə başqa bir "uğurlu göstərici" də əldə olunub: fəhlələrin sayı ✅25 faiz azaldılıb, mühəndis-texniki heyətin sayı isə ✅25 faiz artırılıb. Sanki müəssisədə yeni bir fizika qanunu kəşf olunub: qaz borulardan yoxa çıxır, ştatlar isə kabinetlərdə peyda olur.Bir tərəfdə itən ✅25 faiz qaz, digər tərəfdə artan ✅25 faiz kabinet personalı... Elə bil rəqəmlər də öz aralarında razılaşıblar: biri balansdan çıxır, o biri ştat cədvəlinə daxil olur.
Əgər məqsəd qaz itkilərini azaltmaq idisə, nəticələr niyə görünmür? Yox, əgər məqsəd koridorlarda mühəndis sıxlığını artırmaq idisə, onda etiraf etmək lazımdır ki, layihə uğurla başa çatdırılıb.
Belə çıxır ki, boruların yükü azalmayıb, amma kabinetlərin yükü xeyli artıb. Qazın hara itdiyi hələ də sual altındadır, amma yeni vəzifələrin hara yerləşdirildiyi artıq heç kimə sirr deyil.
Bəzən elə təəssürat yaranır ki, əsas mübarizə qaz itkisi ilə deyil, boş kabinetlərin qalması ilə aparılır.
İndi isə söz Azəriqazın idarəetmə aparatında son illərdə yaradılan, qaz itkilərinə nəzarət funksiyası daşıyan 40-dan çox şöbənindir.
Görək bu 25 faizlik fərqi necə izah edəcəklər.
Yeganə xahişimiz odur ki, yenə də köhnə bəhanəyə sığınmayın: "sayğaclar işləmir". Çünki hər dəfə "sayğaclar işləmir" arqumenti səslənəndə ölkəyə külli miqdarda müxtəlif markalı yeni sayğaclar gətirilir. Bu isə təkcə problemi həll etmir, eyni zamanda dövlət büdcəsinə milyonlarla manat əlavə yük yaradır.
Əgər problem doğrudan da sayğaclardadırsa, bəs illərdir alınan yeni sayğaclar niyə eyni problemi aradan qaldırmır? Yox əgər problem sayğaclarda deyil, idarəetmədə və nəzarət mexanizmlərindədirsə, onda bunu etiraf etməyin vaxtı çoxdan çatıb.
Çünki rəqəmlər bəhanə qəbul etmir. 25 faiz fərq izah tələb edir.
Material Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT)
sahə üzrə eksperti tərəfindən hazırlanıb - "DİA-AZ"

Geri qayıt