|

Redaksiyamıza Gədəbəy rayon sakinləri tərəfindən şəhərin mərkəzində yaranmış vəziyyətlə bağlı şikayət daxil olub. Müraciətdə bildirilir ki, ölkə ərazisində küçə ticarətinə qadağa qoyulmasına baxmayaraq, Gədəbəy şəhərinin mərkəzi küçələrində qanunsuz küçə ticarəti geniş vüsət alıb.

Sakinlərin sözlərinə görə, problem xüsusilə Heydər Əliyev və Səməd Vurğun küçələrinin kəsişməsində, insanların intensiv hərəkət etdiyi ərazidə müşahidə olunur. İddia edilir ki, piyada səkiləri küçə satıcıları tərəfindən zəbt edildiyindən vətəndaşların rahat hərəkəti çətinləşib, bu isə həm narahatlıq yaradır, həm də təhlükəsizlik baxımından ciddi suallar doğurur.

Şikayətdə qeyd olunur ki, kənd istiqamətlərinə hərəkət edən marşrut avtobuslarının son dayanacağının çıxışı da məhz həmin səkiyə birləşir. Bu səbəbdən hər gün çoxlu sayda qadın, uşaq və kəndlərdən şəhərə gələn gənc qızlar həmin ərazidən istifadə etmək məcburiyyətində qalırlar.

Müraciət müəllifləri gundemxeber.com-a bildirirlər ki, səkinin qanunsuz küçə ticarəti üçün istifadə olunması həmin ərazidə müxtəlif xoşagəlməz halların yaranmasına şərait yaradır. Onların iddiasına görə, burada toplaşan bəzi şəxslər qadınların və gənc qızların rahat hərəkətinə mane olur ki, bu da sakinlərin ciddi narahatlığına səbəb olur.

Sakinlər hesab edirlər ki, mövcud vəziyyətə baxmayaraq, aidiyyəti qurumlar tərəfindən lazımi tədbirlər görülmür. Onlar xüsusilə Gədəbəy Rayon İcra Hakimiyyətinin və digər məsul qurumların məsələyə müdaxilə etməsini, şəhərin mərkəzində qanunsuz küçə ticarətinin qarşısının alınmasını və piyadaların sərbəst hərəkəti üçün şərait yaradılmasını istəyirlər.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. Ümid edirik ki, Gədəbəy Rayon İcra Hakimiyyəti sakinlərin səsləndirdiyi narazılıqlara münasibət bildirəcək və qaldırılan məsələlərlə bağlı ictimaiyyətə ətraflı məlumat verəcək.
Gundemxeber.com





Geri qayıt
|