Əsas Səhifə > Manşet / Sosial > “ARKOZ” Holdinq Babək sakinlərini BOĞAZA YIĞIB...

“ARKOZ” Holdinq Babək sakinlərini BOĞAZA YIĞIB...


Bu gün, 09:24

Arkoz Holdingin karxana və beton zavodlarına məxsus ağır yük maşınlarının Babək rayonunda yaşayış məhəlləsindən keçməsi sakinlərin həyatını dözülməz hala salıb. Vəziyyət o həddə çatıb ki, bəzi sakinlər evlərini satıb köçmək barədə düşünürlər.
Sakinlərin sözlərinə görə, gecədən səhərə kimi evlərin dibindən keçən yük maşınları onların istirahətinə imkan vermir. Ağır texnikanın yaratdığı səs-küy, toz və titrəyiş səbəbindən insanlar normal yaşaya bilmədiklərini bildirirlər.
Şikayətçilər deyirlər ki, yaşayış sahəsindən kənarda alternativ yol olsa da, maşınlar yolu qısaltmaq üçün məhəllədaxili yollardan istifadə edirlər. Onların iddiasına görə, əvvəllər bu ərazilərdə yük maşınlarının girişini qadağan edən yol nişanları olub, lakin sonradan həmin nişanlar götürülüb:
“Əvvəllər məhəlləmiz asfalt idi, indi isə hər tərəf çala-çuxur, daş və torpaq içindədir. Gecə-gündüz maşınların səsindən və tozundan rahat yaşaya bilmirik. Pəncərələri aça bilmirik. Toz səbəbindən uşaqlar arasında tənəffüs yolu xəstəlikləri artıb. Əkinlərimiz də məhv olub. Ekologiyaya ciddi ziyan vurulur. Bir çox sakin çarəsizlikdən artıq evini satmaq barədə düşünür”.
Sakinlər hesab edirlər ki, dəfələrlə şikayət etmələrinə baxmayaraq, aidiyyəti qurumların və Babək Rayon İcra Hakimiyyətinin bu vəziyyətə göz yumması şirkətlərlə mümkün himayə və rüşvət əlaqələri barədə şübhələr yaradır.
“Gündəlik Naxçıvan”

Geri qayıt