Əsas Səhifə > Manşet / Ölkə > Evləri söküb yerində sənədsiz iri obyektlər tikirlər
Evləri söküb yerində sənədsiz iri obyektlər tikirlərBu gün, 11:29 |
|
Bakının Yasamal rayonunda qanunsuz tikintilərlə bağlı narahatlıq doğuran iddialar səngimək bilmir. Son aylarda rayonun müxtəlif ərazilərində fərdi yaşayış evlərinin alınıb sökülməsi və onların yerində iri həcmli kommersiya obyektlərinin inşa olunması ilə bağlı məlumatlar daxil olmaqdadır. Bizimesr.com-a daxil olan məlumata görə, belə tikintilərdən biri də Yasamal rayonu ərazisində, "ASAN xidmət" Mərkəzinin yaxınlığında həyata keçirilir. İddialara əsasən, əvvəlcə yol kənarında yerləşən fərdi yaşayış evləri müxtəlif şəxslər tərəfindən alınır, daha sonra həmin tikililər sökülür və onların yerində daha böyük təyinatlı obyektlərin inşasına başlanılır. Mənbələrin sözlərinə görə, bu cür tikintilər ayrı-ayrı hallar deyil və son illər rayonda geniş yayılmağa başlayan bir tendensiyaya çevrilib. Bildirilir ki, yaşayış evi üçün nəzərdə tutulmuş sənədlərdən istifadə edilməklə tamamilə fərqli ölçü və təyinatlı tikililər inşa edilir. Bu isə şəhərsalma normalarına, tikinti qaydalarına və təhlükəsizlik tələblərinə uyğunluq məsələsini gündəmə gətirir. Maraqlıdır ki, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov tez-tez rayon ərazisində keçirdiyi görüşlər, küçələrdə sakinlərlə ünsiyyəti və ərazilərə baxış keçirməsi ilə diqqət çəkir. Rayon rəhbərinin ictimaiyyətlə təmasda olması müsbət qiymətləndirilsə də, sakinlər belə genişmiqyaslı tikinti işlərinin necə diqqətdən kənarda qalması sualını verirlər. Əgər sözügedən tikintilər qanunvericiliyin tələblərinə tam uyğundursa, bununla bağlı müvafiq icazə sənədlərinin ictimaiyyətə açıqlanması hər hansı şübhələri aradan qaldıra bilər. Əks halda isə bu cür tikintilərin hansı əsaslarla aparıldığı, kim tərəfindən nəzarət edildiyi və müvafiq dövlət qurumlarının hansı tədbirləri gördüyü barədə cəmiyyətin məlumatlandırılması vacibdir.
"ASAN xidmət" mərkəzinin yaxınlığında aparılan tikinti üçün bütün qanuni icazələr mövcuddurmu? Məsələ ilə bağlı Yasamal Rayon İcra Hakimiyyətinin, Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumlarının və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mövqeyini öyrənməyə çalışacaq. Bizimesr.com mövzunu diqqətdə saxlayır. Geri qayıt |