Əsas Səhifə > Manşet / Üçüncü sektor / Güney Press > “ATF” MMC-nin həbs olunan icra başçısı ilə nə əlaqəsi var?
“ATF” MMC-nin həbs olunan icra başçısı ilə nə əlaqəsi var?Bu gün, 16:29 |
|
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) rəhbər dəyişikliyindən sonra bir sıra qaydaların sərtləşəcəyi gözlənilirdi. Tribuna.az xəbər verir ki, buna səbəb keçmiş rəhbər Saleh Məmmədovun işdə ciddi nöqsanlara yol verməsi və tenderlərlə bağlı məsələlərdə külli miqdarda yeyintinin üzə çıxması göstərilirdi. Tribuna.az-ın araşdırmasına görə, müşahidə olunan odur ki, AAYDA-nın yeni rəhbəri Vüsal Nəsirli heç də qaydaları dəyişmək fikrində deyil. Əksinə, o, Saleh Məmmədovun “sevimli” şirkətinə daha yaxşı şərait yaratmağa başlayıb. Söhbət ATF MMC-dən gedir. Vaxtıyla Saleh Məmmədov sayəsində milyonlarla manatlıq tenderlərin qalibi olmuş şirkət, hazırda Qəbələdə yol çəkilişi ilə məşğuldur. Maraqlıdır ki, Qəbələnin özünün Yol İstismarı İdarəsi mövcud olduğu halda işlər məhz ATF MMC-yə həvalə olunub. Qeyd edək ki, ATF MMC-nin adı üç qardaşın baş hərfilərinin birləşməsini ehtiva edir. Belə ki, Təbriz, Azad və Fəxrəddin Muradovların birgə yaratdığı şirkətdir. Əslən Göyçaydan olan üç qardaş uzun zamandır AAYDA-nın əsas partnyorlarından biri hesab olunur. Bu yaxınlarda şirkətdə iki maraqlı hadisə baş verib. Həmin hadisələrdən biri ATF MMC-nin əl dəyişdirməsi ilə bağlıdır. Belə ki, Təbriz Muradov şirkətin qanuni təmsilçiliyindən çıxıb. Onun yerinə isə qardaşı Azad Muradov təyinat alıb. Bu dəyişikliyin niyə və nə üçün edildiyi məlum deyil. Güman ki, uzun zamandır rəhbərlik edən Təbriz Muradovun adının mediada daha çox hallanmasıdır. İkinci hadisə isə Göyçayda yerləşən 17 saylı Yol İstismar İdarəsinin müdiri Rəşad Kərimovu işdən çıxarılması və onun yerinə “ATF” MMC-nin təsisçilərindən olan Təbriz Muradovun oğlu Tehran Muradovun təyin olunmasıdır. Qeyd edək ki, Tehran Muradov iş başına keçdikdən sonra tabeliyində olan bütün texnikanı ATF MMC-nin sərəncamına verib. Hətta bəzi məlumatlara görə, Göyçayda yolların çəkilməsi zamanı texnika tapılmayıb və bu səbəbdən də bəzi işlərin axsadığı qeyd edilir. Onu da diqqətinizə çatdıraq ki, açıq mənbələrdə “ATF” MMC-nin təsisçisi Fəxrəddin Muradov Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilərək məhkəmə qərarı ilə həbs olunub. Rəhbərlikdə isə onu qardaşları Azad və Təbriz Muradovlar əvəzləyib. Buna baxmayaraq, Saleh Məmmədovun agentliyi şirkətlə “işləməyə”, “ATF” də qurumun tenderlərinin rəqibsiz qalibi olmaqda davam edib. Bildirək ki, Qəbələ ilə yanaşı, hal-hazırda işğaldan azad olunmuş bir neçə rayonda da yeni yolların salınmasını həyata keçirən ATF MMC-də güclü ixtisarların aparıldığı müşahidə olunur . Şirkət əməkdaşlarının verdiyi məlumata görə, son zamanlar təqribən 150-yə yaxın işçi ixtisara salınıb. Bundan başqa, işçilərin maaşları da azaldılıb. Belə ki, əvvəllər kənar rayonlarda çalışan işçilərə gündəlik 45-50 AZN yazılırdısa, indi bu məbləğ 35-30 manata salınıb. Bu zavodun daxilində çalışan əməkdaşların məvacibində də müşahidə olunur ( 30 AZN-dən 25-ə endirilib). İşcilər şirkətin əksər əməkdaşlarla əmək müqaviləsinin olmadığını, bu yolla vergidən yayınlandığını bildirirlər. Şərtlərin çətinliyi, müqavilənin olmaması, maaşların azaldılması səbəbindən əksər texnika sürücüləri işləməkdən imtina edirlər. İddiaya görə Kəlbəcər ərazisində aparılan işlər bu səbəbdən ləngiyib. Amma bütün bunların fonunda ATF MMC ilə bağlı maraqlı bir başqa da iddia var. Tribuna.az xəbər verir ki, bəzi mənbələr ATF MMC rəhbərliyinin Balakənin sabiq icra başçısı İslam Rzayevlə çox yaxın əlaqələrə malik olub. Həmin məlumatlara görə, bir müddət əvvəl həbs olunan İslam Rzayev Balakəndəki tenderlərin böyük əksəriyyətinin sözügdən şirkətə məqsədli şəkildə verirmiş. Araşdırmamız zamanı məlum olub ki, ötən il ATF MMC təkcə Balakən rayonunda 6 tenderin qalibi olub. Bu tenderlər üzrə satınalma müqavilələrin ümumi maliyyə dəyəri isə 2 milyon 933 min 656 manat 45 qəpik təşkil edib. Güman edilir ki, həbs olunan icra başçısı İslam Rzayevlə bağlı cinayət işində bu şübhəli tenderlərin də məsələləri araşdırılacaq. Və ATF MMC ilə həbs olunan icra başçısının hansı maraqdan dolayı əməkdaşlıq etdiklərinə aydınlıq gətiriləcək. Geri qayıt |