Əsas Səhifə > Manşet / Üçüncü sektor / Güney Press > “Buta Farm” özünü elə bir CƏNCƏLƏ SALIB Kİ...

“Buta Farm” özünü elə bir CƏNCƏLƏ SALIB Kİ...


Bu gün, 15:41

Dərman vasitələrinin saxlanma qaydalarına riayət olunması əczaçılıq sahəsində fəaliyyət göstərən hər bir şirkət üçün qanunvericiliyin tələbidir. Çünki temperatur rejiminin və saxlanma şəraitinin pozulması dərmanların keyfiyyətinə və təhlükəsizliyinə birbaşa təsir göstərə bilər. Elə bu səbəbdən də dövlət qurumları tərəfindən aparılan yoxlamalar və onların nəticələri ictimai əhəmiyyət daşıyır.

Mediada yayılan rəsmi məlumata görə, dərman firması və apteklər şəbəkəsi olan “Buta Farm” MMC Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən aparılan yoxlama zamanı aşkar edilmiş nöqsanlara görə inzibati məsuliyyətə cəlb olunub.

Yoxlama zamanı şirkətə məxsus aptekdə divar və döşəmənin rütubət səbəbindən yararsız vəziyyətdə olduğu, dərman vasitələrinin normativ tələblərə uyğun olmayan şəraitdə saxlanıldığı müəyyən edilib. İş materiallarında yer alan fotoşəkillərdə isə 8–15 dərəcə temperaturda saxlanılması tələb olunan dərman preparatlarının yerləşdirildiyi otaqda temperaturun 23,2 dərəcə olduğu əks olunub.

Aşkarlanmış faktlar əsasında “Buta Farm” MMC-nin İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsinin tələblərini pozduğu müəyyən edilib. Xətai Rayon Məhkəməsi şirkətin inzibati qaydada cərimələnməsi barədə qərar qəbul edib. Beləliklə, söhbət hər hansı iddiadan deyil, dövlət qurumunun yoxlaması və məhkəmə qərarı ilə təsdiqlənmiş rəsmi faktdan gedir.

Lakin hadisənin diqqət çəkən tərəfi məhkəmə qərarından sonra baş verənlərdir.

Gundemxeber.com-un əldə etdiyi məlumata görə, rəsmi açıqlamanın mediada yayılmasının ardından “Buta Farm” MMC-nin səlahiyyətli şəxsləri müxtəlif xəbər saytlarında dərc olunmuş materialların silinməsinə çalışıblar. Məlumata əsasən, bəzi media orqanlarında xəbərlərin silinməsinə nail olsalar da, Xətai Rayon Məhkəməsinin şirkətin inzibati qaydada cərimələnməsi ilə bağlı qərarını rəsmi məhkəmə informasiya sistemindən sildirmək mümkün olmayıb.

Bu məqam isə bir sıra suallar yaradır. Əgər yayılan məlumatlar həqiqəti əks etdirmirdisə, niyə onların silinməsi üçün belə ciddi cəhdlər göstərilib? Əgər faktlar rəsmi yoxlama aktları və məhkəmə qərarı ilə təsdiqlənibsə, ictimaiyyətə aşkarlanmış nöqsanların aradan qaldırılması barədə məlumat vermək daha doğru addım olmazdımı?

Əczaçılıq sektorunda fəaliyyət göstərən şirkətlər üçün ən vacib məsələlərdən biri ictimai etimaddır. Bu etimad isə xəbərlərin silinməsi ilə deyil, qanunvericiliyin tələblərinə riayət olunması, aşkarlanmış nöqsanların aradan qaldırılması və ictimaiyyət qarşısında şəffaf fəaliyyət göstərilməsi ilə formalaşır.

Qeyd edilməlidir ki, yazıda yer alan cərimə, yoxlama və məhkəmə qərarı ilə bağlı məlumatlar rəsmi açıqlamalara və məhkəmə qərarına əsaslanır. Xəbərlərin silinməsi ilə bağlı hissə isə müəllifə təqdim olunan məlumatı əks etdirir. Bu məsələ ilə bağlı “Buta Farm” MMC-nin mövqeyi təqdim edilərsə, onu da dərc etməyə hazırıq.


Geri qayıt